Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Slayd / Təhsil / Aktual (Dünən, 21:00)
Təhsil sistemində idarəetmə işinə qeyri-professionalların irəli çəkilməsi təhlükəli tendensiyadır – Getməli olanlar kimlərdir

 
Vaxtilə Almaniya kansleri Bismark göstərirdi ki, pis qanunlarla dövləti yenə bir təhər idarə etmək olar, ancaq pis məmurlar olarsa, onda heç bir qanun kömək etməz. Ona görə də dövlət qulluğunun əsas cəhətlərindən biri yüksək keyfiyyətli və mütəşəkkil dövlət qulluqçuları kontingentinin olmasıdır. Çünki cəmiyyətin idarə olunması funksiyalarını həyata keçirən dövlət qulluqçuları dövlətlə xalq arasında mühüm vəsilə olaraq ölkə rəhbərliyinin siyasi xəttini ardıcıl həyata keçirməkdə yaxından iştirak edirlər.
Bütün bunlar cəmiyyətdə sosial ədaləti və cəmiyyət üzvlərinin layiqli həyat tərzini təmin etmək, demokratik təsisatları inkişaf etdirmək, elmin, mədəniyyətin və təhsilin səviyyəsini yüksəltmək üçün dövlət qulluqçuları qarşısında geniş imkanlar açmışdır. Burada dövlət qulluqçusunun təkcə peşəkarlıq xüsusiyyətləri deyil, onun şəxsi keyfiyyətləri, vətəndaş mövqeyi, vətənpərvərliyi və etik davranışı da mühüm rol oynayır. Ümumiyyətlə, dövlət qulluğu təkcə geniş səlahiyyətlər deyil, eyni zamanda cəmiyyətdə gedən proseslərin idarə olunması və cəmiyyətin inkişafı üçün məsuliyyət deməkdir. Bu işdə çalışanlardan rəhbərlik etdiyi sahəni dərindən bilmələri əsas şərtlərdən biri olmaqla yanaşı, xalqın problemlərini və qayğılarını öyrənmək, onların həlli yollarını axtarıb tapmaq tələb olunur. Ona görə də bütün dünyada dövlət qulluğu xüsusi nüfuza malikdir.
Azərbaycan cəmiyyətində  vəziyyət heç də ürəkaçan deyil. Xüsusilə də ölkənin həyatında strateji əhəmiyyət daşıyan, xalqın gələcəyinə mühüm təsiri olan taleyüklü sahə olan elm və təhsil sistemində.
Təhsil həyatda sabitliyi təmin edir və bu heç kimin sizdən ala bilməyəcəyi bir şeydir. Yaxşı təhsilli olmaqla və ali təhsil dərəcəsinə sahib olmaqla daha yaxşı karyera imkanları şansınızı artırır və özünüz üçün yeni qapılar açırsınız. Sabitlikdən əlavə təhsil, xüsusən də müasir cəmiyyətdə maliyyə təhlükəsizliyini təmin edir.
Lakin reallıq bundan ibarətdir ki, təhsilin idarə olunması ilə vəzifələndirilmiş strukturlara pedaqogikadan başı çıxmayan, bir saat da olsun məktəbdə dərs deməyən şəxslər rəhbər postlara təyin olunurlar. Mənfi nəticə də ortadadır: Bu gün orta məktəblərdə müəllim şagirdə dərs keçmir, evinə repetisiyaya dəvət edir. Ali məktəbləri bitirən gənclər isə ixtisası üzrə işə düzələ, məşğulluqlarını təmin edə bilmirlər. Elmimizin nailiyyətləri yox dərəcəsindədir. Bu tendensiyalar respublikamızın perspektivi üçün təhlükəlidir. Azərbaycan dünyanın qabaqcıl elmi-texniki tərəqqisi ilə ayaqlaşmır. Elə bilirik, Azərbaycanın elm məbədi sayılan AMEA-ya indi dövlətə xəyanətdə ittiham olunan Ramiz Mehdiyevin rəhbərlik etdiyini xatırlatmaq yetər.
Məlum olduğu kimi, bir neçə gün əvvəl Elm və Təhsil Nazirliyinə tabe olan iki qurumun rəhbəri öz ərizəsi ilə işdən çıxıb. Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov və Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov tutduqları vəzifədən azad edilib.
Xatırladaq ki, hər iki şəxs uzun müddət Elm və Təhsil Nazirliyi sistemində fəaliyyət göstərib. Onların eyni gündə vəzifədən getməsi ictimaiyyətdə müzakirələr yaradıb. Hətta yeni istefaların ola biləcəyi deyilir.
Aşağıdakı siyahıda vəzifəsi ilə savadı, ixtisası təzad təşkil edən mühüm post rəhbərlərini Mediatv.az olaraq təqdim edirik. Həmin şəxslərdən təhsilin inkişafına xidmətdən başqa hər şeyi gözləmək olar. Hər şey sırasında isə ən cazibədar olanı isə korrupsiyadır.
  

Eşqi Bağırov
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin rəhbəri. 
Eşqi Bağırovun vəzifədən gedəcəyi ilə bağlı iddialar səslənir. Məlumata görə, artıq bir müddətdir ki, E.Bağırov işə də çıxmır. Faktiki Azərbaycanda məktəb və bağçalara nəzarət edən bir nömrəli agentliyin rəhbərinin hansı səbəbdən vəzifə başında olmaması, işindən uzaqlaşdırılması maraq doğurur.
Eşqi Ələkbər oğlu Bağırov 1990-cı illərdə dünyaya gəlib. 2006–2010-cu illərdə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat təhsili alıb.
2014-cü ildə Elm və Təhsil Nazirliyində İnsan Resursları Şöbəsində məsləhətçi kimi fəaliyyətə başlayıb. 2016–2017-ci illərdə Sektor müdiri və şöbə müdirinin müavini, 2018-ci ildə İnsan Resursları Şöbəsinin müdiri vəzifələrində işləyib.
2019–2021-ci illərdə Dövlət İdarəçilik Akademiyası – Dövlət və Bələdiyyə İdarəetməsi ixtisası üzrə magistratura təhsili alıb.Eşqi Bağırov 2010-cu ildə Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisasını bitirməsinə baxmayaraq 2014-ci ilə kimi heç bir yerdə işləməyib.Məntiqcə savadlı hüquqşünas imtahan verib ən azı vəkil bürosunda  vəkil kimi fəaliyyət göstərə bilərdi.4 ilə (2014-218) Təhsil nazirliyi kimi dövlət təşkilatında bakalavriat təhsillə mühüm posta sahiblənmək özündə müəyyən maraqlar doğurur.
  
Sənan Mənsimli
Qarabağ Regional Təhsil İdarəsinin müdiri.
 Sənan Mənsimlinin 2009-2013ci illər ərzində təhsil aldığı Azərbaycan Texnologiya Universiteti tərəfindən verilən diplomun şəkili sosial şəbəkələrdə yayılıb. diplomdan da göründüyü kimi onun ixtisası nə "İdarəetmə"yə nədə ki, "Təhsilə" aiddir. O, Azərbaycan Texnologiya Universitetinin Telekommunikasiya fakultəsinin Rabitə qovşaqları və Kommutasiya sistemləri ixtisası üzrə bakalavriat təhsili alıb.
 
Həmçinin qeyd edib ki, Sənan Mənsimli 1987-ci ildə Biləsuvar şəhərində anadan olub. S.Mənsimli bu təyinata qədər Təhsil Nazirliyinin 13 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin rəisi olub.
2022-ci ildə isə Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin olunub.Sosial şəbəkələrdə yayılan məlumata görə S.Mənsimli Emin Əmrullayevin yaxın dostudur.O nazirin dostu olduğu üçün bu vəzifəyə sahiblənə bilib.
  


Arslan Haciyev
Əvvəllər “Azərşəkər” şirkətində satış meneceri vəzifəsində çalışıb. Sonradan Qazax-Tovuz Regional Təhsil İdarəsinə rəhbər təyin olunub. 2024-cü ilin noyabr ayından isə Eşqi Bağırovun əmri ilə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsinə gətirilib.
Məlumatlarda qeyd olunur ki, MÜTDA direktorunun kadrı hesab olunmayan, təhsildən tamamilə uzaq (pesok satan kliçkalı) Arslan Hacıyev Agentlikdə ancaq intriqa yaradır, layiqli kadrları sıxışdırır, iş bilən adamlara mane olur, öz adamlarını müxtəlif vəzifələrə təyin etdirmək üçün təzyiq göstərir və yersiz iddiaları naminə dəridən-qabıqdan çıxır. İnternet üzərindən araşdırma apararkən Arslan Hacıyevin hansı universiteti bitirməsi,bakalavriat və ya magister təhsilli olması barədə heç bir məlumata rast gəlmədik.
 
 

Nərminə Hüseynova
Hüseynova Nərminə Arif qızı 1988-ci ildə Bakı şəhərində anadan olub. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetini Beynəlxalq münasibətlər ixtisası üzrə bitirərək bakalavr, 2010-2011-ci illərdə Böyük Britaniyanın Nottinqem Universitetini Dövlət idarəçiliyi ixtisası üzrə bitirərək magistr elmi dərəcəsini alıb.Dövrü mətbuatda  Nərminə Hüseynova haqqında yayılan məlumatda bildirilir:"Nərminə Hüseynova Agentliyin rəhbərliyini aşkarca saymır, adi iclas və müzakirələrə qoşulmur, digər region idarə müdirləri üçün pis nümunə göstərir. Ən üzdə olan məktəblərin, yaxşı müəllimlərin Bakıda cəmləşməsinə rəğmən Nərminə Hüseynovanın iki illik rəhbərliyi zamanında etdiyi yeniliklər və qazandığı “cahanşümul uğurlar” bunlardan ibarətdir:
1) Nazirlikdən gətirdiyi xidməti avtomobilini son model xidməti maşınla dəyişmək (Bu qədər baha maşın puluna bir məktəbi təmir etmək olardı. Müasir xidməti maşın ola-ola yenisini aldırmaq həm də dövlət vəsaitinin göyə sovrulmasıdır. Xidməti maşın da bütün günü şəxsi məqsədlər, ailə üzvləri üçün istifadə olunur).
2) Bir neçə rəfiqəsi, yaxın qohumu, vasitəçilik edən direktorlar və əlaltıları vasitəsilə maraqlı (!) təyinatlar etmək.
3) Külli miqdarda dövlət vəsaiti ayrılmış internat məktəblərinə göydəndüşmə direktorlar yerləşdirmək.
4) İdarədə müəssisə rəhbərlərindən bahalı hədiyyələr toplamaq (sürücüsünün və köməkçisinin tez-tez xidməti maşına qucaq dolusu hədiyyələr daşımasına dair kamera qeydləri əl-əl gəzir).
5) Fotoqraf ərinə iki bahalı-lüks maşın almaq.
6) İdarənin iki müavinini, beş şöbə müdirini kənarlaşdıraraq yerinə təhsili bilməyən, idarəetmə təcrübəsi olmayan öz adamlarını təyin etmək (iş bilməyənlərin, hər əmrini sözsüz yerinə yetirənlərin yanında özünü rahat hiss edir, ona görə yaxın ətrafına gələcək “təmizləmə” planlarını da açıqlayıb).
7) Qoyduğu şərtləri yerinə yetirməyən məktəb direktorlarını, direktor müavinlərini, bağça müdirlərini əmək qanunvericiliyinə zidd olaraq işdən qovmaq (Buna görə də qəzəbə tuş gələnlərin böyük hissəsi məhkəmə qərarı ilə işə bərpa edilir, onminlərlə manat dövlət vəsaiti təzminat kimi onlara ödənilir, büdcə vəsaiti havaya sovrulur).
8) Əmək Müfəttişliyinə rekord həcmdə cərimə ödəmək (səhv əmrlərə görə iki ildə şəxsən 30 min manata yaxın müxtəlif cərimələri hansı vəsait hesabına ödəməsi digər yazının mövzusudur).
9) Rus sektoruna seçim zamanı müsahibə komissiyasının mənfi cavab verdiyi uşaqların bir çoxunu mübhəm şəxsi rəyi ilə müvəffəq etmək (İndiki zamanda bu, şəxsi maraqların təmin olunmasından və rus dilinə şübhəli təəssübkeşlikdən başqa bir şey deyil. Hamı bilir ki, Nərminə Hüseynova “ruskoyazıçnı” London törəməsidir).
Məktəb yeməkxanalarının və idman zallarının icarəyə verilməsindən rəsmi və müqavilədən kənar (!) ödənişlər üzrə ikili mühasibatlıq yaratmaq (Qaydalara görə məktəblərin ehtiyacı üçün sərf olunmalı bu vəsaiti müavini Anarın vasitəsilə bildiyi kimi xərcləyir, heç bir açıq hesabat vermir).
10) Bakıda məktəbli-bağçalı 800-ə yaxın təhsil müəssisəsinin fəaliyyətini iflic hala salmaq (İkivəzifəli xanım bir dəfə olsun təhsilə, tədrisə həsr olunmuş müzakirə keçirməyib. Bakı üzrə son sentyabr konfransında çıxışını isə bir əməkdaşın alayarımçıq, pedaqoji əsası olmayan hesabatı üzərində qurub. Direktorlar həsrətlə gözləsə də, heç bir perspektiv proqram açıqlamayıb, fəaliyyət istiqamətləri göstərməyib. Bunlar Bakı Təhsil İdarəsi direktorunun fəaliyyətinin kiçik xarakterik ştrixləridir. Otağında və bahalı restoranlarda rəfiq və rəfiqələri ilə qurduğu məclislərdə danışılanlar, hətta Agentlik, Nazirlik və sistemin əvvəlki rəhbərlikləri haqqındakı müzakirələri Nərminə Hüseynovanın iddialarının geniş üfüqlərə yayıldığını göstərir.
İxtisası beynəlxalq əlaqələr olan xanım müdirin təhsilə aid bir çıxışını izləyən, oxuyan olmayıb. Bakı Təhsil İdarəsindən bütün peşəkarları pərən-pərən salıb".
  


Anar Qədiməliyev
1982-ci ildə Gəncə şəhərində anadan olub.
1999-2003-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində  Mühasibat uçotu və Audit ixtisası üzrə bakalavr, 2003-2005-ci illərdə həmin ixtisas üzrə magistr təhsilini alıb. Gəncə Şəhər İcra Hakimiyyəti başçısının 20 iyul 2020-ci il tarixli əmri ilə Gəncə Şəhər Təhsil İdarəsinin müdiri, Azərbaycan Respublikası təhsil nazirinin 29 aprel 2022-ci tarixli əmrinə əsasən Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib.
30 oktyabr 2024-cü il tarixindən Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi direktorunun əmri ilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini vəzifəsinə təyin olunub.
Milli Məclisin sabiq deputatı Etibar Əliyev mətbuata deputat olan zaman bildirib ki, Anar Qədiməliyev heç vaxt sinif otağında olmayıb və pedaqogikadan təsəvvürü yoxdur: “O, məktəbi, məzmununu bilmir və müəllimlərlə kobud danışır və izah edə bilmir ki, nə üçün ora təyin olunub. Məktəbləri dağıtmaq, korrupsiyanı genişləndirmək, öz adamlarını məktəblərə təyin etmək, yaxşı məktəb direktorlarını məktəblərdən uzaqlaşdırmaq və s. kimi işlər üçün təyin olunub. Ümumiyyətlə, bunlar bir qrupdurlar. Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, millət vəkiliyəm. Nazirlikdən onu ora təyin edən adam da demir ki, nə üçün təyin edib? Onun hansı keyfiyyəti Gəncə təhsilinə, o böyük əraziyə uyğundur? Bu şəxs pedaqoji məzmunla heç bir təsəvvürü olmayan adamdır. O indi nə istəsə, deyə bilər. Ancaq bu adam aqranomdur! Gəncədə Dövlət Aqrar Universitetdə təhsil alıb. İki illik Amerikada proqram keçməklə adamı Gəncədə təhsil şöbəsinin müdri təyin edirlər? Bu, absurddur! Ayıbdır! Azərbaycan cəmiyyətini belə ələ salmaq olmaz. Deyir ki, guya Məhəbbət Vəliyevanı tanımır. Halbuki ona təyinatı məhz Məhəbbət Vəliyeva verib. Bunu camaat, xalq bilir. XXI əsrdə informasiya cəmiyyəti mövcud olan bir dövrdə insanları aldatmaq olmaz. Öz-özünə desin ki, axı bura uyğun deyiləm. Ancaq adamın əxlaqı çatmır ki, özü-özünə ora layiq olmadığını desin. Onu ora təyin edən adam da bu sualı özünə vermir… Axı burada məqsəd nədən ibarətdir?!”
 
 
Ramin Abasov
1994-1998-ci illərdə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunda “Dövlət və bələdiyyə idarəetməsi” üzrə bakalavr, 1998-2000-ci illərdə Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında İnzibati idarəetmə fakültəsində magistratura təhsili alıb.
O, 2003-2020-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində metodist, məsləhətçi, aparıcı məsləhətçi vəzifələrində çalışıb. 2020-2022-ci illərdə Sumqayıt Şəhər Təhsil Şöbəsində rəhbər müavini olaraq fəaliyyət göstərib.
Qeyd edək ki, Abasov Ramin 2022-ci ildən bu təyinata qədər Abşeron-Xızı Regional Təhsil İdarəsində müdir müavini olaraq fəaliyyət göstərib.
  

 
Coşqun Əliyev
Dörd yüzdən artıq təhsil müəssisəsini özündə birləşdirən Quba-Xaçmaz Regional Təhsil İdarəsinin yeni müdiri Coşqun Əliyev təhsil sisteminin rəhbərliyinə kənardan gələn, nağıllarda deyildiyi kimi "hazırca kökə tapan" məmurlardandır.
Adı uzun illərdir ölkə mətbuatında müxtəlif qalmaqallarda, korrupsiya hadisələrinə çəkilib.
Coşqun Əliyevin atası Vidadi Əliyev uzun illər Bakı şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfat Departamentində rəis müavini işləyib.Coşqun Əliyev sonradan Bakı Şəhər icra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən Xüsusi Təyinatlı Avtonəqliyyat İdarəsinin rəisi vəzifəsinə təyin edilib.
O, bu idarədə çalışarkən Bakı şəhər İcra başçısı Eldar Əzizovun şərikliyi ilə şəhər ərazisində olan parkinqləri ələ keçirib.
Həmin illər ərzində Coşqun Əliyevin rəhbərlik etdiyi İdarə Bakı küçələrindəki parkinqlərdən milyonlarla manat gəlir əldə ediblər. Lakin bu gəlirlərin hamısı dövlət büdcəsindən yayındırılıb.
Sonradan parkinq işini Bakı şəhər icra hakimiyyətindən alınaraq Bakı Nəqliyyat Agentliyinə verilməsi Coşqun Əliyevi və onun himayədarlarını bu sahədən uzaqlaşmağa məcbur etdi.Küçədən pul yığmaq kimi təcrübəsi olan bir şəxsin böyük bir regionun təhsil sisteminə rəhbər gətirilməsi isə dövlət başçsının təhsil sistemində apardığı siyasətə ciddi zərbə vurmaqdır.
Bir gün də olsun pedoqoji fəaliyyəti olmaya, pedaqogikanın nə olduğunu bilməyən, həyatı yalnız pul yığmaqdan və saymaqdan ibarət olan bir şəxsin belə bir strateji vəzifəyə təyin edilməsinin əsl səbəbi görəsən nədir?
 
 
Gündüz Əbdülov
Azərbaycan Milli Müdafiə Universitetinin rektoru
2022-ci il aprelin 29-da təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Gündüz Əbdülov, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayon təhsil şöbələrinin əsasında yaradılmış Qarabağ Regional Təhsil İdarəsinə müdir vəzifəsinə təyin edilib.
2023-cü ilin oktyabr ayında Elm və təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə o, Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
2024-cü il yanvarın 12-də Azərbaycan Milli Müdafiə Universitetinin rektoru təyin olunub.
Qarabağ Regional Təhsil İdarəsinin müdiri olmuş Gündüz Əbdülov isə hərbçi-polkovnikdir. Təhsilə heç bir bağlılığı olmamaqla yanaşı fəaliyyəti birmənalı qarşılanmayan TƏBİB-də aparat rəhbəri vəzifəsi isə təhsil sisteminə gələnə kimi son iş yeri olub.
***
Təhsil eksperti, dosent İlham Əhmədov mətbuata açıqlamasında qeyd edib ki, bir gündə 2 yüksək vəzifəli təhsil məmurunun öz ərizəsi ilə vəzifədən azad edilməsi sıradan bir hadisə deyil: "Son 20-25 ildə Təhsil Nazirliyinin tarixində eyni gündə 2 vəzifəli təhsil məmurunun öz ərizəsi ilə işdən azad edilməsi hadisəsi olmamışdı. Görünür, onların ciddi səhvləri olubmuş. Gələcəkdə həmin məmurların hansı səbəblərdən işdən çıxması ilə bağlı detallar, yəqin ki, üzə çıxar. Ümumən ETN-də durum çox ağırdır. Təhsillə bağlı qurumların heç biri öz vəzifələrini keyfiyyətli və düzgün şəkildə icra edə bilmir. Burda heç bir sirr yoxdur, bunu hamı görür və bilir. KİV-lərdə və sosial şəbəkələrdə hər gün bu mövzuda yüzlərlə yazı gedir, hamısı da neqativlər haqqında. ETN-də və agentliklərdə çalışan kadrların 90 faizi qeyri mütəxəssislərdir. Təhsil kimi mürəkkəb, dinamik, strateji sahədə belə yarıtmaz kadr siyasəti dövlət və cəmiyyət üçün gələcəkdə çox ağır fəsadlara səbəb olacaq. Orda işləyənlərin əksəriyyəti şəxsi əlaqələr hesabına həmin vəzifələrdə çalışır. Onların indiyə qədər elm və təhsil sahəsində nəinki hər hansı nailiyyətləri yoxdur, heç bu sahədə düz-əməlli bilgiləri, təsəvvürləri və təcrübələri də yoxdur. Bu komandadan təhsil mütəxəssisləri ilə teledebata qatılmaq üçün potensiallı bir menecer tapılmır. Ən pisi isə budur ki, onlar heç nə öyrənmək də istəmirlər. Onlar öz çoxsaylı səhvlərindən nəticə çıxarmır, mütəxəssislərlə məsləhətləşmələr aparmır, deyilən sözləri, təklifləri də eşitmirlər. Görünür, onların məqsədi təhsili ayağa qaldırmaq deyil, əksinə, onu tam məhv etməkdir. Bu səbəblərdən elm-təhsil sistemində yaxın illərdə hər hansı irəliləyişin olması mümkün deyil."
Bu xüsusda araşdırmalarımız davam edir...
 
      Mediatv.az
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025
23 10 2025