İnşaat sektorunun nəhəng şirkətlərindən olan "Az Texnika LTD" MMC məcburi auditdən yayındığına görə cərimələnib.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Firuzə Kərimovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir.
Qeyd edək ki, 2007-ci ildə yaradılan "Az Texnika MMC" nəqliyyat, inşaat, yol tikintisi, qida və qablaşdırma və xidmət sektorları üzrə dünya miqyasında aparıcı şirkətlərin (Astec, Bosch, Clark, CORIMA, Dieci, ISUZU, John Deere, Mack, Mammut, Michelin, Palfinger, Renault, SKF, Total, Volvo) Azərbaycandakı eksklüziv təmsilçisi kimi fəaliyyət göstərir. Şirkətin hazırda qanuni təmsilçisi Bağırov Vahid Əli oğludur. Vaxtilə isə şirkətə İran əsilli tanınmış iş adamı Məniçöhr Əhədpur rəhbərlik edib. Məniçöhr Əhədpurun adı mətbuatda fövqəladə hallar naziri Kəmaləddin Heydərovun yaxın adamı kimi təqdim edilib.
Məlumat üçün onu da bildirək ki, ötən ilin məhz bu günündə - oktyabrın 18-də "Aztexnika LTD" MMC Əhədpur Xangah Mənuçehr Əliyə qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.