İqtisadiyyat (23-02-2015, 21:03)
Vətəndaşlar krediti hansı məzənnə ilə ödəyəcək? - SUAL
Ekspertlər bu münasibətlərin Mülkü Məcəllə və bank ilə borcalan arasında bağlanılan müqavilə ilə tənzimlənəcəyini deyirlər
Mərkəzi Bankın qərarı ilə manatın dollar və avro daxil bir çox xarici valyuta qarşısında kəskin ucuzlaşdırması banklardan götürülmüş kreditlərin hansı məzənnə ilə ödəniləcəyi məsələsini gündəmə gətirib. Bu baxımdan hazırda götürülən borcun kredit götürülən zaman mövcud olmuş məzənnə ilə, yoxsa yeni məzənnə ilə ödəniləcəyi geniş müzakirə mövzusudur.
Məsələni “Həftə içi”nə şərh edən “CLC” hüquq şirkətinin rəhbəri Pərviz Məmmədovun sözlərinə görə, bu münasibətlər Mülkü Məcəllə və bank ilə borcalan arasında bağlanılan müqavilə ilə tənzimlənir. Onun fikrincə, əgər, müqavilədə borcun məzənnə dəyişikliyi baş verərsə, yeni məzənnə ilə ödəniləcəyi barədə bir maddə nəzərdə tutulmamışdırsa, borc, kredit götürülən zaman mövcud olmuş məzənnə ilə ödənilməlidir. Müqavilədə borcun ödənişlər həyata keçirilən zaman mövcud olan məzənnə ilə ödənilməsi barədə maddə varsa, təbii ki, borc yeni məzənnə ilə icra edilməlidir: “Mülki Məcəllənin 439.7-ci maddəsinə görə, əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Bizim müşahidələrimizə görə, xeyli müddətdir dollar/manat məzənnəsi sabit qaldığından banklar kredit müqavilələrində belə bir maddə nəzərdə tutmurdular. Yəni əhali və şirkətlər xarici valyutada, o cümlədən, dollarda götürdükləri kreditlər üzrə borclarını borcu götürdükləri və ya müqaviləni bağladıqları tarixə mövcud olmuş məzənnə ilə ödəməli olacaqlar. Tələbə görə, borc dollarda ifadə olunsa da, ödəniş manat ilə aparılmalıdır. Qısası, yaranmış vəziyyət borcu dollarda götürənlərin çoxlarının xeyrinədir. Tutaq ki, indiyədək banka aylıq 100 dollar kredit borcu olan şəxs kassaya 79 manat ödəyirdisə, bu gün 105 manat deyil, yenə 79 manat ödəyərək aylıq borcunu bağlaya bilər. Bunu Mülki Məcəllə deyir”.
«IJS» Hüquq Firmasının İdarəedici Partnyor, vəkil Əkrəm Həsənov isə bildirib ki, bəzi hüquqşunasların xarici valyutada olan kreditlərini krediti aldıqları tarixdə olan valyuta məzənnəsi əsasında manatla ödəyə biləcəkləri barədə dedikləri doğru deyil. Ekspert “Həftə içi”nə açıqlamasında bildirib ki, bəzi hüquqşünaslar əhaliyə xarici valyutada olan kreditlərini krediti aldıqları tarixdə olan valyuta məzənnəsi əsasında manatla ödəyə biləcəyinə dair fikirlər söyləyir. Əslində, bu belə deyil: “Çox güman ki, həmkarlarımı Mülki Məcəlləmizin qüsurlu dil üslubu və zəif qanunvericilik texnikası çaşdırıb. Belə ki, onlar Məcəllənin 439.7-ci maddəsinə istinad edirlər. Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir. Əslində burada söhbət pul vahidinin öz dəyərindən, yəni nominal dəyərindən gedir, digər valyutalara nisbətindən yox. Pul vahidinin nominal dəyərinin dəyişməsi nədir? Denominasiya! Yəni, məsələn, Azərbaycanda 2006-cı ildə baş vermiş son denominasiya nəticəsində 5000 manat 1 manata bərabər tutulmuşdur. Yəni pul vahidinin nominal dəyəri azalmışdır. Ümumiyyətlə, sözügedən müddəanın pul vahidinin xarici valyutaya nisbətinin, yəni valyuta məzənnəsinin dəyişməsi kimi başa düşmək texniki cəhətdən də mümkün deyil. Çünki pul vahidi eyni zamanda bir valyutaya nisbətdə bahalaşa, digərinə nisbətdə isə ucuzlaşa bilər. Beləliklə, Mülki Məcəllənin 439.7-ci maddəsinin şərh edilən məsələyə heç bir aidiyyatı yoxdur. Bəs onda bu məsələ hansı norma ilə tənzimlənir? Mülki Məcəllənin 439.2-ci maddəsi ilə. Orada deyilir ki, əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir. Yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır”.
Məsələyə münasibət bildirən İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə “Həftə içi”nə deyib ki, manatın ucuzlaşması dollarla kredit götürənlərə mənfi təsir edəcək. Onun sözlərinə görə, dollar manatı üstələyibsə, bu artıq manatın devalvasiyası deməkdir: “Banklar öz risklərini sığortalamaq üçün 1 həftədən artıqdır ki, kreditləri bütövlükdə dollarla təklif edirlər. Belə ki, gələcəkdə manatın məzənnəsi aşağı düşərsə, o zaman kreditlərin geri qaytarılması ilə bağlı çətinlik yarana bilər. Hal-hazırda kommersiya banklarının əksəriyyəti öz kreditlərini dollarla təklif etməkdədir. Manatla kredit təklif edən bankların sayı azdır. Mərkəzi Bank nəzarət etməlidir ki, bankların kredit təklifi onların aktivlərinin valyuta strukturuna uyğun olaraq həyata keçirilsin. Bankların krediti dollarla göstərib vətəndaşa manatla kredit verməsi, qanuna ziddir. Bank kredit müqaviləsində göstərdiyi valyutaya düzəliş etməlidir”.