Siyasət / Dünya (28-08-2019, 18:20)
İki həmsədr ölkənin olduğu G-7-də Qarabağ yada düşmədi - TƏHLİL
ABŞ, Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Yaponiya və Kanada başçılarının bir araya gəldiyi G-7 sammiti rəsmi bəyannamə olmadan başa çatıb. Fransa, Almaniya, ABŞ, Yaponiya, İtaliya, Kanada və Böyük Britaniya liderlərinin yekun tədbirində-işgüzar şam yeməyində ABŞ prezidenti Donald Tramp Rusiyanın iştirakı ilə G-8 formatına qayıtmağı tələb edib.“The Guardan” qəzetinin diplomatik mənbələrə istinadla yaydığı xəbərə görə, onun bu təklifini Avropa ölkələrindən yalnız İtaliya dəstəkləyib. Yaponiyanın baş naziri Sindzo Abe isə bu məsələdə neytral qalıb. D.Tramp onu əsas gətirib ki, İran, Suriya və Şimali Koreya ilə bağlı problemlərin həllində Moskva mütləq iştirak etməlidir. G-7 qrupuna daxil olan ölkələrin liderləri Amazon meşələrində davam edən yanğınların söndürülməsi üçün Braziliyaya yardım göstərilməsi məsələsinə dair də razılıq əldə ediblər. Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib ki, onun ölkəsi bu məqsədlə 10 milyon funt sterlinq ayırıb. Daha bir qlobal əhəmiyyətli məsələ-ticarət müharibələrinin səngiməsi ilə bağlı müzakirələr isə gərgin keçib. ABŞ prezidenti yeni qlobal ticarət sazişinin bağlanmasının tərəfdarı olduğunu bildirib və qeyd edib ki, hazırkı şərtlərlə ticari münasibətlər, xüsusən Çinlə iqtisadi əlaqələr Vaşinqtonu qane etmir. Avropa ölkələrinin liderləri isə ABŞ-Çin ticarət müharibəsinin onların iqtisadiyyatına zərər verdiyini vurğulayıblar.
G-7 sammitində İran məsələsi üzrə konstruktiv müzakirə də olub. Bütün tərəflər nüvə məsələsinin diplomatik yolla həlli ilə bağlı təkliflər verib.
Almaniya kansleri Angela Merkel G-7 sammitinə dair keçirilən mətbuat konfransında bildirib ki, bu, yaxşı və konstruktiv müzakirə idi. Bu müzakirədə İranın nüvə silahını almaması və danışıqlar yolu ilə bu nəticəyə nail olmaq istəyində hamı vahid mövqeyini göstərdi. O əlavə edib ki, söhbət sonrakı eskalasiyanın buraxılmamasından gedir.
Güman edilir ki, İranla nüvə danışıqlarında müəyyən razılaşmanın əldə olunması, bu ölkəyə leqal yolla neft satışına icazə verilməsi ilə nəticələnəcək ki, bu da bazarda qiymətlərə təsirsiz ötüşməyəcək. Ümumilikdə, G-7 sammitində müzakirə olunan digər məsələlər, eləcə də ticarət müharibələrinə son qoyulması dünya birjalarına təsir edəcək siqnallar ötürməkdədir.
G-7 sammitində ən çox diqqətçəkən məsələ İran və Rusiya ilə əlaqədar mövqe dəyişiklikləri olub.
Beləliklə, yayılan məlumatlardan aydın olur ki, G-7 sammitində dünyadakı problemlər, konfliktlər məsələsi müzakirə olunub. Məsələn, Suriya, Krım, Amazon meşələrində yanğın məsələsi. Lakin Qarabağ problemi barədə bir kəlmə də olsun fikir bildirilməyib. 7-lərdən ikisi-ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələrdir. Lakin G-7 samitində bu ölkələrdən heç biri Qarabağ məsələsini müzakirəyə çıxarmayıblar. Bu isə ayrı-seçkiliyin nədən qaynaqlandığı sualını meydana gətirir. ABŞ və Fransa Rusiyadanmı çəkinir? Qloballaşan dünya Qarabağ məsələsinin ön plana keçməsinə mane olurmu?
Politoloq Elxan Şahinoğlu “Yeni Müsavat”a bildirdi ki, “Böyük yeddilər”, sadəcə, bir diskussiya klubudur. Orada heç bir qərar verilmir, sənəd imzalanmır. Hətta bəzi liderlər bu toplantını sıradan bir görüş kimi qiymətləndirir: “Məsələn, Donald Tramp G-7-ni ciddi dəyərləndirmədiyi üçün heç bu sammitə qatılmaq istəmirdi. Burada münaqişələr heç də dərin müzakirə olunmur və münaqişələr barədə qərarlar verilmir. Həmin sammitdə daha qlobal məsələlər haqqında fikir mübadiləsi aparırlar. Məsələn, Braziliyada meşələrin yanması, hansısa digər ekoloji problemlər, Suriya məsələsi ilə bağlı ümumi fikir mübadiləsi. Amma Dağlıq Qarabağ və Donbas kimi münaqişələr dünya liderlərini heç də çox maraqlandırmır. Həm buna görə müzakirə edilmədi, həm də Rusiyanın narazı salınmaması üçün bu məsələlərə toxunulmadı. Hazırda Rusiya ilə münasibətləri nizama salmağın yollarını axtarırlar. Ona görə də Rusiyanı narazı salacaq addımları atmırlar. Sanki Krımı da unutmağa hazırdırlar”.
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı isə bildirdi ki, sammitdə Qarabağ məsələsinin adının da çəkilməməsi çox üzücüdür və Azərbaycanın haqlı narazılığına əsas var: “Bu , hamı kimi bizim də diqqətimizi çəkdi. Sanki Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan da ayrı-seçkiliyin olacağını sezdi və Rusiyaya səfəri ərəfəsində Qarabağı unutmadıqlarını dilə gətirdi. G-7 kimi mötəbər toplantıda Qarabağ məsələsinin gündəmə gəlməməsi bir neçə halla bağlı ola bilər. Birincisi, dünya dövlətləri Qarabağın taleyi ilə bağlı fikirlərini və planlarını dəqiqləşdiriblər, onun artıq müzakirəsinə ehtiyac görmürlər. Bu razılaşmanın ermənilərin xeyrinə olduğu şübhə doğurmur. İkinci günahı özümüzdə axtarmalıyıq, biz Qarabağ məsələsinin qaynar problem kimi gündəmdə olması üçün heç nə etmirik. Bu, həm dövlətin, hakimiyyətin, həm də cəmiyyətin günahıdır. Qarabağda hərbi əməliyyatlara başlasaq, Qarabağ da dünyanın qaynar nöqtələrindən biri kimi qəbul ediləcək və bütün mötəbər beynəlxalq səviyyəli toplantıların da diqqəti bizdə olacaq. Toplantıların gündəminə Qarabağ məsələsinin həlli məhz bu halda daxil olacaq. Qələbə qazanıb torpaqlarımızı azad etdikdən sonra isə hər kəs bizimlə hesablaşacaq, ermənilər isə yerlərində oturacaqlar”
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
4 12 2025
3 12 2025
3 12 2025
3 12 2025




















