Mediatv.az xəbər verir ki, mətbuatla nadir hallarda ünsiyyət quran Əkbər Hacıyev virtualaz.org saytının əməkdaşının sualına cavab olaraq bildirib ki, Ermənistanla sərhəd Şınıx bölgəsinin 20-yə yaxın kəndinin sakinləri boş yerə təbii qaza ümid etməsinlər. Çünki bu kəndlər qazlaşdırılmayacaq.
Əkbər Hacıyev həmin bölgədə 2010-cu ildə prezident İlham Əliyevin göstərişi ilə başlayan qazlaşdırma işlərinin cəmi 3 kəndlə yekunlaşdırılmasını əsaslandırmağa çalışaraq deyib ki, qalan 20-yə yaxın kənd “sıldırım dağlıq ərazilərdə” yerləşir, orada texnikanın işləməsi mümkün deyil. Üstəlik bu kəndlərin hərəsində 10-20 ev var və belə kiçik kəndləri qazlaşdırmaq “heç inkişaf etmiş Avropa təcrübəsində” də yoxdur.
“Azəriqaz” rəhbərinin qaz təsərrüfatından baş çıxarmadığı çoxdan məlum idi. O, 1993-cü ildə Sankt-Peterburqda qaz təsərrüfatına dəxli olmayan hansısa institutu bitirib, rəsmi bioqrafiyasında deyildiyi kimi, əmək fəaliyyətinə düz 11 il sonra - 2004-cü ildən “Məişət Maye-Qaz” Açıq Tipli Səhmdar Cəmiyyətində başlayıb və sürətlə ölkənin qaz təsərüfatına başçılıq edəcək qədər karyera yüksəlişinə nail olub.
Lakin indi onun bəyanatı göstərir ki, Əkbər Hacıyevin heç Azərbaycanın bölgələrinin relyefi, coğrafi xəritəsi və əhalisinin yerləşməsi barədə də yetərli anlayışları yoxdur. Əks halda o, Ermənistanla sərhəddə, düşmənlə təmas xətti boyu yerləşən 20-yə yaxın kənddə “texnikanın işləməsinin qeyri-mümkün olmadığını, hər kənddə cəmi 10-20 ailə qaldığını” deməklə kimin dəyirmanına su tökür? Bəlkə sərhədin o tayındakı düşmənin? Ölkənin strateji və hərbi baxımdan olduqca mühüm əhəmiyyətə malik bölgəsinin kəndlərinin texnikanın işləməsinə imkan verməyəcək dərəcədə çətin şəraitə malik olduğunu bəyan etməklə və bu bölgədə az qala əhali yaşamadığını deməklə cənab Hacıyev düşməni ruhlandırmır ki?
Üstəlik Bakıdakı dəbdəbəli kabinetindən və çoxsaylı villalarından çıxan, nadir hallarda ölkənin bölgələrinə baş çəkib bərbad hala salınmış qaz təsərrüfatı ilə maraqlanan Əkbər Hacıyev bilməli idi ki, həmin bölgədə relyef qətiyyən onun təsvir etdiyi kimi keçilməz deyil.
Düşmən işğalından azad edilmiş Başkənddən sonra Kiçik Qafqaz dağ silsiləsinin ətəklərində yerləşən Şınıx kəndlərinə prezident İlham Əliyevin verdiyi sərəncam və ayırdığı vəsait hesabına asfalt yol çəkilib. Uzunluğu 56 kilometr olan, onlarla yaşayış məntəqəsini birləşdirən Gədəbəy-Novosaratovka-Qaravəllər yolunun açılışını 2013-cü ildə İlham Əliyev bu rayona səfəri zamanı edib. Və həmin yolla nəinki istənilən texnika, o cümlədən Əkbər Hacıyevin xidməti “Mercedes S-Class”ı da maneəsiz hərəkət edə bilər.
Və Azərbaycanın coğrafi xəritəsinə nəzər salmaq kifayətdir ki, bölgənin qazlaşdırılmayan 20-yə yaxın kəndinin relyef baxımından qazlaşdırılan 3 kəndindən qətiyyən fərqlənmədiyinə əmin olasan.
Digər tərəfdən, bu kəndlərin hərəsində cəmi 10-20 evin olduğuna dair Əkbər Hacıyevin dediklərinin həqiqətdən nə qədər uzaq olduğunu görmək üçün Şınıx bölgəsinə getməyə də ehtiyac yoxdur. Bunun üçün Azərbaycanın inzibati-ərazi vahidləri barədə rəsmi dövlət orqanlarının məlumatlarına nəzər salmaq kifayət edər.
Yaxud Əkbər Hacıyevə bölgənin coğrafi şəraitinin “keçilməz” olmadığını Müdafiə Nazirliyində də başa sala bilərlər. Çünki müdafiə naziri Zakir Həsənov nadir hallarda kabinetindən çıxıb səngərdəki əsgərlərə baş çəkən Səfər Əbiyevdən fərqli olaraq bu bölgəyə müntəzəm səfər edir. Özü də kəndlərinə yox, dəniz səviyyəsindən minlərlə metr yüksəklikdə yerləşən döyüş postlarına baş çəkir.
Nazirin əmri ilə Azərbaycan ordusunun bölgənin Ermənistanla 120 km uzunluğundakı sərhədi boyu yerləşən bütün postlarına texnikanın hərəkəti üçün yollar çəkilib, kazarmalar tamamilə yenidən qurulub.
Virtualaz.org saytı məhz qazsızlıq ucbatından ağır şəraitdə yaşayan bu sərhəd bölgəsinin sakinlərinin müxtəlif instansiyalara, SOCAR rəhbərliyinə, prezidentə ünvanladıqları müraciətlər barədə əvvəllər də yazıb.
Xatırladırıq ki, bölgə əhalisinin uzun illərdir yanacaq kimi odundan istifadə etməsi nəticəsində Şınıx meşələri tamamilə tükənmək üzrədir. Bu isə bölgəni ekoloji fəlakət və kütləvi miqrasiya təhlükəsi ilə üz-üzə qoyub. Hazırda bölgənin hər biri onlarla, hətta yüzlərlə evdən ibarət olan kəndlərinin arasında, Əkbər Hacıyevin dediyi kimi, “cəmi 10-20 ailə yaşayan” kənd bəlkə də tapmaq olar. Ancaq “Azəriqaz” prezidenti tamamilə əmin ola bilər ki, coğrafi şəraitin və relyefin buna heç bir təsiri olmayıb. Həmin kəndlər məhz yanacağın olmaması ucbatından boşalır.
2010-cu ildə prezidentin göstərişi ilə Şınıx bölgəsinə 40 kilometrdən çox uzunluğunda əsas qaz boru xətti çəkilib. Hazırda həmin əsas boru xətti bölgənin qazsız qalan kəndlərinin cəmi 3-4 kilometrliyində yerləşir və bu kəndlərin kiçik diametrli borularla qazlaşdırılması böyük vəsait tələb etməməklə yanaşı texniki baxımdan da heç bir çətinlik törətmir.
Əkbər Hacıyev bu bəyanatı ilə nəinki Şınıx bölgəsində qazlaşdırma işlərinin yarımçıq atılmasına bəraət qazandıra bilmir, eyni zamanda tabe olduğu SOCAR şirkətinin imicini də zədələmiş olur.
Niyə? Bu sualın sadə izahı var. SOCAR ötən 10 ildə milli neft-qaz şirkətindən beynəlxalq enerji bazarının ciddi oyunçusuna çevrilib. Şirkət qonşu Gürcüstanda Azərbaycan qazı hesabına ən mürəkkəb relyefə malik, hətta texnikanın hərəkəti üçün ümumiyyətlə yol olmayan dağ kəndlərində vertolyotlardan da istifadə etməklə uğurlu qazlaşdırma işləri aparır.
İndi isə Əkbər Hacıyev deyir ki, SOCAR-ın tərkibinə daxil olan “Azəriqaz”ın Azərbaycanın yol-infrastruktur baxımından heç bir problemi olmayan bölgəsində qazlaşdırma işlərini aparmaq üçün texniki imkanları yoxdur.
Prezident İlham Əliyev bölgələrdə qazlaşdırma işlərinin həddən artıq zəif getdiyini bir neçə dəfə irad tutub. Prezident bir müddət əvvəl Nazirlər Kabinetinin iclasındakı çıxışında hər ay cəmi 1-2 kəndə qaz çəkildiyinə dair məlumatlar aldığını və bunun “dözülməz olduğunu” bildirmişdi.
Bu il avqustun 11-də isə prezident Cəlilabada səfəri zamanı ölkənin bu mərkəzi rayonunda qazlaşdırmanın cəmi 40 faiz təşkil etdiyini deyərək bunun “çox aşağı səviyyə” olduğunu vurğulayıb. Prezident SOCAR-a, “Azəriqaz”a qazlaşdırmanı sürətləndirmək barədə tapşırıq veriləcəyini bildirib.
Lakin “Azəriqaz” rəhbərliyinin qazlaşdırmanı ləng aparmaqla yanaşı bu məsələdə izaholunmaz ayrı-seçkliyə yol verməsi təkcə Şınıx bölgəsi ilə yekunlaşmır.
Elə dünən redaksiyamıza Qusar rayonunun Gican-oba kəndindən daxil olan müraciətdən məlum olur ki, bu bölgədə də analoji vəziyyət hökm sürür.
Belə ki, 2014-cü ildə Qusar Rayon İcra Hakimiyyətinin “Azəriqaz”la birlikdə tərtib etdiyi smeta layihəsində ilkin olaraq Şirvanovka, İmamqulukəndoba, Hiloba, Yasaboba, Gicanoba və Quxuroba kəndlərinin qazlaşdırılması planlaşdırılıb. Hazırda həmin istiqamətdə qazçəkmə işləri başlayıb. Ancaq qaz Hiloba, Yasaboba, Düztahiroba, Əniğoba və Gicanobadan yan keçərək təkcə Quxuroba kəndinə çəkilir. Qaz kəməri qazsız qalan kəndlərin cəmi bir neçə yüz metrliyindən keçsə də sakinlər bu ayrı-seçkiliyin səbəbini və məntiqini anlaya bilmirlər, prezidentdən kömək istəyirlər.
Əkbər Hacıyevin başçılıq etdiyi strukturda hökm sürən təsərrüfatsızlıq, korrupsiya və vəsaitlərin talan edilməsi barədə mətbuatda çoxsaylı faktlara rast gəlmək olar.
Baxmayaraq ki, prezident İlham Əliyev ölkənin elektrik enerjisi, içməli su və qaz təsərrüfatının yenidən qurulmasını illər əvvəl qəti vəzifə kimi müəyyən etmişdi. O vaxtdan bu yana paytaxtın elektrik enerjisi və içməli su təsərrüfatı demək olar ki, yenilənib, itkilər aradan qaldırılıb.
Ancaq ölkənin qaz təsərrüfatının yenidən qurulmasına milyardlarla manat vəsaitin yönəldilməsinə baxmayaraq “Azəriqaz” ildə az qala 1 milyard kubmetr qazın “itkiyə getdiyinə” dair hesabat verir. Rəsmi statistik rəqəmlərə görə, təkcə 2013-cü ildə “Azəriqaz”da qaz itkisi 7,2 faiz (təxminən 890 milyon kubmetr) təşkil edirdi. Əslində isə itkilərin miqdarının daha yüksək - ildə 1-1,2 milyard kubmetr olduğu təxmin edilir.
Lakin itkilərin “Azəriqaz”ın rəsmən təsdiq etdiyi kimi, 7-8 faiz arasında olduğu qəbul edilsə belə bu, dəhşətli dərəcədə yüksək rəqəmdir. Hansı ki, bu həcmdə qaz Ermənistan kimi kiçik və zəif inkişaf etmiş ölkənin qaza tələbatının az qala yarısını, Albaniyanın isə tələbatının hamısını təşkil edir.
Yaxud təxmini hesablamalara görə, Əkbər Hacıyevin itki kimi rəsmiləşdirdiyi qazın təxminən 0,2 faizi Şınıx bölgəsinin əhalisinin qaza olan illik tələbatını ödəmək üçün tamamilə kifayətdir...
Görünür, Əkbər Hacıyevdən “Azəriqaz”da bu cür bərbad menecmentin səbəblərini soruşmağın vaxtı çoxdan çatıb. Hazırda “Azəriqaz” əhaliyə qazı əvvəllər olduğu kimi maya dəyərindən ucuz satmır və əhaliyə qaz satışından daxil olan vəsaitlər düzgün idarə edilərsə, dövlət büdcəsindən əlavə vəsait almadan qazlaşdırma işlərini də həyata keçirməyə bəs edər.
Deməli, qazlaşdırma işlərinin ləng getməsinin səbəblərini məhz ölkənin qaz təsərrüfatındakı bərbad idarəçilikdə axtarmaq lazımdır.
P.S. Mövzuya qayıdacağıq.
Virtualaz.org