Təhsil (30-10-2018, 10:01)
BSU nəzdində MLK Qubada konfrans keçirdi
27-28 oktyabr 2018-ci il tarixdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin təhsildə inkişaf və innovasiyalar qrant müsabiqəsi çərçivəsində BSU nəzdində Məktəb-lisey kompleksi tərəfindən həyata keçirilən “Təlim rus dilində aparılan siniflərdə və məktəblərdə çalışan fənn müəllimləri üçün ixtisasartırma tədbirlərinin təşkili” üzrə növbəti tədbir – “Təlim rus dilində aparılan Azərbaycan məktəblərində tədrisin aktual problemləri” adlı elmi-praktik konfrans Qubada baş tutub.
Konfransda məruzəçi kimi Bakı Slavyan Universitetində, Azərbaycan Dövlət Pedaqoji Universitetində və Bakı Dövlət Universitetində təhsil ixtisasları üzrə mütəxəssis hazırlığına cavabdeh olan müvafiq kafedraların və şöbələrinin nümayəndələri, Azərbaycan Respublikası Təhsil Nazirliyinin birbaşa tabeçiliyində olan lisey və məktəblərin, eləcə də Bakı şəhərinin bir sıra məktəblərindən 35 nəfər fənn müəllimi iştirak edib. Qubanın “Cənnət bağı” İstirahət Kompleksində təşkil olunan konfransa həm də rayonun 6 nəfər fənn müəllimi qatılıb.
Açılışda BSU nəzdində Məktəb-lisey kompleksinin direktoru, filologiya üzrə fəlsəfə doktoru, dosent İlahə Carçıyeva iştirakçıları salamlayaraq cari ilin iyun ayından start verilən və Təhsil Nazirliyinin maddi dəstəyi ilə reallaşmaqda olan ixtisasartırma tədbirlərinin əhəmiyyətini vurğulayıb, tədbirlərin icra cədvəlinə uyğun görülən və noyabr ayının sonunadək görüləcək işlər barədə geniş məlumat verib. İlahə Carçıyeva bu layihəyə gənc müəllimlərin, müəllimlərin işə qəbuluna hazırlaşan məzunların cəlb olunmasına xüsusi diqqət yetirildiyini, tədbirlər planına uyğun kompleksin bazasında Yay məktəbinin, metodiki seminarların keçirildiyini qeyd edib.
Layihə rəhbəri professor Telman Cəfərov plenar iclasdakı çıxışların rus dilində təlimin ümimi məsələlərini əhatə etdiyini bildirib və bölmələr üzrə mövzuları elan edib. O, məktəbdə, rersurslardan istifadə prosesində humanitar və texniki-təbiət fənlərini inteqrativ şəkildə təqdim və tədris etməyin vacibliyini söyləyib. Layihə rəhbəri bu gün Azərbaycanda yaranmış təhsil situasiyasının
özünəməxsusluğunu, məktəbin artıq yeni təhsil modellərinə doğru irəlilədiyini və konseptual dəyişiklik və yanaşmaların qaçılmazlığını, respublikamızda bilinqval və multilinqval təhsilin perspektivlərini xüsusi olaraq vurğulayıb.
Konfrans öz işini iki bölmədə davam etdirib. Bölmələrə Bakı Slavyan Universitetinin kafedra müdirləri dosentlər Əsgər Əhməd, Ramazan Eyyubov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti Oqtay Həsənov, Bakı şəhər 164 saylı tam orta məktəbin tarix müəllimi Səbinə Şahmalıyeva rəhbərlik edib.
Layihənin növbəti mərhələsinin noyabrın 12-17 tarixlərində keçirilməsi və ixtisasartırma tədbirlərinin xarici mütəxəssislərin iştirakı ilə davam etdirilməsi nəzərdə tutulub.