Hadisə (20-10-2015, 15:38)
MTN generalı Hilal Əsədovun evində axtarış aparılıb
Oktyabrın 17-də prezident sərəncamı ilə milli təhlükəsizlik naziri postundan azad olunan Eldar Mahmudovun 1-ci müavini, general-leytenant Hilal Əsədovun evlərində axtarış aparılıb.
Mediatv.az xəbər verir ki, bu barədə Musavat.com-a məlumatlı mənbə bilgi verib.
Bildirilir ki, adətən 2 mülki geyimli şəxsin müşayiət etdiyi H.Əsədov bu dəfə Bakının mərkəzindəki mənzilinə 10-a yaxın şəxslə gəlib. 28 May küçəsi, ev 18 ünvanında aparılan axtarışdan sonra H.Əsədov həmin şəxslərin əhatəsində naməlum istiqamətə aparılıb. Axtarış zamanı mənzildən sənədlər götürülüb. Yada salaq ki, oktyabrın 17-də Baş Prokurorluğun və Baş Dövlət Xüsusi Mühafizə İdarəsinin əməkdaşları MTN-də xüsusi əməliyyat keçirib. Həmin gün prezident İlham Əliyevin sərəncamı ilə Eldar Mahmudov milli təhlükəsizlik naziri vəzifəsindən uzaqlaşdırılıb. Xüsusi əməliyyat zamanı MTN-in əksər rəhbər şəxləri nəzarətə götürülüb, 12 rəhbər şəxs – Hilal Əsədov, Akif Çovdarov, İlqar Əliyev, Natəvan Mirvətova və digəriləri həbs olunublar.
Qeyd edək ki, “MTN işi” ilə bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 302-ci (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.