Təhsil (29-10-2018, 13:40)
BSU səfirlərin görüşünə ev sahibliyi edəcək
29 oktyabr tarixində Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos Kanellosu qəbul edib. Görüş zamanı N.Əliyeva BSU-nun xarici ölkələrlə əlaqələrinin genişlənməsindən, universitetdə fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzlərinin iş planlarından, tələbə-müəllim mübadilələrindən və s. danışıb. BSU rektoru universitetin Yunanıstan Respublikası ilə münasibətlərinin getdikcə dərinləşdiyini və bu məsələdə cənab səfir Nikolaos Kanellosun xüsusi rol oynadığını vurğulayıb. N.Əliyeva yunan səfirinin öz simasında iki mühüm cəhəti – bir rəssam olaraq yaradıcı insana məxsus keyfiyyətləri və sülh, barış çarçısı olan elçi xüsusiyyətlərini birləşdirdiyini vurğulayıb. O, səfirin BSU-ya xüsusi diqqətini, universitetdə təşkil olunan tədbirlərdə fəal iştirakını yüksək qiymətləndirib. BSU-da ötən ilin dekabrın 8-də yunan səfirinin vasitəçiliyilə keçirilən səfirlərin görüşünü minnətdarlıq hissi ilə yada salan rektor yenə də birlikdə tədbirlər keçirməyə hazır olduqlarını bildirib.
Sonra BSU rektoru bu günlərdə öz işini başa çatdırmış VI Bakı Beynəlxalq Humanitar Forumun ortaya qoyduğu vəzifələrin reallaşması istiqamətində BSU-da “Modern dünya, modern insan” mövzusunda geniş formatlı bir tədbir keçirməyi təklif edib. O, universitetin belə bir tədbirə ev sahibliyi etməyə, onun bütün təşkilati məsələlərini həll etməyə hazır olduğunu bildirib. N.Əliyeva belə tədbirlərin tələbələrin dünyagörüşünə, beynəlxalq aləmdə gedən proseslər barədə aydın təsəvvürə malik olmalarına, onların müasir dünya tələbləri ruhunda formalaşmasına müsbət təsir edəcəyini bildirib.
Səmimi qəbula görə təşəkkürünü bildirən Yunanıstan Respublikasının səfiri Nikolaos Kanellos BSU rektorunun təklifini dəstəkləyərək tədbirin canlı dialoq şəklində aparılmasının tərəfdarı olduğunu vurğulayıb. O, tədbirdə təhsil, müasir siyasət, onun cəmiyyətlərə təsiri mövzularının müzakirəsinin gənclər üçün əhəmiyyətli ola biləcəyini deyib. Nikolaos Kanellos belə bir tədbirdə Azərbaycanda fəaliyyət göstərən səfirlərin iştirakını təmin etmək üçün vasitəçilik missiyasını yerinə yetirməyə hazır olduğunu bildirib.
Görüşün sonunda qərara alınıb ki, tədbirin 27 noyabr - 3 dekabr tarixləri arasında keçirilməsi müəyyən olunsun. Görüşün təşkili ilə bağlı digər məsələlər beynəlxalq məsələlər üzrə prorektor, professor Sahibə Qafarovaya həvalə edilib