Cəmiyyət (18-02-2022, 10:55)
“Atam əvvəllər hakim olmasaydı, indi də məhkum olmazdı” - Lətif Nəbiyevin qızları
Yeddi il Bakı Apellyasiya Məhkəməsinin hakimi işləmiş Lətif Nəbiyev hazırda həbsdədir və onun prosesinə əvvəllər işlədiyi məhkəmədə baxılır. Nəbiyev ümumi olaraq 8 il hakim işləyib və həmkarı İlham Mahmudov da onu elə bu qədər müddətə azadlıqdan məhrum edib. Lətif Nəbiyev ötən il oktyabrın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin zalında həbs edilib. O, təxminən 260 min manat pulu mənimsəməkdə təqsirləndirilir.
L.Nəbiyevin qızları Yeganə, Günel və Nigar Nəbiyevalar “Qafqazinfo”ya birgə müraciət edərək ataları barədə çıxarılan hökmdən narazı olduqlarını bildiriblər.
Onlar düşünür ki, Lətif Nəbiyev əvvəllər hakim olduğuna görə indi həbs edilib: “Bu işlə bağlı dəfələrlə şikayətlər olmuşdu və hər dəfə araşdırma aparılanda məlum olurdu ki, atamın heç bir günahı yoxdur. Buna görə də hər dəfə bu iş üzrə cinayət işinin başlanılması rədd olunub. Amma özünü zərərçəkmiş kimi təqdim edən Rüstəm Abdullayev və Azad İbrahimov bu məsələni mediada və sosial şəbəkələrdə mütəmadi işıqlandırandan sonra əvvəlcə istintaq, sonra da məhkəmə qərəzli olan ictimai təzyiqə tab gətirə bilmədi. Bu instansiyalar özlərini çətinliyə salmamaq, medianın, sosial şəbəkənin gözlərinin onların üzərindən çəkilməsi üçün atamı qurban verdilər. Sosial şəbəkələrdə və bir sıra medialarda bu işlə bağlı yazılar yalnız “keçmiş hakim”, “sabiq hakim”, “dələduz hakim” başlıqları ilə yayımlanaraq ajiotaj yaratmağa hesablanmışdı. Məhkəmədə çıxış edən Rüstəm Abdullayev və Azad İbrahimov da işin hallarından yox, Lətif Nəbiyevin hakim olmasından danışırlar.
Yəni görünən odur ki, onlar indi də qaragüruhçuluq strategiyasını davam etdirib apellyasiya məhkəməsinin kollegiyasına təzyiq edirlər. Bu instansiyada hakim əvvəlcə atamın zalda vəkilin yanında oturması barədə qərar çıxarmışdı. Zərərçəkmiş kimi tanınan şəxslər bu məsələni mediada qabardandan sonra hakim öz qərarını dəyişdi və atam şüşə qəfəsə salındı. Atamın düşdüyü vəziyyətə baxanda insanın ağlına gələn odur ki, bu gün onun işi üzrə hökm çıxaran, qərar verən hakimləri də gələcəkdə internet resursları vasitəsilə ləkələyəcək və dəfələrlə yayılan yalanları düşmənləri fürsət bilib həbslərinə nail olacaqlar. Lətif Nəbiyev əvvəllər hakim olmasaydı, hazırda məhkum da olmazdı. Çünki bu məzmunlu şikayətlər üzrə sıradan bir şəxs barəsində heç bir zaman cinayət işi başlanıla bilməzdi”.
Atalarının ittihamına gəlincə, Nəbiyevalar bildiriblər ki, zərərçəkmiş kimi tanınan şəxslərdən biri ilə Lətif Nəbiyev arasında işgüzar münasibətlər olub: “Burada cinayətdən söhbət belə gedə bilməz. Azad İbrahimov bizim uzaq qohumumuzdur. İttihama görə, o, 2000-ci ildə Lətif Nəbiyevə 13 400 dollar verib torpaq sahəsi alıb və guya həmin vaxt da aldanıb. Bundan 6 il sonra yenə də, atama 100 min dollar, 2007-ci ildə bir dəfə 75 min dollar, həmin il ikinci dəfə 25 min dollar və 2008-ci ildə 34 min dollar verib. İddiaya görə, pullar Sabunçu Rayonu Pirşağı bağ massivində yerləşən 1 hektar sahəsi olan torpaq sahəsi almaq üçün verilib. Və Azad İbrahimov hər dəfə pul verib aldanıb, sonra təzədən pul veribmiş.
Atama əlavə maddə ilə ittiham verilməsi üçün də qeyd ediblər ki, bunu hakim vəzifəsindən sui-istifadə etməklə törədib. İstintaqın məntiqindən belə çıxır ki, istənilən hakim hər hansı bir qohumunun məsləhət vermək müraciətinə cavab olaraq “məsləhətdir filan evi, filan torpağı al” deyibsə o, öz qulluq mövqeyindən istifadə edir və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmiş olur. Müstəntiq bir dəfə Azad İbrahimovdan soruşmayıb ki, 2000-ci ildə pul verib torpaq sahəsi alıb aldanmışdısa, nəyə görə 6 il sonra yenə də Lətif Nəbiyevə torpaq sahəsi almaq barədə müraciət edib? Həmçinin, torpağın icarəyə götürüldüyünü bilmirdisə, necə olub ki, hər il icarə haqqı ödəyib? Bununla bağlı qəbzlər də var. Atam 2008-ci ildə hakimlikdən çıxıb, əgər atam Azadı aldatmışdısa, niyə həmin vaxt yox, 10 il sonra müraciət edib?”
Nəbiyevin qızları qeyd edir ki, əslində Azad İbrahimov atalarına müraciət edərək dəniz kənarında turizm üçün torpaq almaq istədiyini bildirib: “Atam isə ona dəniz kənarında torpağın satılmadığını, bələdiyyə tərəfindən icarəyə verildiyini deyib. Həm də maraqlanıb torpaq icarəyə götürməsi üçün kömək edəcəyini deyib. Azad İbrahimov daha sonra biznes fəaliyyəti qurmaq üçün öz qohumlarının adına dəniz kənarında torpaq sahəsini icarəyə götürüb, 2013-cü ilədək icarə haqqını ödəyib. Türkiyədə olan şəriki investisiya yatırmadığından planları alt-üst olub və müflis duruma düşüb. Bundan sonra həmin icarəyə götürdüyü 1 hektar torpaq sahəsini satmaq istəyib.
Bununla bağlı Lətif Nəbiyevə müraciət edib, müştəri tapılmadığından və pula ehtiyacı olduğundan Lətif Nəbiyevə böhtan atıb. İstintaq da sosial şəbəkələr və internet üzərindən edilən təziqlərə tab gətirməyib yalan ittiham irəli sürüb məsələni məhkəmənin üzərinə atıb. Birinci instansiya məhkəməsi də öz növbəsində davam edən media şantajı kampaniyasına qarşı gedə bilməyib ittiham hökmü çıxarıb”.
Onların sözlərinə görə, zərərçəkmiş kimi tanınan digər şəxs Rüstəm Abdullayevlə atası Lətif Nəbiyev arasında biznes ortaqlığı olub: “Burada isə hər hansı bir cinayət əməli baş verməyib, sadəcə uğursuz biznes fəaliyyəti olub. Bu da əgər təsdiqini tapsa belə, mülki qaydada məhkəmədə araşdırıla bilər. Rüstəm Abdullayev əvvəlcə məhkəməyə iddia ərizəsi ilə mülki qaydada müraciət edib, sonra isə Azad İbrahimova qoşularaq məsələni cinayət kimi qələmə verib. Onun Abşeron RPİ-də verdiyi ərizəsinin məzmunu, araşdırma zamanı şahid kimi dindirilən 10 nəfərin ifadələri, iş üzrə maddi sübut kimi tanınan və biznes üçün alınan texniki avadanlıqlar, şirkətlərlə imzalanan müqavilələr, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarında əks olunanlar Rüstəm Abdullayevlə Lətif Nəbiyev arasında iş ortaqlığı olduğunu sübut edir. Onun ifadəsinə görə, o da 2012-ci ildə atama pul verib aldanıb, 2018-ci ildə yenə pul verib. Bir dəfə aldanan adamın yenidən borc pul verməsini normal məntiqlə izah etmək olmur”.
Nəbiyevalar deyir ki, atası ittihamda qeyd edilən pulları alsaydı belə, artıq hadisənin üstündən 20 ildən çox vaxt keçdiyi üçün Lətif Nəbiyev cinayət məsuliyyətinə cəlb edilə bilməzdi: “İttihama görə, 3 epizod üzrə pullar 2000-2012-ci illərdə verilib. Atama verilən ittiham da az ağır cinayətlər kateqoriyasına aiddir. Bu işlər üzrə cəzaya cəlb etmə müddəti 7 ildir, hökm çıxarılarkən də 2012-ci ildən artıq 9 il keçmişdi. Yalnız bir epizod üzrə 2017-ci ildə verildiyi iddia olunan 16 513 manatdan 10 min manat qaytarılıb, yerdə yalnız 6513 manat qalıb. Hakim İlham Mahmudov sosial şəbəkələrin təzyiqindən çəkinərək 3 epizod üzrə cəzaya cəlb etmə müddətinin ötməsi barədə qərar çıxara bilməyib. Halbuki qanun özü bunu tələb edir”.
Nəbiyevanın qızları Bakı Apellyasiya Məhkəməsindən ataları, sabiq hakim Lətif Nəbiyev barəsində bəraət hökmü çıxarılmasını istəyirlər. Məhkəmənin növbəti prosesi fevralın 24-də hakim Həsən Əhmədovun sədrliyi ilə keçiriləcək.