Region (15-09-2015, 19:17)
Vüqar Bayramov: “Yeni devalvasiya özəl sektora mənfi təsir göstərə bilər”
Bu gün dünya iqtisadiyyatı üçün önəmli toplantılardan biri – Amerika Mərkəzi Bankının iclası keçiriləcək. Xüsusilə, federal uçot stavkası ilə bağlı hansı qərarın veriləcəyi bazarları təlatümə gətirib. Çünki uçot stavkasının yüksəldilməsi dolların məzənnəsinin daha da möhkəmlənməsi demək olacaq ki, bu da ölkələrdə devalvasiya dalğasını sürətləndirəcək. Nəzərə alsaq ki, dünya iqtisadiyyatının bir parçası kimi Azərbaycan da proseslərdən kənarda deyil, manatın dollara nəzərən gələcək məzənnəsi hər kəsi düşündürür.
Mediatv.az xəbər verir ki, publika.az bu və digər suallar ətrafında iqtisadçı-ekspert Vüqar Bayramovun cavablarını alıb.
- Vüqar müəllim, manat - dollar partiyası bundan sonra necə olacaq? Neftin qiymətinin ucuzlaşması Azərbaycanda əhali arasında devalvasiya gözləntilərini artırıb.
- Manatın dollara nəzərən məzənnəsini müəyyənləşdirən zaman neftin dünya bazar qiymətinin cari təsiri olmur. Neftin dünya bazar qiyməti manata strateji təsir edir. Fevral ayından başlayaraq, Mərkəzi Bank ikivalyutalı səbətindən istifadə edir. Əgər əvvəllər valyuta səbətində dollar əsas götürülürdüsə və dollara nisbətən manatın məzənnəsi müəyyən edilirdisə, hazırda dollarla yanaşı, avro da valyuta səbətində var. Dünya bazarındakı dəyişikliklərə uyğun manatın həm dollara, həm də avroya nəzərən məzənnəsi dəyişir. Manatın növbəti mərhələlərdəki məzənnəsi daha çox avro-dollar münasibətləri və qlobal valyuta bazarındakı vəziyyətdən asılı olacaq. Mərkəzi Bank yaxın aylarda devalvasiyaya getməməyə çalışır. Səbəb də odur ki, yeni devalvasiya bank, eləcə də özəl sektora mənfi təsir göstərə bilər. Digər tərəfdən, bir il ərzində iki dəfə devalvasiya iqtisadi baxımdan arzuolunan deyil. Bundan əlavə, dollarlaşma prosesinin artıq əks prosesi müşahidə edilir. Belə ki, dövriyyədə bəlli həcmdə manat var. Bu manatın əhəmiyyətli hissəsi dollara çevrilib. Məsələn, 10 min manat pulunuz var idi. Artıq onu dollara çevirmisiniz. Yenidən dollarlaşma üçün yenə manatınız olmalıdır. Dövriyyədə olan manatın əsas hissəsi dollarlaşdığından və biznes subyektləri eləcə də insanlar cari xərcləmələrdə manatdan istifadə etdiklərindən məcburdurlar ki, xarici valyutalarını hissə-hissə manata çevirsinlər. Əks proses baş verdiyindən bu, Mərkəzi Bankın intervensiyasına təsir edir. Avqust ayında Mərkəzi Bankın intervensiya xərcləri bir milyard dollardan çox olub. Bunun da səbəbi avqustun ortalarında Qazaxıstan tengesinin dəyər itkisindən sonra valyuta bazarında ajiotajın yaradılmasıdır. Əslində ajiotaj şənbə və bazar günü baş verdiyindən bu, süni ajiotaj idi. Lakin o ərəfədə vətəndaşların bir qisminə kifayət qədər baha kursla dollar satıldı. Çünki valyutadəyişmə məntəqələrinin bəzilərində, xüsusilə rayonlarda 100 dollar almaq üçün 107-108 manat ödənilirdi. Nəticədə süni ajiotaj yaradanlar vəziyyətdən qazandılar. Növbəti gün dolların məzənnəsi düşməyə başladı. 108 manata 100 dollar alan vətəndaş həmin pulu 104-105 manata dəyişdi və müəyyən adamlar qazandı.
- Ajiotajda təkcə bəzi vətəndaşlar uduzdu?
- Mərkəzi Bankın xarici valyuta ehtiyatları iyul ayına nisbətən 1 milyard dollar azaldı. Bu tip ajiotajlar olmasa, Mərkəzi Bankın intervensiya xərcləri kəskin dəyişməyəcək. Nəzər salsaq görərik ki, may ayında aprel ayına, iyunda isə may ayına nisbətən Mərkəzi Bankın valyuta ehtiyatları artıb. İyulda çox cüzi azalma qeydə alındı. Bu onu göstərir ki, may ayından başlayaraq Mərkəzi Bankın intervensiyasına ciddi ehtiyac olmayıb. Çünki dollarlaşmanın əks prosesi gedirdi. Amma avqustdakı süni ajiotaj Mərkəzi Bankın yenidən valyuta bazarına çıxmasına və dollar təklifini artırmasına səbəb oldu. Bu ajiotajlar baş verməzsə, yaxın müddətdə Mərkəzi Bank manatın mövcud məzənnəsini dəhliz çərçivəsində qoruyub saxlaya biləcək.
- Belə çıxır, neft hansı qiymətə düşürsə-düşsün, bunun manata təsiri olmayacaq?
- Neftin qiyməti cari məzənnə üçün əhəmiyyətli olmasa da, strateji məzənnə üçün əhəmiyyətlidir. Mərkəzi Bankın qiymətləndirmələrinə əsasən, tədiyə balansında müsbət saldonu qoruyub saxlamaq üçün neftin dünya bazar qiyməti hər barelə görə 40 dollardan ucuz olmamalıdır. Neftin qiyməti 40 dollardan aşağı düşərsə, müəyyən müddət bu intervalda qalarsa, o zaman manata təzyiqin yenidən artması ehtimalı var. Yox əgər neftin qiyməti 50 dollar ətrafında qalarsa, təzyiq yumşalacaq. Çünki artıq valyuta bazarı və milli valyuta neftin 50 dollarlıq qiymətinə bir növ əczas olunacaq.
- Vüqar bəy, bəzi ekspertlərin rəylərinə görə, Azərbaycan fevral devalvasiyasından da yayına bilərdi. Bu, doğrudurmu?
- Devalvasiyadan qaçmaq çox çətin idi. Mərkəzi Bank kəskin devalvasiyaya getməyə bilərdi. Bizdə olan məlumatlara görə, Mərkəzi Bank kəskin devalvasiyaya getməyi düşünmürmüş də. Sadəcə, bu ona görə baş verdi ki, valyuta bazarına müdaxilələr oldu. Yalnız bir gün ərzində valyuta bazarında yarım milyard dollar vəsait alındı. Adi vətəndaş yarım milyard dollar vəsait ala bilməz. Bunun üçün vətəndaş nə qədər növbəyə dayanmalıdır. Möhtəkirliyin qarşısını almaq üçün Mərkəzi Bank MDB ölkələrində olan bir neçə qaydanı tətbiq etməli idi. Daha məqsədəuyğun olardı ki, valyuta satışı şəxsiyyət vəsiqəsi ilə reallaşdırılsın. Məsələn, bir nəfər banka gəlib yarım milyon manatlıq valyuta alır. Valyutanın alışı şəxsiyyət vəsiqəsi ilə reallaşdırıldıqda həmin adam bunu edə bilmir, qorxur. İkincisi, gündəlik limitlər tətbiq olunmalı idi. Gündəlik 10 min dollar və yaxud 20 min dollarlıq limit qoyulmalı idi. Əgər Mərkəzi Bank bunları tətbiq etmiş olsaydı, möhtəkirliyin qarşısını alacaqdı. Amma bütün hallarda manatın dollara nisbətən məzənnəsinin ucuzlaşması qaçılmaz idi. Çünki manat kəskin möhkəmlənmişdi. Bu da qeyri-neft sektorunun inkişafını əngəlləyirdi. Düzdür, arqument gətirilə bilər ki, qeyri-neft sektorunun ixracda payı azdır. Bu arqument manatın məzənnəsi baxımından ona görə qəbul edilmir ki, məqsəd az payı artırmaqdır. Qeyri-neft sektorunun inkişafı baxımından yumşaq devalvasiyaya gedilməsinə ehtiyac var idi. Təsəvvür edin, Azərbaycan 100 manatlıq məhsul istehsal edirdi. Əvvəlki məzənnə ilə həmin məhsul dünya bazarına 125 dollara çıxarılırdı. Hazırda isə 100 manatlıq məhsulun dəyəri 100 dollardan azdır. Bu da rəqabət aparmağa imkan verir. Ona görə manatın məzənnəsinin möhkəm qalması iqtisadi baxımdan arzu olunan deyildi.
- Yəni devalvasiya bu qədər vacib idi?
- Üzən valyuta rejiminə keçidi 2010-cu ildə reallaşdırmağa ehtiyac vardı. 2010-cu ilin iyun ayında, neftin dünya bazar qiymətinin yüksək olduğu zamanda Mərkəzi Banka yumşaq devalvasiyaya getməyi təklif etmişdik. O zaman Mərkəzi Bank manatın məzənnəsini mərhələli yumşaltsaydı, artıq 2015-ci ildə kəskin devalvasiyaya ehtiyac olmayacaqdı. Amma Mərkəzi Bank manatın möhkəm məzənnəsini qoruyub saxladı. Artıq 2015-ci ildə devalvasiya iqtisadi baxımdan qaçılmaz oldu.
- Manatın məzənnəsinin möhkəm olması kimə sərf edirdi - hökumətə, yoxsa əhaliyə?
- İxracla məşğul olan sahibkara sərf etmirdi. Məhsulları baha çıxırdı. Amma idxalla məşğul olan sahibkara sərf edirdi. Çünki o halda qazanırdı. Nəzərə alsaq ki, Azərbaycanın idxalı 9 milyard dollardan çoxdur, həmin 9 milyard manata idxalı həyata keçirənlərə möhkəm valyuta sərfəli idi.
- Biz axı daha çox neft ixrac edirik...
- Qeyri-neft ixracatı pillə-pillə formalaşır. Məsələn, 2014-cü ildə Quba rayonunda fermerlər almaları çaya axıtdılar. Çünki Rusiyada devalvasiya baş verdi, manat isə həmin dövrdə möhkəm idi. Kiçik rəqəm kimi görsənsə də, 2013-cü ildə Rusiya ilə Azərbaycan arasında ticarət dövriyyəsi 2,4 milyard dollar olub. 2014-cü ildə bu rəqəm manatın möhkəmlənməsi, rublun dəyərdən düşməsi nəticəsində 1,8 milyard dollara qədər azaldı. Əslində Mərkəzi Bank rublun məzənnəsi zəiflədiyi andan manatın yumşaq devalvasiyasına getməli idi ki, fermer təsərrüfatları itirməsin. Düzdür, ixracın strukturunda qeyri-neft sektorunun ixracatı aşağı rəqəmlə ifadə edilir. Lakin pioritet qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaqdırsa, biz çalışıb kiçik rəqəmi böyütməliyik. Bunun da yollarından biri monetar siyasətdir. Təbii, yeganə vasitə deyil. Amma bunsuz qeyri-neft sektorunun ixrac qabiliyyətini artırmaq mümkün deyil.
- Bütün biznes dünyası, eləcə də ayrı-ayrı ölkələrin iqtisadiyyatları Amerika Mərkəzi Bankının federal uçot dərəcəsi ilə bağlı hansı qərarı verəcəyinə köklənib. Sizcə, bu toplantıdan nə gözlənilir?
- İş adamları arasında keçirilən sorğuda 78 faiz federal uçot stavkasının dəyişdiriləcəyini bildirib. Beləliklə, sorğular, proqnozlar FED-in uçot dərəcəsini dəyişdirəcəyini deməyə əsas verir. Amma yenə birmənalı fikir söyləmək olmur. Bir fakt var, dolların məzənnəsinin kəskin möhkəmlənməsi iqtisadi baxımdan Amerikanın maraqlarına uyğun deyil. Baxmayaraq, ABŞ-da işsizlik aşağı rəqəmlə ifadə edilir, iqtisadi artım tempini qoruyub saxlayıb. Dolların kəskin möhkəmlənməsi Amerikanın ixracatına mənfi təsir göstərir. Xüsusilə əsas rəqibi olan Çin yuanı ucuzlaşdırıb və ixrac imkanlarını genişləndirib. O baxımdan aparıcı beynəlxalq təşkilatlar, rəy sorğuları federal uçot stavkasının dəyişdiriləcəyini iddia etsələr də, Amerika Mərkəzi Bankının sıfra yaxın faiz dərəcəsini qoruyub saxlayacağı istisna olunmur.
- Cəmiyyətdə devalvasiya, dolların möhkəmlənməsi kimi proseslər Amerikanın fırıldaqları kimi dəyərləndirilir. Dolların bu günə qədər möhkəmlənməsində kim maraqlı idi?
- Amerika Birləşmiş Ştatları birbaşa məzənnəyə təsir göstərmir. Azərbaycan milli valyutasının məzənnəsinin dəyişməsində Amerikanın maraqlı olduğunu iqtisadi baxımdan söyləmək mümkün deyil. Çünki Azərbaycanla Amerika arasında ticarət dövriyyəsi böyük deyil. Əsas ticarət dövriyyəsi Avropa Birliyi ilədir. Bundan əlavə, orada ayrı-ayrı nümunələr var. Amerika rublun dollara nisbətdə zəifləməsində maraqlıdır və bunu dolayı yolla diktə edir. Dolların avroya nisbətdə kəskin möhkəmlənməsində maraqlı deyil. Amerikanın dünya bazarında rəqabət apardığı ölkələr var. Xatırlayırsınızsa, Çin yuanı devalvasiya edəndə proqnoz vermişdik ki, yaxın günlərdə avro möhkəmlənəcək. Avro niyə möhkəmləndi? Beynəlxalq maliyyədə iki ölkə modeli var. Həmin modelə görə, ixracatda iki rəqib ölkədən birində devalvasiyaya gedirsə, digər ölkənin monetar siyasəti buna uyğunlaşdırılmalıdır. Çin devalvasiya edirsə, Amerika da dolların məzənnəsini müəyyən qədər aşağı salmalıdır ki, bu ölkə dünya və Amerika bazarını tutmasın. Amerikanın məzənnə siyasətində Avropa Birliyi, Çin, Yaponiya, Böyük Britaniya kimi ixracatçı ölkələr əhəmiyyətlidir.
- Əsas hədəfin Rusiya olduğunu başa düşdük. Belə çıxır ki, regiondakı ölkələr və tərəfdaşlar təsadüfi qurbanlardır?
- Azərbaycan heç bir halda hədəf deyil. Amerika Azərbaycanın güclənməsində maraqlı ola bilər, nəinki zəifləməsində. Azərbaycanın yerləşdiyi coğrafi mövqe, anti-terror fəaliyyətində ABŞ-a verilən dəstək bütün bunlar mühüm faktorlardır. Düzdür, Amerikada elə qüvvələr var ki, onlar Azərbaycanın möhkəmlənməsində maraqlı deyillər. Lakin oturuşmuş sistem olaraq dövlət öz müttəfiqlərinin zəifləməsində maraqlı olmamalıdır.
- Rusiya-Amerika qarşıdurması hara qədər davam edəcək?
- Amerika-Rusiya qarşıdurması həm siyasi, həm də iqtisadi baxımdan dünyada fərqli oyun qaydaları diktə edir.
- 2016-cı ilin büdcəsində neftin bareli 50 dollardan götürülüb. Sizcə, neftin qiyməti gələn il 50 dollar olacaq? Əgər neft yenə ucuzlaşsa, Azərbaycanda hansı proseslər gözlənilir?