Gündəm / Slayd (11-03-2015, 16:25)
Nazir 400 milyon avroluq sövdələşməyə görə narazılığını açıqladı
Azərbaycan Yunanıstanın qaz nəqli sistemi operatoru DESFA şirkətinin səhmlərinin üçdə ikisinin SOCAR tərəfindən alınmasına dair razılaşmanın Avropa İttifaqının komissiyası tərəfindən bu qədər ləng araşdırılmasından narahatdır
Bu haqda energetika naziri Natiq Əliyev Brüsseldə mənzillənmiş EurAktiv portalına açıqlamasında bildirib.
“Bizə maraqlıdır ki, Avropa Komissiyası nəyə görə bu razılaşmanın Avropa İttifaqının antiinhisar normalarına cavab verib-vermədiyini bu cür uzun müddət araşdırır”- deyə N.Əliyev bildirib.
SOCAR DESFA-nın səhmlərinin üçdə ikisinin 400 milyon avroya alınmasına dair müqaviləni 2013-cü ilin yayında imzalayıb. Bu sövdələşmə Cənub Qaz Dəhlizində Azərbaycan şirkətinə əlavə üstünlüklər vəd edir. Lakin ötən ilin noyabrında Aİ-nin antiinhisar direktorluğu bu sövdələşmənin nə dərəcədə qanunauyğun olduğunu araşdırmağa başlayıb.
Aİ-nin Üçüncü enerji paketinə görə təchizatçı şirkətlərin eyni zamanda qaz nəqli sisteminə nəzarət etməsinə yol verilmir. Məsələyə baxılması aprel ayına təxirə salınıb.
EurAktiv xəbər verir ki, nazir Natiq Əliyev bu sövdələşmə ətrafında vəziyyəti araşdırmaq üçün Brüsselə səfər edib və martın 10-da Aİ-nin energetika məsələləri üzrə yüksək rəsmisi Maroş Şevçoviçlə danışıqlar aparıb. Danışıqlar zamanı Əliyev ölkəsinin narahatlığını və narazılığını çatdırıb.
Nazir izah edib ki, Azərbaycan bu sövdələşmədə heç bir maraqlar toqquşmasının mövcud olmadığına əmindir. Çünki Yunanıstan ərazisindən TAP kəməri ilə qaz nəql edəcək şirkət SOCAR yox, “Şahdəniz” konsorsiumu olacaq. SOCAR isə bu konsorsiumda cəmi 16.6 faiz, TAP kəmərində isə 20 faiz paya malikdir.
“Bildiyiniz kimi Azərbaycan hazırda “Şahdəniz”də cəmi 16.6 faizlik paya malikdir. Ona görə də biz hesab etmirik ki, Azərbaycan Yunanıstan ərazisində həm qaz təchizatçısı, həm paylayıcısı, həm də bu qazın mülkiyyətçisi olacaq. Mən ümid edirəm ki, Avropa Komissiyası bunu nəzərə alacaq”- deyə N.Əliyev bildirib.
Nazir həmçinin Azərbaycan prezidenti İlham Əliyevin martın 3-də Bolqarıstana səfəri zamanı bu ölkənin baş naziri Boyko Borisovla apardığı danışıqları və “Nabucco” qaz kəməri layihəsinin bərpasına dair səslənən bəyanatları şərh edib. Əliyev bildirib ki, Azərbaycan Avropaya qaz nəqli məsələsində Rusiya ilə rəqabətə girmir. Rusiya “Türk axını” kəməri ilə Avropaya ildə 63 milyard kubmetr qaz nəqli planlaşdırır. Azərbaycanın cari planı isə ancaq bundan ibarətdir ki, Aİ ölkələrinə ildə 10 milyard kubmetr qaz nəql etsin. Lakin nazir Azərbaycanın 2.7 trilyon kubmetrə yaxın qaz ehtiyatlarının olduğunu da xatırladıb.
Nazirin sözlərinə görə, gələcək layihələr bu dəhlizlə əlavə qaz nəqlinə imkan verəcək, ancaq nəql marşrutu “Nabucco”dan çox fərqlənəcək. Əliyev Bolqarıstanda aparılan danışıqlarda Azərbaycanın Yunanıstan-Bolqarıstan qaz kəmərləri sistemini birləşdirən kəmərdə paya sahib olması imkanı əldə edərsə bu ölkəyə daha çox qaz nəql etmək imkanlarının olmasından da danışıldığını deyib. Azərbaycan Bolqarıstana əvvəl razılaşdırıldığı kimi 1 milyard kubmetr deyil, daha çox qaz verə bilər.
“Biz həmçinin Azərbaycanın Bolqarıstanın qaz anbarlarının tutumunun genişləndirilməsi layihəsində iştirak imkanlarını, ölkənin kimya müəssisələrinin qazlaşdırılmasını və modernizasiyasını da müzakirə etmişik”-Əliyev bildirib.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024