Təhsil (11-05-2018, 10:47)
21 saylı uşaq musiqi məktəbində Ulu Öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Leopold və Mstislav Rastropoviçlər adına 21 saylı uşaq musiqi məktəbində ulu öndər Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının müavini İradə Mahmudova bildirdi ki, ümummilli liderin şah əsəri olan Azərbaycan onun ideyaları əsasında günbəgün möhkəmlənir, inkişaf edir, beynəlxalq münasibətlər sistemində yeri və rolunu artırır, bir sözlə, Cənubi Qafqazın parlayan ulduzu kimi tanınaraq, inkişafın Azərbaycan modelinin mövcudluğunu dünyaya nümayiş etdirir. Heydər Əliyev siyasətinin təntənəsi kimi dəyərləndirilən bu uğurlar dahi şəxsiyyətə sevgi və ehtiramın böyüklüyündə öz təsdiqini tapır. Ulu öndərin 95-ci ildönümünün yüksək əhval-ruhiyyədə keçirilməsi də bu sevgi və ehtiramdan qaynaqlanır. İ.Mahmudova bildirdi ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətinin, xalqının qarşısındakı xidmətlərinin miqyası genişdir, arxada qalan hər il bu xidmətlərdə yeni-yeni məqamların açıqlanmasına yardımçı olur. Məhz bu fonda dahi şəxsiyyət Heydər Əliyevin bu fikirlərini bir daha xatırlatmaq istərdik: «Nə qədər ki Azərbaycan var, mən də varam. Mən isə Azərbaycanda əbədi olacağam!
Tədbirdə çıxış edən Milli Məclisin üzvü Hikmət Məmmədov bildirmişdir ki, son 15 ildə Heydər Əliyev siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi Azərbaycanın daha möhtəşəm uğurlara imza atmasını şərtləndirir. Bu gün ölkəmiz iqtisadi, siyasi, humanitar mərkəzə çevrilərək dövlətlər, xalqlar arasında körpü roluna yeni-yeni əlavələr edir. Cənab İlham Əliyevin qeyd etdiyi kimi, bugünkü Azərbaycan ümummilli lider heydər Əliyevin görmək istədiyi Azərbaycandır. O Azərbaycan ki, dinamik iqtisadi inkişafı, demokratiya təcrübəsi ilə digər dövlətlərə nümunədir. Ən əsası beynəlxalq aləmdə inkişafın Azərbaycan modelindən geniş bəhs olunur və təqdir edilir. Bir sözlə, Azərbaycan Heydər Əliyev yolu ilə və bu yolun uğurları davamlıdır.
Çıxışlardan sonra ulu öndər Heydər Əliyevin həyat yolunu əks etdirən slaydlar nümayiş etdirildi.
Ümummilli lider Heydər Əliyevin 95-illiyi münasibəti ilə istedadları ilə seçilən şagirdlər Rayon İcra Hakimiyyətinin Fəxri Fərmanları təltif edilib hədiyyələrlə mükafatladırıldılar.
Tədbir bədii proqramla davam etdi. Şagirdlərin ifasında şeirlər səsləndirdi, konsert proqramı dinlənildi.