Cəmiyyət (8-09-2015, 17:39)
"WhatsApp"a görə törədilən cinayətin məhkəməsi başladı
Bakı Ağır Cinayətlər Məhkəməsində "WhatsApp"da mübahisə etdiklərinə görə sinif yoldaşını bıçaqlayan 1998-ci il təvəllüdlü Rövşən Şahmarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Mediatv.az-ın verdiyi xəbərə görə, hakim Tamella Nəsrullayevanın sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası keçirilib.
Bu ilin aprelin 21-də Nizami rayonunda yerləşən 238 saylı məktəbin şagirdi Rövşən Şahmarov sinif yoldaşı Elvin Muradova 18 bıçaq zərbəsi vurub. "WhatsApp"da söhbət zamanı bir-birini təhqir edən sinif yoldaşları görüşmək qərarına gəliblər.
Mübahisəyə aydınlıq gətirmək istəyən Rövşən Şahmarov NZS qəsəbəsindən gecə saat 1 radələrində Elvinin yaşadığı Qara Qarayev küçəsi, 29 ünvanına gəlib. Orada da Elvini bıçaqlayıb. Yaralını 3 saylı xəstəxanaya çatdırmaqla həyatını xilas etmək mümkün olub.
Cinayət Məcəlləsinin 29.1 və 120.1-ci maddələri ilə təqsirləndirilən Rövşən Şahmarovun anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin növbəti iclası sentyabrın 11-nə təyin edilib.