Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

İqtisadiyyat (26-02-2015, 14:57)
Manatın devalvasiyası: Bahalaşmanı necə dayandırmalı..

Uzunmüddətli sabitlikdən sonra manatın dollar qarşısında birdən-birə 33 faiz ucuzlaşması milli valyutaların devalvasiyaya məruz qaldığı digər ölkələrdə olduğu kimi Azərbaycanda da kəskin inflyasiya riski yaradıb

 

Mərkəzi Bank manatın devalvasiyasını elan edən kimi ölkədə bahalaşma ajiotajı yarandı və ərzaq mağazaları və apteklərdən tutmuş avtomobil satışı salonlarına qədər hər kəs satdığı əmtəənin qiymətini öz bildiyi kimi artırmağa başladı.
Bu bahalaşmanın spekulyativ mahiyyət daşıdığı tamamilə aydın idi. Çünki söhbət hələ dolların köhnə kursu ilə alınmış mallardan gedirdi və bu malları tələm-tələsik bahalaşdırmağın heç bir iqtisadi əsasları yox idi.
Lakin devalvasiya həm də cürbəcür möhtəkirlərin və asan yolla varlanmaq üçün fürsət gözləyənlərin dövrüdür. Belələri fürsəti əldən buraxmaq istəmədilər və köhnə məzənnə ilə aldıqları malların qiymətlərini nəinki təzə məzənnəyə uyğunlaşdırdılar, üstəlik bir sonrakı devalvasiya riskini də nəzərə alıb bəzi hallarda qiyməti ikiqat qaldırdılar.
Əsl soyuq duş: 700 manatlıq soyuducu 1300 manata! 
Məsələn, devalvasiyadan əvvəl 700 manata satılan soyuducunun qiymətini birdən-birə 1300 manata qaldıranlar tapıldı. Ən zəruri ərzaq mallarının, o cümlədən unun və çörəyin qiymətini kəskin artıranlar da oldu. Xüsusən regionlarda unun qiymətində, - baxmayaraq ki, tamamilə yerli istehsaldır,- 30-40 faizlik artım qeydə alındı.
Bu kəskin bahalaşma dalğasını prezident İlham Əliyevin fevralın 24-də Mingəçevirdə etdiyi çıxış qismən dayandırıb. Prezident fürsətdən istifadə edərək qiymətləri əsassız şəkildə qaldıranlara sərt xəbərdarlıq etdi və belələrinin öz cəzalarını alacaqlarını bəyan etdi. Çünki ölkə iqtisadiyyatında kifayət qədər həssas mərhələnin başladığı bir vaxtda möhtəkirlik kifayət qədər təhlükəli əməldir, iqtisadi sabotaja bərabərdir. Belə görünür ki, hüquq-mühafizə orqanları, vergi orqanları indi belələrini təqib etməyə başlayacaq.
Lakin digər tərəfdən, devalvasiya və inflyasiya bir-biri ilə bağlı olan iqtisadi proseslərdir. Milli valyutanın dəyərdən düşməsinin ardınca inflyasiyanın başlaması qaçılmazdır və bunun həm mənfi, həm də müsbət tərəfləri var. Çünki xaricdən dollarla alınıb gətirilən malların bahalaşması yerli istehsalı stimullaşdırır.
Digər tərəfdən, devalvasiya yerli istehsala xarici bazarlara daha rəqabətədavamlı qiymətlərlə malların ixracı üçün imkanlar açır. Bir şərtlə ki, devalvasiya və inflyasiya xaotik prosesə çevrilməsin. Əks halda iqtisadiyyatın böhrana yuvarlanması qaçılmaz olardı.
Rusiyada hökumət tələsmir, bizdə isə...
Məsələn, Rusiyada hazırda inflyasiya ikirəqəmlidir və hökumət qiymətlərin artmasının qarşısını almaq üçün radikal addımlar atmağa tələsmir. Hökumətin taktikası belədir ki, qiymətlərin artımını dayandırmağın ən münasib yolu əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsini gözləməkdir. Yəni daha aşağı qiymət üçün daha az xərcləmək, daha az yemək lazım gələcək.
Eyni zamanda hökumət sosial ödəmələrin və büdcədən maliyyələşən strukturların işçilərinin əmək haqlarının inflyasiyaya uyğun indekasasiyasından imtina etməyə hazırlaşır. Çünki sosial ödəmələrin və maaşların indekasiyası əlavə istehlak, əlavə tələbat, o cümlədən dollarla idxal edilən mallara əlavə tələbat yaradacaq. Bu isə inflyasiyanı daha da artıracaq.
Bəs Azərbaycan hökuməti hansı taktikanı seçəcək? 
Hələlik sosial ödəmələrin və büdcə təşkilatlarında maaşların indeksasiyasına dair rəsmi bəyanatlar yoxdur. Bəzi deputatların manatın devalvasiyasını kompensasiya etmək üçün maaşları və pensiyaları artırmaq barədə populist çağırışları istisna olmaqla...
Hərçənd belələri nəzərə almırlar ki, maaşların və pensiyaların devalvasiya səviyyəsində birdən-birə artımı tamamilə ağlasığmazdır. Belə olarsa, büdcə xərcləri kəskin artar və növbəti kəskin devalvasiya, onun bərabərində isə yeni inflyasiya dalğası qaçılmaz olardı.
Bu baxımdan hökumətin sosial ödəmələri və maaşları il ərzində ciddi ölçülərdə artıracağı gözlənilmir, üstəlik bu mümkün də deyil. Dünya bazarlarında neftin qiyməti büdcədə göstərilmiş qiymətdən 30 dollar aşağıdır. Büdcə gəlirlərinin əsas hissəsinin məhz neft hesabına formalaşdığı bir vaxtda xərcləri artırmaq böhrana yuvarlanmaqdan başqa heç nəyə yaramazdı. Deməli, ən azından yaxın perspektiv üçün əhali indiki gəlirləri ilə yaşamağa öyrəşməli olacaq.
Bəs necə etmək olar ki, əhalinin manatın devalvasiyası nəticəsində avtomatik olaraq azalmış gəlirləri bir tərəfdən də yüksək inflyasiya qarşısında əriməsin?
İqtisadi nəzəriyyədə inflyasiyanı yavaşıtmaq üçün sınaqdan keçirilmiş bir neçə metod var. Bu metodların ən qeyri-populyar olanı əhalinin gəlirlərini təzyiq altında saxlamaqdır. Yəni hökumət maaşları və sosial ödəmələri artırmaqdan imtina edir, nəticədə əhalinin alıcılıq qabiliyyəti aşağı düşür. Bu isə qiymətlərin aşağı düşməsinə təsir göstərir.
Ən geniş yayılmış metod isə Mərkəzi Bank tərəfindən faiz dərəcələrinin artırılmasıdır. Azərbaycan Mərkəzi Bankı hələlik faiz dərəcələrini artırmaq barədə qərar verməyib. Keçmiş sovet respublikalarında ən peşəkar baş bankirlərdən hesab olunan, dördrəqəmli inflyasiyanın hökm sürdüyü dövrlərdə belə vəziyyətdən çıxış yolu tapıb təkrəqəmli inflyasiyaya qədər gəlib çıxa bilən Elman Rüstəmovun faiz dərəcələrinin artırılması barədə nə planlaşdırdığı hələ məlum deyil.
Bununla belə Əmanətlərin Sığortalanması Fondu banklardakı qorunan əmanətlər üzrə faiz dərəcəsini 9-dan 12-yə qaldırıb. Fond bunun əhalinin əmanətlərinin qorunması məqsədi ilə edildiyini bildirsə də bu addımın kredit faizlərinin artmasını stimullaşdıracağı gözlənilir. Ardınca isə Mərkəzi Bankın faiz dərəcələrini artırmasını gözləmək olar.
Lakin nəzərə alaq ki, Rusiya nümunəsində bu addım da kömək etməyib. Rusiya Mərkəzi Bankı faiz dərəcələrini qaldırandan sonra əhali arasında panika daha da artdı. Çünki rublun kəskin dəyərdən düşdüyü dekabr ayında əhali bütün ehtiyat pullarını soyuduculara, avtomobillərə, televizorlara və s.  xərclədi. Ona görə də faiz dərəcələrinin artması gözlənilən nəticəni vermədi - inflyasiya yüksək tələbat şəraitində daha da sürət yığdı.
Digər metod isə manatın kursunun daha da aşağı düşməməsinə yol verməmək üçün Mərkəzi Bank tərəfindən milli valyutanın dəstəklənməsi ola bilərdi və bu, xaricdən idxal olunan malların bahalaşmasını dayandırmağa imkan verərdi.
Əgər dollar ajiotajı səngiməsə, necə? 
Mərkəzi Bank manatın kursunu hələlik sərbəst buraxmayıb, manatın dollar və avroya nisbətdə kursunun yuxarı həddini müəyyən edib. Milli valyutanın indiki məzənnədə saxlanılması da şübhəsiz ki, Mərkəzi Bankın rezervlərinin bir hissəsinin xərclənməsi hesabına başa gələcək. Əgər valyuta bazarında ajiotaj səngiməsə və manatın indiki məzənnəsinin saxlanılması Mərkəzi Bankın valyuta ehtiyatlarının kəskin azalması hesabına baş versə, bu, iqisadi baxımdan uzaqgörən siyasət olmazdı.
Ona görə də əgər dollar ajiotajı daha da böyüsə, mümkündür ki, Mərkəzi Bank kursu yenidən aşağı salsın.
Rusiyada məhz belə oldu və Mərkəzi Bank rublun kursunu faktiki olaraq sərbəst buraxdı, yəni milli valyutanın dollar və avroya nisbətdə məzənnəsi üçün yuxarı hədd müəyyən etmədi. Yalnız zəruri hallarda bazara müdaxilə edəcəyini bəyan etdi və nəticədə rubl iki dəfədən çox dəyərdən düşdü. Buna baxmayaraq valyuta bazarındakı təlatümlərdən sonra rublun sürətlə ucuzlaşması dövrü də arxada qaldı.
Nəhayət, inflyasiyanı yavaşıtmaq üçün ən mürəkkəb metod - qiymətlərin inzibati rıçaqlar hesabına nizamlanmasıdır.
Hökumət qiymətləri inzibati rıçaqlarla tənzimləyə və əsaslandırılmamış şəkildə qiymət artımı edənlərə qarşı cəza tədbirləri görə bilər. Prezident İlham Əliyevin çıxışından belə nəticəyə gəlmək olar ki, Azərbaycan hökuməti də inflyasiyanı cilovlamaq üçün sonuncu metodu seçib. Ən azından yaxın perspektiv üçün...
Lakin bu metodun reallaşması üçün ixtisaslaşmış və effektiv monitorinq strukturu tələb olunur. İndiki halda bu funksiyanı İqtisadi İnkişaf Nazirliyi nəzdindəki Antiinhisar Komitəsi daşımalıdır. Bəs bu srukturun öz işinin öhdəsindən gələcəyinə təminat varmı?
Belə görünür ki, yox. Azərbaycanda hələ manatın kursunun tam sabit qaldığı dövrlərdə də dəfələrlə əsaslandırılmamış bahalaşma dalğaları yaşanıb. Bu zaman Antiinhisar Komitəsinin həyata keçirdiyi monitorinqlərin və gördüyü cəza tədbirlərinin heç bir effekti olmurdu. Əksər hallarda qiymətlərin əsaslandırılmamış şəkildə artımının qarşısını almaq üçün həyata keçirilən monitorinqlər ancaq görüntü xarakteri daşıyırdı. Yaxud monitorinqi keçirənlərlə bazarda qiyməti diqtə edənlər öz aralarında başqa üsullarla anlaşırdı və məsələ bitirdi.
İndi qiymət artımının total xarakter aldığı bir vaxtda bu komitənin monitorinqləri kifayət edəcəkmi? Komitənin əlində inhisarçılara təsir göstərmək üçün yetərli rıçaqlar varmı?
Bu sualların cavabı çox keçmədən aydın olacaq. Ancaq belə görünür ki, hökumət fürsətdən istifadə edib daha çox qazanc əldə etməyə çalışanlara qarşı həm də hüquq-mühafizə orqanlarını işə salır. Artıq Baş Prokurorluq dollar ajiotajı yarananda əhalidən dolları Mərkəzi Bankın müəyyən etdiyi məzənnədən xeyli aşağı alan bir neçə valyutadəyişmə məntəqəsinin sahiblərinin həbsi barədə məlumat yayıb.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024