Region (18-09-2015, 12:39)
AXCP və ADP-nin boykot qərarına YAP-dan münasibət
AXCP-nin də təmsil olunduğu Milli Şuradan sonra Azərbaycan Demokrat Partiyası da parlament seçkilərində iştirakdan imtina edib.
Strateq.az xəbər verir ki, Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov Modern.az saytına müsahibəsində bu və digər məsələlərə münasibət bildirib.
- Seçkiləri boykot məsələsinə AXCP ilə yanaşı, bəzi partiyalar da qoşulur. Bunun Azərbaycanda keçiriləcək seçkiyə təsiri mümkündürmü və beynəlxalq aləmdə bu məsələyə reaksiya necə olar?
- Seçki Məcəlləsində qeyd olunub ki, seçki dairələrində namizədliyini irəli sürənlərin alternativləri təmin olunmalıdır. Yəni bir nəfər seçilməlidirsə, iki nəfər namizədliyini irəli sürsə, artıq burada seçkilər baş tutmuş hesab olunur. Hansı partiyanın seçkidə iştirak edib-etməyəcəyinin məsələyə heç bir aidiyyəti yoxdur. Çünki seçkinin obyekti və subyekti məlumdur. Seçki Məcəlləsində və Konstitusiyada hansı partiyaların seçkidə iştirak edəcəyi göstərilmir. Bu təcrübə heç dünyada da yoxdur. Sadəcə olaraq, o partiyalar özləri seçkilərdən imtina edirsə, seçki demokratik hesab olunmamalıdır prinsipini ortaya atmaqla müxtəlif fikirlər yaratmağa çalışırlar. Ancaq belə bir təcrübə mövcud deyil. Məsələn, ABŞ-da yüzdən artıq siyasi partiya var, amma seçkidə onlardan yalnız ikisi - Respublikaçılar və Demokratlar partiyası iştirak edirlər.
Bu o demək deyil ki, Amerikada seçkilər demokratik hesab olunmur, yaxud Türkiyədə, Almaniyada, Yunanıstanda seçkilərdə dörd partiya mübarizə aparır. Seçkidə hansı partiya, blok iştirak etmirsə, bu, artıq onun öz qərarıdır.
- Bu günə qədər yalnız Milli Şura seçkiləri boykot edirdi, amma indi partiyalar çoxalıb. Partiyaların çoxalmasına Milli Şuranın təsiri ola bilərmi, bunu siz necə qiymətləndirirsiniz?
- Xeyr, burada başqa məqamlar var. Bilirsiniz ki, bütün siyasi partiyalar YAP-ın siyahısını gözləyirdi. Təbii ki, bu məsələnin də təsiri var. Bəzi partiyalar YAP-ın siyahısı açıqlandıqdan sonra müəyyən partiyalar belə qərar qəbul ediblər. Çünki oradakı namizədlərlə öz şanslarını götür-qoy edəndə seçici tərəfindən etimad qazana bilməyəcəklərini başa düşüblər. Əslində bu, YAP-ın siyahısı ilə birbaşa bağlı olan haldır.
- Azərbaycanda ümumən müxalifət zəifdir, amma xüsusilə Naxçıvanda müxalifət yox dərəcəsindədir. Müxalifət partiyaları bunun səbəbini Naxçıvanda müxalifətə imkan verilməməsi ilə izah edirlər. Siz Naxçıvanı təmsil edən deputat, həm də YAP-ın funksioneri olaraq bu məsələni necə qiymətləndirirsiniz?
- Naxçıvanda bütün siyasi partiyalar fəaliyyət göstərir. Siz bilirsiniz ki, elə Xalq Cəbhəsinin və bir çox siyasi partiyaların, xüsusilə də YAP-ın yaranması Naxçıvandan başlayıb. Naxçıvan siyasi partiyaların yarandığı ilk məkandır. Siyasi partiyalar burada yaranıb formalaşdıqdan sonra əhatəsini genişləndirib. YAP-ın Naxçıvanda yaradılmasının obyektiv səbəbi vardı. Bakıda o vaxtlar konfrans keçirməyə imkan vermirdilər və biz məcbur qalıb Naxçıvanda konfrans keçirdik. İlk təşəbbüslər də məhz oradan başlanıb. Digər partiyaların tarixinə baxsaq görərik ki, onların da yaranıb formalaşma və inkişaf mərhələsi Naxçıvan Muxtar Respublikasından başlayıb. Bundan əlavə, Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən və seçkiyə qoşulan siyasi partiyalar da var. Deyə bilərik ki, BAXCP, Böyük Quruluş, Müsavat, Ana Vətən və digər partiyaların nümayəndələri namizədliklərini irəli sürüblər və seçki prosesində də iştirak edirlər. Elə partiyalar da var ki, mövcud ictimai-siyasi vəziyyətlə əlaqədar göstərilən tələblərə cavab vermir, sadəcə olaraq formal xarakter daşıyırlar. Digər tərəfdən, Naxçıvan Muxtar Respublikasında aparılan quruculuq və abadlıq işləri, islahatlar, qayda-qanun, nizam-intizam, blokada şəraitinə baxmayaraq, Naxçıvanın nə qədər inkişaf etdiyinin göstəricisidir. Bu səbəbdən də əhali digər partiyaları qəbul etmir və onların böyük əksəriyyəti YAP-ın sıralarına qoşulub.
- Demək olarmı ki, bu cür vəziyyətin yaranmasında YAP-ın Naxçıvanda qabaqcıl mövqedə olmasının da rolu var?
- YAP çox güclüdür və Naxçıvanda Heydər Əliyevin apardığı siyasət, onun siyasi xəttinin alternativi yoxdur.
- YAP-ın siyahısında olmayan partiya üzvü namizədliyini irəli sürərsə, o zaman təşkilatın nizamnaməsini pozduğuna görə həmin YAP-çı partiyadan kənarlaşdırıla bilərmi?
- Bununla bağlı hər dəfə seçkilər zamanı açıqlama veririk. Bəyan etmişik ki, YAP-ın hər bir üzvü bu seçkilərdə iştirak etməyə layiqdir. Onlar partiyanın həyatında, dövlətçiliyimizdə, müstəqilliyimizin inkişafında, prezidentimizin siyasətini dəstəkləməkdə xüsusi rolu olan insanlardır. Amma təəssüflər olsun ki, parlamentdə yerlərin sayı 125-dir. YAP-ın 700 minə yaxın üzvü var və digər partiyalardan fərqli olaraq, YAP namizədlər çoxluğu problemi yaşayır. Hər dairədən onlarla layiqli namizəd irəli sürmək imkanına malikdir. Bu səbəbdən də partiya götür-qoy edərək qərar qəbul edir və ona uyğun namizədlərini irəli sürür. O baxımdan da 117 nəfər namizəd irəli sürmüşük. Təbii ki, hər bir vətəndaşın konstitusion hüququdur ki, öz namizədliyini irəli sürsün, seçsin və seçilsin. Bu hüququn qarşısını almaq, qadağalar qoymaq olmaz. Lakin əgər partiya üzvüdürsə, partiyanın siyasi xəttini dəstəkləyirsə, bu qərara da hörmətlə yanaşmalıdır. Əgər kimsə bu qərara hörmətlə yanaşmırsa, artıq o, partiyada digər üzvlərlə birgə addımlaya bilmir...