Mediatv.az-ın məlumatına görə, müsahibə zamanı səfir Rusiyanın Suriya münaqişəsində iştirakından danışıb.
-Bu gün Azərbaycanda da, Rusiyada da qlobal iqtisadi böhrandan çox söhbət gəzir. Maraqlıdır, bu gün Rusiyada sadə rusiyalılar necə yaşayır?
-Böhran sözü bir balaca kəskin səslənir. Düzdür, bizdə iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Bu il bizdə iqtisadi inkişafın sürətində azalma olacaq. Bu azalma təxminən 4 faiz təşkil edir. İqtisadçılarımız belə hesab edir ki, azalmanın səbəbi əsasən neftin qiymətinin qəfildən aşağı düşməsindən irəli gəlir. İqtisadiyyatımız neftdən güclü asılıdır. Azalmanın bir hissəsi isə sanksiyalarla bağlıdır. Hansı ki, bu sanksiyaları Ukraynada baş vermiş hadisələrlə əlaqədar Rusiyaya qarşı tətbiq ediblər.
Bizdə həm də rublun dəyəri gözlənilmədən düşdü. Ona görə yaşamaq o qədər də asan deyil. Lakin mən deyərdim ki, fəlakət baş verməyib. Əgər xatırlayırsınızsa, SSRİ-nin dağılması da qıtlıq fonunda baş vermişdi. İndi həmin vəziyyət müşahidə olunmur. Biz yaşayırıq, yeni şərtlər altında yaşamağı öyrənirik. Neftin 1 barrelinin 15 dollara olması ilə də yaxşı yaşamaq mümkündür.
-Vladimir Dmitriyeviç, ABŞ-da bir sıra ekspertlər Rusiyanın indi düşdüyü vəziyyəti Sovet İttifaqının dağılmazdan əvvəlki vəziyyəti ilə müqayisə edirlər. Hətta Rusiyanın indi Suriyaya müdaxilə etməsi, dollar-rubl münasibətləri, neftin qiymətinin aşağı düşməsini də məhz həmin tələnin elementləri kimi təqdim edirlər. Sizcə, Rusiya dağılan Sovet İttifaqına nə qədər oxşayır?
-Mən çox da politoloji spekulyasiyaları şərh etməyi xoşlamıram. Burada latın atalar sözü yadıma düşür: “Hər bir müqayisə axsayır”. Özünüz də bilirsiniz, bizim Suriyadakı iştirakımızla Əfqanıstanı necə müqayisə etmək olar? Əfqanıstanda böyük həcmdə quru qoşunlarımız vardı. Ölkəni tanımırdıq. Ölkəyə demək olar ki, dəvət olunmadan girmişdik. Bəlkə də hansısa rəsmi sənədlər var idi. Orada tamam başqa geosiyasi vəziyyət var idi. Bu gün isə biz bunu dəfələrlə müxtəlif səviyyələrdə demişik - Rusiyanın çox məhdud iştirakından söhbət gedir. Hər hansı bir quru əməliyyatında iştirak istisna olunur. Yerli hökumətlə razılıq çərçivəsində hər şey həyata keçirilir və bütün bunlar icra olunandan sonra bizim missiyamız başa çatacaq. Mən fikirləşmirəm ki, Əfqanıstanla aparılan paralellər düzgün, ədalətli və realdır. Mən bundan qorxmuram.
-Cənab səfir, Rusiyanın indi məruz qaldığı siyasət, xarici ölkələrin ona münasibəti onun Ukraynada irəli sürdüyü kursla bağlı idi. Başqa bir tərəfdən, indi də Suriya çıxdı ortalığa və Rusiyanın məruz qaldığı sanksiyaların dairəsi də, üzləşdiyi təzyiq də genişləndi. Bu tərəfdən də Xəzər dənizindən artıq siz Rusiya dövləti olaraq istifadə edir və Suriyanın ərazisində hərbi əməliyyatlar aparırsınız. Bildiyimə görə, Rusiya belə əməliyyatları Xəzəryanı ölkələrin razılığı ilə aparmalı idi. Ümumiyyətlə, istər Rusiyanın Suriyada apardığı əməliyyatlar, istərsə də Xəzərin bu məqsədlə istifadə olunması barədə nə demək olar?
-Rusiyanın Suriya siyasəti barədə çoxsaylı fikirlər var. Hətta Azərbaycan mətbuatında da qeyd olunur ki, Rusiya bu fürsətdən öz geosiyasi qüdrətini nümayiş etdirmək üçün istifadə etdi. Bu, belə deyil. İstəyirəm ki, bizi düzgün anlasınlar. Rusiya üçün hazırda İŞİD ətrafında baş verən hadisələr milli təhlükəsizlik, praqmatik olaraq milli maraqların məhv edilməsi məsələsidir və Rusiya belə qərara gəldi ki, bu qruplaşmanı öz yerində məhv etmək lazımdır.
Rusiya üçün bu, böyük səfərbərlik idi. Çünki İŞİD-in planında Şimali Qafqaz da var. Bu bölgəni də ələ keçirmək istəyirlər. Bir neçə min rusiyalı İŞİD-ə qarşı döyüşür. Əməkdaşlıq əlaqələrimiz bu yaxınlarda Rusiyaya səfər edən prezidentlə razılaşdırılmış şəkildə icra olunur. Onunla Moskvada bütün siyasi və hərbi aspektləri müzakirə etdik. Suriya məsələsində heç bir ölkə ilə qarşı-qarşıya gəlmək istəmirik. Biz əməkdaşlığa hazırıq. Təəssüf ki, bunu qəbul etmək istəmirlər. Bununla belə, düşünürəm ki, heç bir tərəflə güclü qarşıdurma olmayacaq. Hər halda biz hər hansı münaqişəyə girməmək üçün müəyyən mexanizmin yarardılmasına dair ABŞ və Türkiyə ilə razılığa gəlmişik.
Xəzər dənizi məsələsinə gəlincə isə Rusiyanın həmin silahlardan istifadəsini məhdudlaşdıran heç bir hüquqi əsas yoxdur. Sizin qeyd etdiyiniz əvvəlcədən razılaşma öhdəliyi indi mövcud deyil. Hazırda Xəzər dənizində hərbi fəaliyyət barədə danışıqlar prosesi gedir. Lakin hələlik heç bir razılaşmadan söhbət gedə bilməz. Hazırkı qanunlar isə bizə heç bir qadağa qoymur. Ona görə də Xəzər dənizindəki fəaliyyətimizlə əlaqədar Xəzəryanı ölkələrdən heç bir təhlükə ilə qarşılaşmadıq. Biz Xəzər dənizində hərbi fəaliyyət barədə müşavirələr keçirməyə hazırıq. Düşünürəm ki, narahatlıqlara səbəb olan bəzi ünsürləri aradan qaldıracağıq. Rusiyanın bu aksiyası, əlbəttə, narahatlığa səbəb olmaya bilməz.
-Vladimir Dmitriyeviç, keçən dəfə “Hesabat” verilişində Türkiyənin Azərbaycandakı səfiri Rusiya ilə bağlı bir sıra fikirlər irəli sürmüşdü. Bunlar Rusiyanın Suriya ərazisində hərbi əməliyyatlara qoşulması ilə bağlı idi. Türkiyənin Azərbaycandaki səfiri konkret olaraq Ankaranın narahatlığını bizə çatdırdı. Necə bilirsiz, Suriya reallığı Rusiya-Türkiyə münasibətlərinin korlanmasına gətirib çıxara bilərmi?
-Rusiyanın fəaliyyətinə dair fikir müxtəlifliyi çoxsaylı faktorlarla bağlıdır. Rusiyaya qarşı ümumi mənfi münasibət var. Məsələlərdən biri Əsədlə bağlıdır. Biz onun legitimliyini qəbul edirik. Türkiyə də daxil olmaqla bir çox ölkələr isə qəbul etmir. Onlar hesab edirlər ki, o, hakimiyyətdə qalmamalıdır. Biz öz mövqeyimizdə qalırıq. Hesab edirik ki, Əsədin taleyini xarici dövlətlər deyil, onu prezident seçən xalq həll etməlidir. Onu dəstəkləsələr də, dəstəkləməsələr də bu, onun öz işidir. Hesab edirik ki, Əsədin xarakteri əməkdaşlığa mane olmamalıdır. Türkiyə başqa mövqedə dayanır. Onlar hesab edir ki, bizim fəaliyyətimiz hazırkı prezidentin gücünü daha da artırır. Ona görə də bu, onların ziddinə gedir. Lakin əlaqələrimiz qətiyyən ultimatum səviyyəsinə gəliməyib. Rusiya-Türkiyə münasibətləri hansısa bir tarixi anın girovuna çevrilməyəcək. Biz qarşılıqlı anlayış, əməkdaşlıq yollarını tapacağıq. Artıq bu mexanizmi yaratdığımızı sizə dedim. Qeyd etmək istərdim ki, Əsədin Moskvaya səfərindən sonra prezidentimiz Ərdoğanla danışdı. O, Moskvada olanlar barədə Ərdoğana dedi. Düşünürəm ki, bu da bizim ümumi xeyrimizədir.
-İndi Rusiya ətrafında gedən proseslər fonunda, dünyada baş verən hadisələr Azərbaycan-Rusiya münasibətlərində özünü necə göstərir? Bu, iki ölkə arasında vəziyyəti yaxşılaşdırır, yoxsa daha da mürəkkəbləşdirir?
-Müstəqil, anlaşılan siyasət həyata keçirən və Cənubi Qafqaz sərhədlərimizdə sabitlik adası olan Azərbaycan Rusiya üçün böyük dəyərdir. Qeyd-şərtsiz demək istəməzdim, amma mənə elə gəlir ki, bizim göstərdiyimiz isti münasibət, Moskvanın mövqeyi Azərbaycanda da yaxşı qarşılanır və sizin üçün digər yox, məhz bu Moskvanı görərək yaşamaq daha rahatdır.
-Cənab səfir, bu gün Rusiya dünyada daha çox tənqid olunur, hətta bu gün Rusiyanı bir sıra dövlətlər iblis kimi təqdim edirlər. Belə bir şəraitdə rusiyalı diplomat üçün fəaliyyət göstərmək nə dərəcədə asandır?
-Biz öz gücümüzdə əminik və bu, həm də haqlı olduğumuzu bilmək bir diplomat kimi mənə də güc verir. Biz bu xətti davam etdirəcəyik. İnanın, yəqin bir jurnalist və mütəxəssis kimi bilirsiniz ki, Rusiyanın və onun prezidentinin siyasətinin dəstəkçisi dünyada göründüyündən daha da çoxdur. Bu, bir sıra rəsmi şəxslərin açıqlamalarından və bəyanatlardan da görünür. Yeri gəlmişkən, Azərbaycanda da bu dəstək və anlayış yaxşı hiss edilir və bu, mənim işimi burada digər ölkədəkilərdən daha rahat edir. Prezidentə gəldikdə isə mən onunla fəxr edirəm.
-Təşəkkür edirəm, cənab səfir. Mən isə həm sizə həm bizə əsl, səmimi, doğrucul dost olmağı arzulayıram. Arzulayıram ki, həmişə Rusiya Azərbaycana, Azərbaycanda Rusiyaya doğrudan səmimiyyətlə inansın və bu əsaslandırılmış səmimiyyət olsun. Sağ olun ki, suallarımızı cavablandırdız!
-Dediklərinizin altından mən də imza atıram, sağ olun.
-Sağ olun!