Siyasət / Slayd (24-02-2015, 21:42)
Parlamentdə manat müzakirəsi: “Qiymətlərlə bağlı nazirlə danışmışam”
Milli Məclisin bugünkü plenar iclasında Mərkəzi Bankın manatın devalvasiyası ilə bağlı verdiyi qərara münasibət bildirilib.
"Qafqazinfo” xəbər verir ki, məsələ bağlı çıxış edən millət vəkili Fərəc Quliyev bildirib ki, bu qərardan bəzi qüvvələr istifadə edirlər: "Manatın daha da dəyərdən düşməsinə çalışırlar. Ona görə də bu istiqamətdə ciddi addımlar atılmalıdır. Hökumət antiböhran proqramı işləməlidir. Bazarda qiymət artımının qarşısını almaq hələlik mümkün deyil. Amma süni qiymət artımının qarşısı bu və ya digər şəkildə alınmalıdır. Bununla bağlı İqtisadi siyasət komitəsi tərəfindən dinləmələr keçirilməsi yaxşı olardı”.
****
"Mərkəzi Bank fevralın 21-dəki qərarı ilə əhalini aldadıb. Bu qərarla əhaliyə külli miqdarda zərər dəyib”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə deyib.
O bildirib ki, ölkədə bazarı tənzimləyən qurumlar iş adamlarını süni qiymət artımına görə xəbərdar edirlər: "Ancaq necə olur ki, 34 faiz bahalaşma olur? Niyə əhalinin cibinə girirlər? Əhalinin banklarda olan 3 milyard manat əmanətinə zərər dəyib. Maaşlar indeksasiya edilməlidir və 34 faizlik bahalaşma hökumət tərəfindən kompensasiya edilməlidir”.
İqbal Ağazadə deyib ki, böhran əleyhinə görülən tədbirlər də ciddi nəticə vermir.
Milli Məclisin sədri Oqtay Əsədov əhalinin banklarda olan 3 milyard manatlıq əmanətlərinə ziyan dəyməsi iddiası ilə razılaşmadığını deyib: "Dünyada gedən proseslərə baxın! Biz müharibə şəraitində yaşayırıq. Azərbaycanın valyuta ehtiyatları var. Biz bu ehtiyatların hamısını məzənnəyə görə itirə bilmərik. Mən razıyam, bəzi mağazalarda qiymətlər artıb. Ancaq bu məhsulların 70 faizi ölkə daxilində istehsal olunur. Nəyə görə, yerli istehsalda qiymət artımı olmalıdır?”.
Deputat Siyavuş Novruzov da manatın ucuzlaşması ilə bağlı məsələyə münasibət bildirib. O qeyd edib ki, maaşların indeksasiya edilməsi fikri düzgün deyil: "Belə yozmaq olmaz. Bu ancaq populizmdir. Bu məsələnin həlli iqtisadi faktorlara əsaslanır”.