İqtisadiyyat (18-02-2015, 23:02)
31 milyardlıq ticarət əməliyyatı- DGK
2014-cü ildə ölkənin hüquqi və fiziki şəxsləri xarici dövlətlərlə 31 milyard dollar məbləğində ticarət əməliyyatları aparıblar.
Dövlət Gömrük Komitəsindən Mediatv.az”a verilən məlumata görə, əmtəə dövriyyəsinin 70,4 faizini və ya 21,8 milyard dollarını ölkədən ixrac olunmuş mallar, 29,6 faizini (9,2 milyard dollarını) isə idxal məhsulları təşkil edib, 12,6 milyard dollar məbləğində müsbət saldo yaranıb. Əmtəə mübadiləsinin 90,6 faizi və ya 28,1 milyard dollarlığı uzaq xarici dövlətlərlə, 9,4 faizi (2,9 milyard dolları) MDB üzvü ölkələri ilə aparılıb.
Ölkəmizə idxal olunmuş malların 77,3 faizi və ya 7,1 milyard dolları uzaq xarici dövlətlərdən, 22,7 faizi (2,1 milyard dolları) MDB üzvü ölkələrindən daxil olub. İdxal olunan malların 28,1 faizini maşınlar, mexanizmlər, elektrotexniki avadanlıqlar, aparatlar, 8,8 faizini quru yol nəqliyyat vasitələri, uçan aparatlar, üzən nəqliyyat vasitələri, 13,6 faizini azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, 4,6 faizini mirvari, qiymətli daşlar və metallar, onlardan hazırlanan məmulatlar, 9,7 faizini ərzaq məhsulları, spirtli və spirtsiz içkilər, sirkə, tütün, 7,8 faizini kimya sənayesi məhsulları, 4,6 faizini bitki mənşəli məhsullar və s. təşkil edib.
Qeyd edək ki, ölkədən ixrac edilmiş malların 96,2 faizi, yaxud 21,0 milyard dolları uzaq xarici dövlətlərə, 3,8 faizi (0,8 milyard dolları) isə MDB üzvü ölkələrinə göndərilib. Xarici ölkələrə göndərilmiş malların içərisində mineral məhsullar üstünlük təşkil etmişdir. Bundan başqa, ölkədən bitki mənşəli məhsullar, ərzaq, kimya sənayesi məhsulları, azqiymətli metallar və onlardan hazırlanmış məmulatlar, plastik kütlələr, kauçuk, rezin, onlardan hazırlanmış məmulatlar və s. ixrac olunub.
Xatırladaq ki, əmtəə mübadiləsi daha çox İtaliya, Almaniya, İndoneziya, Rusiya, İsrail, Türkiyə, Fransa, ABŞ, Böyük Britaniya, Tailandla aparılıb.