Sağlamlıq (29-04-2015, 15:13)
Ağız və üz-çənə cərrahı hansı xəstəlikləri müalicə edir?
Ağız və üz-çənə cərrahı hansı xəstəlikləri müalicə edir?
Ağız və üz-çənə cərrahiyyəsi üz-çənə nahiyəsinin iltihabi proseslərinin,
travmatik zədələnmələrinin, andangəlmə və qazanılma qüsur və
deformasiyalarının, xoş və bədxassəli yeni törəmələrinin etologiyasını,
patogenezini, müalicə və diaqnostikasını öyrənən, cərrahiyyənin mühüm
sahəsidir.
Ağız və üz-çənə cərrahiyyəsi şöbəsində aparılan əməliyyatları təcili və
planlı olmaqla iki qrupda birləşdirmək olar. Təcili əməliyyatlara
üz-çənə və boyun nahiyəsinin odontogen (diş mənşəli) və qeyri-odontogen
iltihabi proseslərinin müalicəsini, üz-çənə nahiyəsinin yumşaq və sərt
toxumalarının travmatik zədələnmələrinin, üz skeleti sümüklərinin
sınıqlarının operativ müalicəsini aid etmək olar.
Planlı əməliyyatlardan isə ağız, diş cərrahiyyəsini və dental
impantasiya kimi əməliyyatları, tüpürcək vəzilərinin xəstəliklərinin
cərrahi müalicəsini, gicgah-çənə oynağı xəstəliklərinin müalicəsini,
anadangəlmə dodaq və damaq yarıqlarının bərpasını, diş-çənə sistemi
anomaliyalarında aparılan ortognatik əməliyyatları (çənənin önə və
arxaya çəkilməsi), üz-çənə nahiyəsinin plastik və rekonstruktiv
əməliyyatlarını, üz-çənə və boyun nahiyəsinin yumşaq və sərt
toxumalarının xoş və bəd xassəli şişlərinin cərrahi müalicəsini özündə
birləşdirir.
Son dövrlərdə üz-çənə cərrahiyyəsində ən son nailiyyətlərinin –
mikrocərrahiyyənin, sümük distraksiyasının, lazer
stereolitoqrafiyasının, vitrual modelləşdirmə və digər metodların
tətbiqi uğurla həyata keçırılməkdədir.
ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə şöbəsinin müdiri,
Məhəmməd Davudov
Üz-çənə və baş-boyun cərrahı