Son günlər gündəmi zəbt edən “Ramiz Mehdiyev işi” bir çoxlarını, xüsusilə də media və QHT sektorunu ciddi narahat etməyə başlayıb. Nədən ki, Ramiz Mehdiyevin çətiri altında illərlə formalaşan gənclər təşkilatları, media qurumları və digər QHT-lər ifşa olunmaq qorxusunu yaşamaqdadırlar.
Lakin, dövlətə xəyanət planının tərkib hissəsinə çevrilmiş, illərlə bu planın reallaşmasına xidmət göstərmiş şəxslərin ifşa olunması nəinki zəruridir, çox vacibdir. 
Bu dəfə Ramiz Mehdiyevin gənclər sektorunda, xüsusilə ali təhsil müəssisələrindəki gənclərin təşkilatlanaraq onların böyük bir şəbəkəsini əlində saxlamaq planı barədə məlumat verəcəyik.
Əvvəlcə onu qeyd etmək vacibdir ki, Ramiz Mehdiyev Prezident Administrasiyasının rəhbəri olduğu zaman çox nadir hallarda QHT və ya gənclər təşkilatı tədbirində iştirak edərdi. 
Amma, özünün müəllifi olduğu və gələcək planları üçün lazım olan təşkilatların yaradılması prosesində birbaşa özü iştirak edib. 
Belə qurumlardan biri də Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqıdır. Təşkilatın 2009-cu il noyabr ayının 20-də keçirilən təsis konfransında Ramiz Mehdiyev, Prezident Administrasiyasının şöbə müdiri Elnur Aslanov, Gənclər və İdman naziri Azad Rəhimov, onun müavini İntiqam Babayev və digər rəsmi şəxslər iştirak etmişdir.

Ramiz Mehdiyev konfransda çıxış edərək, tələbə gənclər təşkilatlarının qarşısında duran əsas vəzifələri şərh etmişdir. Qeyd etmişdir ki, bu gün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının yaradılması ilə tələbə gənclər təşkilatlarının inkişafında yeni bir mərhələ başlayır. Bu yeni qurum müxtəlif təşkilatlar arasında əlaqələndirici rolunu oynamaqla, ümumi məqsədlərə nail olmaq üçün səylərin və imkanların birləşdirilməsini təmin edəcəkdir.

Bu istiqamətdə Yenixeber.org-a daxil olan məlumata görə, həmin dövrdə Ramiz Mehdiyev və Elnur Aslanov cütlüyünün planı 200 minlik tələbə ordusunu bir əldə cəmləmək, “İrəli” İctimai Birliyi, Xaricdə Təhsil Alan Tələbələr və Məzunlar Birliyi ilə yanaşı, alternativ QHT-lər yaratmaq olub. Belə təşkilatlar büdcədən böyük vəsaitlər qoparmaqla yanaşı, özlərinin siyasi məqsədlərinin həyata keçirilməsi üçün zəruri olub. 
Daha maraqlı məlumat isə həmin konfransda təşkilatın rəhbərliyinə kimin sədr gətirilməsidir. Hazırda Milli Məclisin gənclər və idman komitəsinin sədri olan deputat Şahin İsmayılov uzun müddət Ramiz Mehdiyevin xeyir-duası ilə həmin təşkilata rəhbərlik edib. Daha sonra onu parlament üzvlüyünə qədər yüksəldə bilib. 
QHT və gənclər sektorunda Şahin İsmayılovun təsir imkanlarını saxlamaq üçün, müxtəlif vaxtlarda onu Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə həm Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üzvlüyünə, həm də Prezident yanında Gənclər Fondunun Müşahidə Şurası üzvlüyünə daxil etdirmişdir.
Təqdim etdiyimiz fotoda Ramiz Mehdiyevin həmin konfransda çıxışı və yanındakı masada isə Şahin İsmayılovun əyləşdiyi əks olunub. Bu fotonu əksər media resurslarından sildirməyə çalışsalar da, arxiv fotolarını tapmaq imkanımız oldu. 
Yenixeber.org olaraq xatırladaq ki, hələ 3-4 illər əvvəl mətbuatda Ramiz Mehdiyevə qarşı total hücuma başlayan İsmayılov, həm də bu hücumla özünü qorumaq istəyirdi. İnsafən keçmişə xəyanət edərək İsmayılov gələcəyi qörumuş oldu.

                    Şahin İsmayılov 
Şahin İsmayılov 14 fevral 2022-ci ildə mediaya verdiyi müsahibəsində bildirir:
“Ramiz Mehdiyev öz kiçik dünyasında oyun oynamaqda israrlıdır. AMEA-nın saytında adının qarşısına akademik sözünü qeyd edərək özünü elm adamı kimi təqdim etmək istəyən Ramiz Mehdiyev görünür nə elm adamı, nə də ziyalıdır. O, çox yaxşı bilir ki, onun administrasiya rəhbərliyində tutduğu vəzifəsindən getməsi islahatlar dalğasının ən önəmli halqalarından birini təşkil edirdi. Lakin, bundan heç bir nəticə çıxarmayan Mehdiyev ənənəvi formada fəaliyətini davam etdirir və öz kiçik dünyasında oyunlar oynamaqda israrlıdır”.
(Yazını bu linkdən oxuya bilərsiniz: https://yenixeber.org/problem/171539-%C5%9Fahin-i%CC%87smay%C4%B1lov-ramiz-mehdiyev%C9%99-nec%C9%99-x%C9%99yan%C9%99t-etdi.html )
Ümid edirik ki, Ramiz Mehdiyevlə bağlı araşdırma aparan qurumlar onun gənclər, QHT, media və diaspor təşkilatlarındakı dayaqlarını tam ifşa etməklə yanaşı, onların məkrli planlarını öyrənə biləcəklər.
Qarşı tərəfin cavab haqqını tanıyırıq.
Şahin İsmayılov deputat olduğu Beyləqan rayonundan belə qovulmuşdur...
 https://www.youtube.com/watch?v=ayDLY27e9Nw