Sosial (Bu gün, 19:10)
“Caspian Prodakşn Layn”ın şorları: Təbii adı altında kimyəvi tərkib-FOTOLAR
“Caspian Prodakşn Layn” MMC-nin bazara çıxardığı şor məhsullarının tərkibində zərərli qida əlavələrinin olduğu məlum olub.
Sözügedən müəssisənin hazırda bazarda müxtəlif adda ağartı məhsulları satılır.
Apardığımız kiçik araşdırma zamanı müəssisənin şor məhsullarının tərkibində zərərli qida əlavələrinin olduğu məlum oldu. Həmçinin qida mütəxəssislərinin fikrincə, bu məhsulların tərkibi heç də təbii hesab edilmir.
Belə ki, məhsulun etiketində göstərilən tərkibə əsasən, “Caspian Prodakşn Layn” MMC-nin Qonaqkənd Şor və Şor Lavanda məhsullarının tərkibində palma yağı var. Bu yağın zərərləri barədə isə ictimaiyyət kifayət qədər məlumatlıdır.
Şor Lavanda məhsulunun tərkibində həmçinin quru süddən də istifadə edilib ki, qida mütəxəssisləri təbii şor üçün bunun heç də məsləhətli qatqı olmadığını bildirirlər.
Hər iki şor məhsulunun tərkibində zərərli qida əlavəsi hesab edilən E509 maddəsi də mövcuddur.
E509 – kalsium xloriddir. Qida sənayesində əsasən bərkidici, stabilizator və turşuluq tənzimləyicisi kimi istifadə olunur.
E509 maddəsi orqanizmdə mədə-bağırsaq problemləri yarada bilər. Bu maddənin həddindən artıq qəbulu mədə yanması, ürəkbulanma, qarın ağrısı və ishal kimi fəsadlara səbəb olur.
Böyrək xəstələri üçün E509 tərkibli məhsullar xüsusilə tövsiyə edilmir.
Tərkibinə görə bu şor məhsulları uşaqlar üçün də riskli hesab olunur. Çünki uşaq orqanizmi kimyəvi qida əlavələrinə qarşı daha həssasdır.
Həmçinin bu maddə məhsulda “təbii məhsul” görüntüsü yaradır, onun daha bərk və “keyfiyyətli” görünməsinə səbəb olur.
Bu isə istehlakçını çaşdıra bilər. Əslində isə bu cür məhsullar təbii deyil, kimyəvi müdaxilə yolu ilə formalaşdırılır.
Məhz buna görə də qida mütəxəssisləri bu tərkibli məhsulları gündəlik istifadə üçün uyğun hesab etmirlər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.Tribuna.az






























