İqtisadiyyat (18-02-2015, 20:26)
Baş bankirdən banklara çağırış - Elman Rüstəmov
Elman Rüstəmov: «Heç bir maneə törətmədən öz əmanətlərini xarici valyutaya keçirmək istəyən əmanətçilərə şəraiti yaradılmalıdır»
«Biz Azərbaycanda dollarlaşma prosesi gözləyirik. Artıq iki aydır dollarlaşma prosesi var. Burada da mən qəribə bir şey görmürəm. Bu psixoloji və xaici amillərin, qonşularımızda gedən devalvasiyanın təsiri altında baş verir”.
“Həftə içi”nin məlumatına görə, bu fikirləri Mərkəzi Bankın sədri Elman Rüstəmov dövlət televiziyasında çıxışı zamanı səsləndirib. O qeyd edib ki, dollarlaşma prosesinin getməsi eyni zamanda anti-inflyasiyadır: “Bu yaxınlarda Qazaxıstan Mərkəzi Bankının sədri ilə görüşümdə o mənə dedi ki, Qazaxıstanda dollarlaşma artıq 70 faizdən yuxarıdır. Bunun əsas səbəbi tengenin kəskin devalvasiyasıdır və əhalinin və ölkənin iqtisadi subyektlərinin öz milli valyutalarına etibarlarının itirilməsidir. Müəyyən dərəcədə ölkəmizdə manatın dollarlaşması prosesinin getməsi təbii ki, təlabatın müəyyən qədər azalmasına səbəb ola bilər. Bu eyni zamanda anti-inflyasiyadır. Biz bu il aşağı inflyasiya gözləyirik. Ötən il Azərbaycanda 1,4 faiz inflyasiya olub. Bu, dünyada ən aşağı inflyasiya göstəricilərindən biridir. Bu il də Azərbaycanda birrəqəmli, çox aşağı inflyasiya gözləyirik”.
Mərkəzi Bankın sədri qeyd edib ki, əhalinin banklardakı əmanətlərini dollara çevirmələri normal haldır. Onun sözlərinə görə, Azərbaycan əhalisinin banklarda 7 milyard manat ekvivalentindən çox əmanətləri mövcuddur. Bunun yarısı milli valyutada, yarısı isə xarici valyutadadır: “Son iki ayda müşahidə edirik ki, dollarlaşma prosesi gedir. Bu, cəmisi 4 faiz artımdır. Bizim banklara göstərişimiz bundan ibarət olub ki, heç bir maneə törətmədən öz əmanətlərini xarici valyutaya keçirmək istəyən əmanətçilərinə hər bir şəraiti yaratsınlar. Bu, sadəcə olaraq dollarlaşmadır. Hər bir vətəndaşın maneə olmadan öz pulunu dəyişməyə hüququ var. Banklar bunu edir. Əvvəllər manat depozitləri üzrə faiz dərəcələri xarici valyutada olan depozitlərin faiz dərəcəsindən üstün idi. Bu gün onu da müşahidə edirik ki, xarici valyutada olan depozitlər üzrə faiz dərəcələri manatda olan faiz dərəcələrinə yaxındır. Hesab edirəm ki, yaranmış situasiya da doğrudur. Bir daha Azərbaycan bank sisteminə müraciət etmək istəyirəm ki, əhalinin əmanətlərinə qarşı çox həssas olsunlar və ilk müraciətdə onların əmanətlərinin mübadiləsini təmin etsinlər. Biz bu işi ciddi izləyirik. Bu normal haldır. Çox yaxşı haldır ki, banklardan əhalinin əmanətlərinin çıxışının şahidi olmuruq”.
Elman Rüstəmov mübadilə məntəqələrinə üzünü tutaraq deyib ki, əhalinin pullarını dollara məhdudiyyət qoymadan dəyişsinlər. Onun sözlərinə görə, son günlər Azərbaycanda, xüsusən də paytaxt Bakıda nağd valyutaya təlabat artıb: “Mən mübadilə məntəqələrinə demək istəyirəm ki, bizim həm nağd, həm də qeyri-nağd formada kifayət qədər valyuta ehtiyatlarımız var. Biz bankları tam təchiz edirik. Öz əllərində olan vəsaitlərini milli valyutada saxlamaq, yaxud onu konvertasiya etmək əhalinin öz seçimidir. Bizim əsas borcumuz, milli valyutanın emitenti kimi, ilk tələbdə xarici valyutanın manata konvertasiyasını təmin edək”.
Dollarla kredit vermək o deməkdir ki…
Mövzu ilə bağlı fikirlərini “Həftə içi”nə açıqlayan İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev deyib ki, əslində qanunvericiliyə əsasən, bankların istənilən valyuta ilə kredit vermək hüququ var. Onun sözlərinə görə, manatın ölkədə yeganə ödəniş vasitəsi olduğunu nəzərə alsaq, bankların krediti manatla verməkdən imtina etməsi düzgün deyil: “Amma bu bankların dollarla kredit vermək hüququnu istisna etmir. Belə bir qadağa ola bilməz”.
Ekspert deyib ki, bankların dollarla kredit verməsinin əsas iki səbəbi var. Onun sözlərinə görə, birinci səbəb ondan ibarətdir ki, bu gün bank sektorunda manat qıtlığı yaşanır: “Manat banklarda az dövr etdiyindən banklar manat qıtlığından əziyyət çəkirlər. Ona görə də banklar krediti dollarla verməyə üstünlük verirlər. Qeyd edək ki, əmanət qoyuluşunda manatla cəlb edilən əmanətlərin faizi daha yüksəkdir. Banklar manatla əmanət cəlb etməkdə daha çox maraqlıdır. İkinci səbəb isə son günlər manatın məzənnəsinin aşağı salınması ilə bağlıdır. Dollarla kredit vermək o deməkdir ki, kredit qaytarılanda da dollarla qaytarılacaq. Manatın ucuzlaşması kredit verən banklar üçün zərərlidir. Çünki pul dəyərdən düşür. Banklar bununla özlərini sığortalayırlar ki, gələcəkdə manat ucuzlaşarsa, onlar faizi dollarla ala bilsinlər. Burada həm faizə görə uduş olur, həm də manat ucuzlaşanda dollar ifadəsində böyük rəqəm yaranır”.
Kapital axını sürətlənəcək
Məsələyə münasibət bildirən İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Qubad İbadoğlu isə hesab edir ki, Mərkəzi Bank müəyyən olunmuş dəhliz çərçivəsində valyuta bazarında iştirakını davam etdirəcəyi halda manatın qısa müddətli dövrdə kəskin ucuzlaşacağını gözləməyə dəyməz. Onun sözlərinə görə, mövcud iqtisadi və maliyyə imkanları yaxın müddətdə bu prosesin nəzarətdə saxlanılmasına imkan verir: "Onsuz da Mərkəzi Bankın valyuta ehtiyatları manatın sabitliyi üçün xərclənir. Digər tərəfdən də məzənnə siyasətində ikitərəfli məzənnənin hədəflənməsindən valyuta səbəti dəyərinin hədəflənməsinə keçid zamanı avro yenidən səbətə daxil edilsə də onun xüsusi çəkisi çox aşağı götürülüb. Lakin, məlum açıqlamanın yaratdığı psixoloji təsirlər yaxın müddət müəyyən neqativ tendensiyaların güclənməsinə stimul verəcək. Birincisi, Mərkəz Bank valyuta bazarında satışyönlü müdaxilə rejimində daha gərgin işləməyə məcbur olacaq. Bu isə müdaxilə xərclərinin artımını və valyuta ehtiyatlarının azalmasını sürətləndirəcək. İkincisi, əhalinin gözləntiləri çox olduğuna görə, manatla olan depozitlərin geri götürülməsi davam edəcək ki, bu da manata olan inamın azalmasını şərtləndirəcək. Üçüncusu, baş verənlər dövriyyədə nağd əməliyyatların artımına və gizli iqtisadiyyatın genişlənməsinə gətirib çıxaracaq. Dördüncüsü, iri məbləğdə olan (əmlak, torpaq və maşın bazarlarında) alışlar və satışlarda dollara üstünlük veriləcək. Nəhayət, ölkədən kapital axının sürətlənəcək".
İqtisadçı əlavə edib ki, Mərkəz Bank ötən ilin sonuncu rübü üzrə tədiyə balansının nəticələrini açıqlamasa da artıq əvvəlki rüblər üzrə profisitin azalması qeydə alınıb. Daha ciddi azalma isə bu ilin 1-ci rübündə gözlənilir. Qubad İbadoğlunun fikrincə, bu, o deməkdir ki, əgər neftin orta illik qiyməti hətta indiki səviyyəsində qalarsa tədiyə balansının profisiti kəskin azalacaq və manatın məzənnəsinə artıq psioxoloji deyil, gerçək təsirlər işə düşəcək.
Sevinc