Cəmiyyət (17-09-2015, 17:15)
“Böyük şəhər bələdiyyələrinin yaradılması çox vacibdir”
“Bəzi yerlərdə, kəndlərdə bələdiyyələrin əraziləri məlumdur və onların hamısına xəritələr verilib. Amma Bakı, Sumqayıt kimi iri şəhərlərdə, həmçinin mübahisəli zonalarda bələdiyyələrin sərhədlərinin dəqiqləşdirilməsi, xəritələrin hazırlanması mümkün olmayıb”.
Mediatv.az-ın məlumatına görə, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Modern.az saytına deyib ki, hazırda bu istiqamətdə işlər davam etdirilir:
“Bələdiyyələrə torpaq mülkiyyəti verilməli və əraziləri dəqiq müəyyənləşdirilməlidir. Bu iş tezliklə başa çatdırılmaldır”.
Deputat iri şəhərlərdə sərhədlərin müəyyən edilməməsinin səbəbini inkişafla əlaqələndirib:
“Bakının ərazisinin nə qədər böyüdüyü nəzərə alınmalıdır. Bir çox ərazilərdə sovxozlar, təsərrüfatlar, Abşeron rayonunda zeytun plantasiyaları, maldarlıq-heyvandarlıq əraziləri olub. Bundan başqa, yeni yaşayış qəsəbələri salınaraq şəhərin miqyası genişlənib. Həmin qəsəbələrin dəqiq uçotu aparılmalıdır. Belə kimi məsələlərdə müəyyən çətinliklər var”.
Tahir Rzayev deyib ki, bələdiyyə öz torpaq ərazisini dəqiq tanımalıdır ki, gələcəkdə orada hər hansı mübahisəli məsələ yaranmasın:
“Bələdiyyələr torpağın icarəyə, mülkiyyətə verilməsində öz səlahiyyətlərindən tam istifadə etməlidir. Bəzi bələdiyyələr torpağı icarəyə verir, sonra məlum olur ki, o başqa rayon ərazisində aiddir. Belə problemlərin aradan qaldırılması üçün bələdiyyələrin ərazisi dəqiq müəyyənləşməlidir”.
Komitə üzvü böyük şəhər bələdiyyəsinin yaradılmasının da vacib olduğunu vurğulayıb:
“Ümumiyyətlə, böyük şəhər bələdiyyələrin yaradılması olduqca vacibdir. Yeni yarananda respublikada 2570-dən artıq bələdiyyə vardı. Təkmilləşmə nəticəsində onların 1607-si qalıb. Hesab edirəm ki, bələdiyyələr inkişaf etdikcə, böyük şəhər bələdiyyəsinin yaradılması zərurətə çevriləcək”.