Şəhid gizir Məhəmməd Məmmədovun atası Bilal Məmmədov cənab Prezident, Ali Baş Komandan İlham Əliyevə, Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya videomüraciət edib.Yenixeber.org: Müraciətdə Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyətində ona qarşı edilən haqsızlıqdan bəhs edir.
Gizir Məhəmməd Məmmədov Biləsuvar rayonunda boya-başa çatıb. 44 günlük Vətən Savaşında kəşfiyyatçı bölüyündə olub. 2020-ci il Şuşa əməliyyatında iştirak edərək yaralanıb. O zəfərdən sonra hərbi xidmətini dayandırmır. 2022-ci il Qisas əməliyyatında da vuruşur. Bu əməliyyatdan sonra düşmən gülləsinə tuş gəlib şəhid olur…
Şəhid ailələrinə, qazilərə dövlətimizin, dövlət başçımızın diqqət və qayğısının daim şahidi oluruq. Gərək ki onun tabeliyindəki məmurlar da bu davranışı özlərinə örnək götürsünlər. Lakin çox təəssüf ki, paytaxtın Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev kimi məmurlar birbaşa Prezidentə qarşı fəaliyyət göstərirlər. Bəli, şəhid ailəsinə qarşı etinasızlıq etmək, kobudluq göstərmək birbaşa dövlət başçısına qarşı çıxmaqdır. Bu əməlin başqa adı yoxdur.
Şəhid atası Bilal kişi deyir ki, oğlu subay idi, nişanlanmışdı, toy edə bilmədi. Məhəmməd Bakıdan ev almağı çox arzu edirmiş. Amma ömür vəfa etmədi. Cavan ömrünü erməni atəşi yarımçıq kəsdi… İndi ailəsi onun arzusunu həyata keçirmək istəyir ki, özləri də, Məhəmmədin ruhu da bir az rahatlıq tapsın.
Ailənin qız övladı Sabunçuda yaşadığına görə valideyn orada qeydiyyata düşərək ev almaq üçün yerli icra hakimiyyətinə müraciət edib.
Əvvəl bir neçə sənəd tələb ediblər. Şəhid ailələrinin işləri ilə məşğul olan şöbənin Fəqan adlı rəisi deyib ki, Biləsuvardan ev növbəniz buraya köçürülməlidir. Hamısını vaxtında edib şöbəyə təqdim ediblər. Sonra bildirilib ki, ev növbəsinə götürə bilmərik, bəs dediyiniz qərar daha qüvvədə deyil.
Şəhid atası bunu eşidib yollanır Prezident Administrasiyasına. Zeynal Nağdəliyevin müavini onu qəbul edib icra hakimiyyətinə göstəriş verəcəyini deyir. Yenidən icra hakimiyyətinə gələndə onu icra baaşçısı Adil Vəliyevin qəbuluna aparırlar.
Cənab Vəliyev şəhid atasına, onun probleminə çox laqeyd münasibət göstərir. Məsələni həll etmir, ardından da deyir ki, otaqdan çıx, iclasım var. Bilal Məmmədov bu dəfə Birinci Vitse-Prezident Mehriban Əliyevaya məktub yazıb kömək istəyir. Məktubu ilə əlaqədar onu qəbul edib yenidən icra hakimiyyətinə yönəldirlər. Bu dəfə də Sabunçu icra başçısı üçün ali hakimiyyətin sözünün, qərarının təsiri olmur.
Bilal Məmmədov deyir ki, yaşadığı Biləsuvar rayonunda özünə, ailəsinə qarşı tamam başqa rəftar görür. İcra başçısı, onun müavinləri, rayondakı bütün məsul işçilər daim hörmət göstərirlər. Sabunçudakı kimi “get, qəbul günündə gələrsən” söhbəti olmur. İstədiyi vaxt istədiyi idarəyə gedib sözünü deyə bilir. Sabunçuda isə Adil Vəliyevin harınlığı o qədər qaysaqlanıb ki, yuxarılardan gələn göstərişləri, Prezidentin qərar və tövsiyələrini də inkar edir. Bu cənab Adil Vəliyevin şəhid ailələrinə, qazilərə etdiyi saymamazlıqlardan, həqarətdən bir nümunədir.
Niyə belə edirlər?
Şəhid ailələri görəsən bunlara nə pislik edib? İşğalçı erməniləri torpaqlarımızdan qovduqlarına görə?
Axı canını fəda etmiş hərbçilərimiz olmasaydı, indi Allah bilir sizi kimi kreslo hərislərinin aqibəti necə olardı. Şəhid atası öz qanuni haqqını tələb edir. Cibinizdəki yığdığınız pullardan pay istəmir.
Şəhid ailəsi, elə adi vətəndaş müraciətində səhv etsə belə heç bir məmurun ixtiyarı yoxdur ki, insanlarla yüksək, alçaldıcı tonla danışsın. İnsan səhv ünvana müraciət edibsə, məmurun borcudur ki, onu məsələni qanunla həll edə biləcək təşkilata yönəltsin. Çünki onlar bunun üçün təyin olunublar.
Cənab Prezident bu qədər gərgin iş rejimində şəhid valideynlərinə, ahıl insanlara zamanından ayıra bilir, görüşlərdə xüsusi qayğı göstərir, güzəştlər edir, stəkanı götürüb su içizdirir, qollarından tutub əyləşdikləri yerə kimi aparırsa, onun rəhbərliyi altında işləyənlər də belə olmalıdırlar.
Xatırladım ki, Sabunçu icra başçısı Adil Vəliyev 2012-ci ildə bu vəzifəyə təyin olunub. Artıq 13 ildir işləyir. Ramiz Mehdiyevin qılıncının altından keçmiş icra başçıları silsiləsindən qalanlardandır.
Adil Vəliyevin dünyaya göz açdığı Qubadlı da işğal edilmiş rayonlarımızdan idi. Şəhid atasını kabinetiindən qovanda heç olmasa yadına salardı ki, onun, nəsil-nəcabətinin üzərindən məcburi köçkün adı qapıdan qovduğu, qapı arxasında saxladığı ana-ataların övladlarının qanı-canı hesabına götürülüb.
Sima Babayeva
шаблоны для dle 11.2