Azərbaycanda ikinci “MTN işi” üzrə məhkəmə araşdırmaları başlayır. Akif Çovdarov və digər MTN generallarından sonra daha bir neçə general və adamları məhkəmə qarşısına çıxarılacaq. Onlara qarşı da oxşar ittihamlar irəli sürülüb. Onlar iş adamlarını, müxtəlif vəzifə sahiblərini həbs etməklə hədələyib, pullarını, əmlaklarını ələ keçirməkdə, milyonlarla manat rüşvət almaqda suçlanırlar. Təkcə Mövlam Şixəliyev adamları ilə birlikdə 14 milyon 292 min manat rüşvət almaqda, hədə-qorxu ilə başqalarından 5 milyon 77 min tələb etməkdə suçlanır. 2015-ci ildə birinci “MTN işi” üzrə həbs edilən Akif Çovdarov və digər generallar artıq azadlıqdadır. Onlarla birlikdə həbs edilən digər MTN zabitləri də həbsdən çıxıb. Akif Çovdarov və yaşı 60-dan çox olan MTN zabitləri pandemiya dövründə risk qrupuna düşdükləri üçün prezident tərəfindən əfv edilmişdilər. Bəziləri isə cəzaları yüngülləşdirildiyi üçün həbsdən çıxa biliblər. Birinci “MTN işi”ndəki şəxslərin məhkəmə prosesləri davam edən ərəfədə indi həbs edilənlərin, xüsusilə də Mövlam Şıxəliyevin adı çox çəkilirdi və onlara qarşı ciddi ittihamlar səsləndirilirdi. Lakin onların həbsi 6 ilə yaxın bir zamandan sonra baş tutdu.
Hərbi Əks-Kəşfiyyat Baş İdarəsinin sabiq rəisi Nizami Şirinov və nazirliyin İstintaq Baş İdarəsinə rəhbərlik etmiş Mövlam Şıxəliyev qandallandılar. Generallar ayrı-ayrılıqda hakim önündə dayanacaqlar. Onların hər biri tabeliklərində çalışmış daha 3 nəfər keçmiş MTN zabitləri ilə birlikdə mühakimə olunacaqlar. Ittihamlarda yer alan epizodlar üzrə zərərçəkənlər əsasən Akif Çovdarovun adını çəkirlər. Buna qədər keçirilən məhkəmələrdə bu işlərin başında Eldar Mahmudovdan sonra dayanan əsas fiqur kimi Akif Çovdarovun adı çəkilib. Bu gün Akif Çovdarov azadlıqdadır. Onu 2020-ci ilin martında azadlığa buraxdılar. Bu halda yeni prosesə ədalətli baxmaq mümkün olacaqmı? İkinci “MTN işi”nə onu cəlb edib yenidən dindirə bilərmi?
Yada salaq ki, 2015-ci ilin oktyabrında MTN-də keçirilmiş əməliyyat nəticəsində nazirliyin 22 əməkdaşı cinayət məsuliyyətinə cəlb olunub. Onlardan biri - MTN-in Antiterror Mərkəzinin rəis müavini olmuş polkovnik İlqar Əliyevin asılmış meyiti saxlandığı Bakı İstintaq Təcridxanasındakı kamerasında aşkar edilib. Rəsmi versiyaya görə, İlqar Əliyev intihar edib. Akif Çovdarov isə onun döyülərək öldürüldüyünü və asıldığını iddia edib.
Akif Çovdarov da daxil olmaqla, qalan 20 nəfərin işi bir neçə yerə ayrılıb. Nazirliyin İstintaq İdarəsinin şöbə rəisi olmuş Vüsal Ələkbərov və Əks-Kəşfiyyat İdarəsinin keçmiş şöbə rəisi Mirəziz Əsgərovun hər biri tək mühakimə olunub. Mirəziz Əsgərova 3 il cəza verilib. MTN generalı Akif Çovdarov isə nazirliyin Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik İdarəsində onun tabeliyində işləmiş daha üç nəfərlə birlikdə məhkəmə qarşısına çıxarılmışdı. O zaman Akif Çovdarova 12, işçilərinə isə 4 ildən 11 ilə qədər iş kəsilib.
Hazırkı iş üzrə Vüsal Ələkbərov yenidən məhkəmə önünə çıxarılacaq. İş materiallarında Akif Çovdarovun adı təqsirləndirilən şəxs qismində yoxdur. Mümkündür ki, Akif Çovdarovu məhkəmə araşdırmaları zamanı şahid qismində prosesə dəvət etsinlər.
2017-ci ilin fevralında Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi İstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi, polkovnik-leytenant Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilərkən orada Akif Çovdarovun adı hallanırdı. O zaman hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə iş üzrə “Texnikabank” ASC-nin rəhbəri Etibar Əliyev zərərçəkmiş, MTN-də həbslə hədələnib 1 milyon dolları alınan Akif Qurbanovun oğlu Vüqar Qurbanov və digərləri dindirilərkən Akif Çovdarovun adını çəkirdilər.
O zaman Vüqar Qurbanov ifadə verərək demişdi ki, 2013-cü ildə atası ona zəng edib və MTN-ə aparıldığını bildirib.
İş üzrə Vüqar Qurbanovun məhkəmə prosesində dediklərindən sitat: “Atam məndən soruşdu ki, MTN-lə bağlı problemin var? Dedim ki, heç bir problemim yoxdur. Axşam zəng edib MTN əməkdaşları tərəfindən saxlanıldığını, sərbəst buraxılması üçün pul istədiklərini dedi. Soruşdum ki, nə məsələdir? Dedi ki, Etibar Əliyevlə münasibəti olub, tikinti işləri görüblər. Atam sərbəst buraxılandan sonra xaricə getdi. Bundan sonra Vüsal Ələkbərov zəng edib məni çağırdı, getdim. Orada atam gəlməsə məni həbs edəcəyini dedi. Məni bir neçə dəfə belə çağırıb axşama kimi saxlayıb buraxdılar. Bir neçə aydan sonra atam ölkəyə gəlib 1 milyon dolları topladı və özümüzə məxsus ”Briz-L" klinikasının yanında onları Vüsala verdik. Bunun üçün əmim Münasibdən 300 min manat, yeznəm Emindən 200 min manat aldı. Birlikdə tikdirdiyimiz binaların satışından əldə olunan və məndə olan 200 min manatı da verdim. Qalan pulu atam özü düzəltdi. Bizim Etibar Əliyevlə heç bir əlaqəmiz olmamışdı, sadəcə, bankdan iş görmək üçün kredit götürmüşük".
Vüqar Qurbanov deyib ki, hadisə baş verən zaman 13-cü Polis Bölməsinin rəisi olub və hədə-qorxu gəlindiyi üçün heç yerə şikayət etməyib. 2013-cü ildə öz ərizəsi ilə işdən azad olunub.
Həmin məhkəmə prosesində Vüsal Ələkbərovun vəkili Vüqar Qurbanovu ağır cinayəti bilib gizlətməkdə ittiham etmişdi. Vəkilin sözlərinə hakim bu şəkildə etiraz etmişdi: “Bu şəxsi MTN-ə çağırıb, hədə-qorxu gəliblər, günlərlə orada saxlayıblar. Amma iş üzrə zərərçəkmiş şəxs qismində yox, şahid qismində tanınıb. Əslində isə zərərçəkmiş şəxs qismində tanınmalı idi. Biz çox məsələnin üstündən keçirik. Amma Vüsal Ələkbərovun vəkilləri şahidlərə belə suallar verməklə, müdafiə etdikləri şəxsin ittihamını ağırlaşdırırlar. Bu şahid zərərçəkmiş şəxs qismində tanınmalı idi, burada da Vüsal Ələkbərova qarşı mülki iddia qaldırmalı idi”.
Vüqar Qurbanov demişdi ki, MTN-ə çağırılarkən onu Mövlam Şıxəliyevin qəbul edəcəyini desələr də, müavini Təhsin Ağayevlə görüşdürdülər.
Elə həmin məhkəmədə zərərçəkmiş, MTN-də həbs edilərək azadlığa çıxması üçün 2 milyon dolları alınan Hüseyn Səfərovun qohumu Oqtay Abuzərov ifadə verərək demişdi ki, onun həbsdən azad olunması üçün ailəsi pul toplayanda o da 130 min manat verib, sonra isə 80 min qaytarılıb. Vüsal Ələkbərov heç kəsdən pul almadığını, zərərçəkmişlərin onun pul tələb etməsi barədə rəy formalaşdırdıqlarını deyib. İş adamı Hüseyn Səfərov isə V.Ələkbərova cavabında Etibar Əliyevin məhkəməyə gəlib danışmasını tələb etmişdi.
“Vüsal Ələkbərov pulu bizdən MTN-də alıb. Amma etiraf etmir, adamın kişiliyi olar, qüruru olar. Etibar Əliyev bura gəlsin, onunla çox söz-söhbətimiz açılacaq. Dövlət Sərhəd Xidmətinin hesabında olan 8-10 milyon manat vəsaiti bankda talayıblar. Sonra da Etibar Əliyevlə Zal Yusifov bu işləri ortaya saldılar ki, dövlətin mənimsənilən həmin pulunu gizlətsinlər. Bu məsələlər araşdırılmalıdır. Mövlam Şıxəliyev niyə gizlənir? Dövlətə xəyanət edib. Akif Çovdarov bir az abırlıdır, bir neçə epizodu etiraf edir, onun şərəfi var. Amma bunlarda şərəf yoxdur”, - deyə zərərçəkən bildirmişdi.
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, iş üzrə ifadələr verilərkən, dindirmələr aparılarkən Akif Çovdarovun dindirilməsi mümkündür: “Əgər iş üzrə zərərçəkənlər Akif Çovdarovun adını çəkib epizodlar üzrə onun əlaqəsi haqda fikirlər deyib faktlar, sübutlar təqdim edirlərsə, bu halda vəkillər vəsatət verib Akif Çovdarovun dindirilməsini istəyə bilərlər”.
Hüquqşünas deyir ki, Azərbaycan məhkəmələrinin hazırkı durumu elədir ki, Akif Çovdarov istəməsə, məhkəməyə gəlməyəcək: “Azərbaycanda məhkəmələrin reputasiyası olduqca aşağı səviyyədədir. Vətəndaşlarda məhkəmələrə inam yoxdur. İstisna hallar olsa da, ümumilikdə vəziyyət xoş, ürəkaçan deyil. Azərbaycan insanı məhkəmələrdən əlini üzüb. Bu baxımdan hakimlər Akif Çovdarovla bağlı qərar versələr belə, həmin qərar havada qalacaq. Bu gün Azərbaycan məhkəməsi Akif Çovdarov kimi kriminal keçmişli generalların qarşısında acizdir. Siyasi qərar olmasa, Akif Çovdarovun məhkəməyə gəlməsi mümkünsüz görünür”.
Hüquqşünas iş üzrə ayrı-ayrı epizodlar üzrə xüsusi qərardadların çıxarılma ehtimalı olduğunu deyib: “Mümkündür ki, zərərçəkənlərdən Akif Çovdarovun əməlləri barəsində fikir söyləyib qanunu tədbir görülməsi istənilsin. Bu halda hakim xüsusi qərardad çıxarıb araşdırma aparılması üçün prokurorluğa göndərə bilər. Amma bu işlərin ilk gündən baş-ayaq araşdırılmasını nəzərə alsaq, həmin xüsusi qərardad ”ölü doğulmuş uşaq"dan fərqlənməyəcək".
“Yeni Müsavat”
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024