İqtisadiyyat (13-02-2015, 21:31)
Avropanın alternativ enerji mənbəyi - "Cənub" qaz dəhlizi
Bu layihə Azərbaycanın həm iqtisadi gəlirlərinin artırılması, həm də siyasi müstəqilliyin möhkəmlənməsi üçün xüsusi önəm daşıyır
Bakıda "Cənub" qaz dəhlizi layihəsinin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclası keçirilib. İclasda "Cənub" qaz dəhlizi layihəsinin icrası, idarə olunması, mövcud vəziyyəti ilə bağlı konkret tövsiyələr verilib. Məşvərət Şurasının iclasında "Cənub" qaz dəhlizi layihəsinin iştirakçısı olan ölkələrin - Azərbaycan, Türkiyə, Gürcüstan, Yunanıstan, Albaniya, İtaliya və Bolqarıstanın energetika nazirlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri, Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ), "BP-Azərbaycan" şirkəti, Transanadolu Boru Kəməri (TANAP), Transadriatik Boru Kəməri (TAP) şirkətlərinin və digər beynəlxalq qurumların rəsmi nümayəndələri iştirak ediblər. Görüşdə həmçinin Azərbaycan prezidenti İlham Əliyev də iştirak edərək önəmli mesajlar verib.
Xatırladaq ki, 2011-ci ildə Azərbaycan ilə Avropa İttifaqı arasında "Cənub" qaz dəhlizi ilə bağlı birgə bəyannamə, 2012-ci ildə Türkiyə ilə TANAP-a dair saziş imzalanıb. 2013-cü ildə TAP layihəsi əsas ixrac marşrutu kimi seçilib, həmin ilin dekabrın 17-də "Şahdəniz-2" layihəsinə dair yekun investisiya qərarı qəbul edilib və 2014-cü ildə "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi keçirilib. "Cənub" qaz dəhlizi layihəsinin icrası çərçivəsində "Şahdəniz" yatağından hasil olunan qaz 2018-ci ildə Türkiyəyə, bir il sonra isə Avropaya çatacaq. 45 milyard dollar investisiya tələb edən bu layihə çərçivəsində ilkin mərhələdə 16 milyard kubmetr qaz nəqli nəzərdə tutulur. Qazın 6 milyard kubmetri Türkiyəyə, qalan 10 milyard kubmetri isə Avropaya ötürüləcək. 2,5 trilyon kubmetr təsdiqlənmiş qaz ehtiyatları olan Azərbaycanın növbəti illərdə Avropaya nəql edəcəyi mavi yanacağın miqdarını 20 milyard kubmetrə çatdırmaq imkanı da var.
Mövzu ilə bağlı fikirlərini "Həftə içi"nə bölüşən Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Cənub" qaz dəhlizi layihəsi üzrə müvafiq ölkələrin energetika nazirlərindən ibarət Məşvərət Şurasının ilk iclasının Bakıda keçirilməsini ciddi hadisə sayır. Onun sözlərinə görə, bu görüş layihənin icrasını daha da sürətləndirəcək:
"Düzdür, "Cənub" qaz dəhlizi layihəsi üzrə razılıq əldə olunandan sonra Türkiyə-Rusiya arasında "Türk axını" kəmərinin çəkilişi üzrə anlaşma əldə olundu. Bu, müəyyən qədər "Cənub" qaz dəhlizi layihəsinin inkişafına mane ola bilər. Amma prezident İlham Əliyev bu layihə çərçivəsində Bakıda keçirilən görüşdə bildirdi ki, bu məsələdə yubanmaq olmaz, gərək bunu vaxtında başa çatdıraq. 2018-ci ildə Azərbaycan qazı artıq Avropaya çatdırılmalıdır. Əvvəlcə Transanadolu Boru Kəməri (TANAP), 2020-ci ildə isə Transadriatik Boru Kəməri (TAP) çəkilib başa çatdırılmalıdır. Məni narahat edən Yunanıstanın mövqeyi oldu. Bir sıra şərtlər irəli sürürlər. Bu məsələ də həllini tapacaq".
Azərbaycan həm də tranzit ölkə kimi əhəmiyyətli dövlətə çevriləcək
Millət vəkili hesab edir ki, "Cənub" qaz dəhlizi layihəsinin icrasının Azərbaycan üçün çox böyük əhəmiyyəti var. Vahid Əhmədovun sözlərinə görə, bu layihə həm iqtisadi gəlirlərin artırılması, həm də siyasi müstəqilliyin möhkəmlənməsi üçün vacibdir: "1994-cü ilin 20 sentyabrında Əsrin Müqaviləsi imzalanmışdı, 20 il sonra 20 sentyabrda "Cənub" qaz dəhlizi layihəsi müqaviləsi imzalandı. Bu, simvolik xarakter daşıyırdı. Bu layihə siyasi və iqtisadi cəhətdən "Əsrin müqaviləsi" qədər əhəmiyyət kəsb edir. Yəni, Aərbaycan bütün hallarda öz qazını ixrac edəcək. Burada 15-20 milyard kubmetrlik qazın ixracından söhbət gedir. Gələcəkdə Türkmənistan və İran qazı üzrə razılaşma əldə olunarsa, Azərbaycan həm də tranzit ölkə kimi əhəmiyyətli dövlətə çevriləcək. Bu layihəyə Avropa Birliyi, Amerika dəstək verir. Avropanın alternativ enerji mənbəyi yalnız Azərbaycandır. Əgər Avropa enerji asılılığını azaltmaq, iqtisadi müstəqilliyini gücləndirmək istəyirsə, "Cənub" qaz dəhlizinə dəstəyini daha da artırmalıdır".
Vahid Əhmədov son zamanlar bu layihəyə problem yaratmaq istəyən qüvvələrin olduğunu da deyir. Onun sözlərinə görə, Rusiya "Cənub axını" layihəsi əsasında öz qazını Avropa bazarına çıxarmaq istəyir: "Türkiyənin enerji naziri də ayda iki dəfə Rusiyada səfərdə olur. Bəzən qazın qiymətinə yenidən baxılacağı haqqında Rusiya tərəfindən açıqlamalar verilir. Hesab edirəm ki, burada məqsəd odur ki, Azərbaycan qazını mümkün qədər Avropaya gec çıxarsın. Ancaq prezident Davosda bu barədə müzakirə apardı, nazirləri Bakıya topladı və bildirdi ki, 2016-cı ildə bu layihə başa çatmalıdır. Fikrimcə, bizim deputatlar da xaricdə səfərdə olanda bu barədə danışmalı və bildirməlirlər ki, bu, Avropa üçün də əhəmiyyətlidir. Hesab edirəm ki, neft hasilatının aşağı düşməsi fonunda qaz layihəsi bizim üçün çox vacibdir".
Ən böyük uğur...
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə hesab edir ki, Bakıda belə bir toplantının keçirilməsi və "Cənub" qaz dəhlizi keçən ölkələrin enerji nazirlərinin bu layihəni bir daha dəstəkləməsi tikinti fazasına qədəm qoyduğu dövrdə layihəyə olan inamın artırılması deməkdir: "Bu iclas təxminən 6 saat davam edən hərtərəfli müzakirələrdən sonra birgə bəyannamə imzalanması ilə başa çatdı. Tərəflər qeyd etdilər ki, öz öhdəliklərinə düşən vəzifələri yerinə yetirməyə söz verirlər və layihənin icrasında qərarlıdırlar. Bunu ən böyük nailiyyətlərdən hesab etmək olar. Çünki Azərbaycanın təşəbbüsü ilə çağırılan bu toplantı ötən ilin sonlarından regionda yaranmış iqtisadi-siyasi gərgin vəziyyətin və onun "Cənub" qaz dəhlizinə təsirlərinin yumşaldılması yönündə atılan ən böyük addım idi. Əsasən də ötən ilin sonunda qərblə Rusiya arasında Ukrayna probleminin gərginləşməsi fonunda enerji probleminin qabardılması və nəticə olaraq "Cənub axını" layihəsindən Rusiyanın imtina etməsindən sonra qəflətən "Türk axını" layihəsinin gündəmə gəlməsi ilə əlaqədar qaz marşrutları ilə bağlı dumanlı fikirlər səslənirdi. Belə fikirlər hökumətlərə, şirkətlərə müəyyən təsirlər edirdi. Amma Bakıda belə bir toplantının keçirilməsi və "Cənub" qaz dəhlizinin keçəcəyi ölkələrin enerji nazirlərinin bu layihəyni bir daha dəstəkləməsi artıq tikinti fazasına qədəm qoyduğu dövrdə layihəyə olan inamın artırılması deməkdir. Bu, iclasın ən böyük uğurudur".
Ekspert vurğulayıb ki, layihənin hazırda ən böyük problemi Yunanıstanda yaşanır. Onun sözlərinə görə, ötən ay Yunanıstanda qurulan yeni hökumət "Cənub" qaz dəhlizinin sonuncu hissəsi - Trans Adriatik boru kəməri (TAP) ilə daşınacaq Azərbaycan qazından bu ölkəyə çatacaq tranzit haqlarına və bu boru xətti ilə 2020-ci ildən Yunanıstana nəql olunmalı Azərbaycan qazının alqı-satqı müqaviləsindəki qiymətlərinə öz mənfi münasibətini "TAP AG" konsorsiumuna bəyan edib: "Belə görünür ki, bu məsələlər Yunanıstanda əvvəlki hökumət öz nüfuzunu itirməyə başlayandan gündəmə gəlməyə başlayıb. Bakı görüşündən bir gün öncə isə Moskvaya səfər edən Yunanıstan xarici işlər naziri Rusiyalı həmkarı Sergey Lavrovla qaz ixrac marşrutlarını da müzakirə ediblər və "Yunanıstan "Türk axını"na maraq göstərir" kimi ifadə bu görüşün kuliminasiya nöqtəsi olub. Demək, bir şey aydındır ki, Yunanıstan artıq "Cənub" qaz dəhlizinin reallaşmasında bir tıxaca çevrilir və tezliklə bu problem həllini tapmalıdır".
Azərbaycanın Yunanıstana hər hansı güzəştə getmək imkanılarının olub-olmamasına gəlincə, İlham Şaban deyir ki, "Şahdəniz" konsorsiumu və ARDNŞ 2011-ci ildən başlayaraq Azərbaycan qazının Avropaya ixrac marşrutu uzərində ciddi işlərə başlayib. O zaman 4 əsas marşrut üzərində təhlillər aparılırdı. Sonra ciddi mübarizə nəticəsində seçimdə 2 marşrut qaldı: Nabucco-West və TAP: "TAP marşrutu ona görə seçildi ki, ən minimal tarifləri və bu boru kəmər boyunca yerləşən ölkələr optimal alqı-satqı variantlarını təklif etmişdilər. İndi Yunanıstanın yeni hakimiyyətinin təkidi ilə bu tariflər qaldırılsa və satış qazının qiyməti endirilsə, demək, onda həm ixrac boru layihəsinin kommersiya rentabelliyi təhlukə altına duşmüş olur, həm də "Şahdəniz-2" layihəsinə investisiya etməyə hazırlaşan şirkətlərin vəsaitlərinin geri qayıtma dövrü uzanmış olur. Bu zaman Xəzərin ən böyük qaz yatağının işlənməsi belə, təhlükə altına alına bilər. Nəticədə Avropa çoxdan bəri arzuladığı alternativ mənbədən qaz almaq imkanından sadəcə məhrum olmaq kimi təhlukə ilə üzləşə bilər".
Ölkəmiz üçün yeni imkanlar yaranır
ARDNŞ-nin "Azneft" İstehsalat Birliyinin Baş direktoru Daşqın İsgəndərov isə qeyd edir ki, "Cənub" qaz dəhlizi layihəsinin həyata keçirilməsi ilə Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənir. Onun fikrincə, bu layihə ilk növbədə, Avropaya qaz tədarükləri mənbələrini şaxələndirməyə, Azərbaycan üçün yeni alternativ marşrutlar açmağa imkan verəcək. Bundan əlavə, çoxtərəfli əməkdaşlıq, milli iqtisadiyyatların birləşməsi və bütövlükdə regional inteqrasiya kimi proseslərə güclü şərait yaradacaq.
Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, politoloq Elman Nəsirli də "Cənub" qaz dəhlizinin Məşvərət Şurasının Bakıda keçirilən iclasını yüksək qiymətləndirib:
"Tədbirin əhəmiyyəti haqqında hələ ölkə prezidenti İlham Əliyev Davos iqtisadi forumunda bəyanat verib. Qeyd edib ki, 2012-ci ildə öz təşəbbüsümüzlə və öz imkanlarımız çərçivəsində TANAP layihəsi ilə bağlı çox mühüm bir qərar qəbul etdik. 2013-cü ildə TAP-la bağlı razılaşma əldə olundu. Eyni zamanda 2014-cü ildə "Əsrin müqaviləsi"nin imzalanmasının 20-ci ildönümü ərəfəsində "Cənub" qaz dəhlizinin təməlqoyma mərasimi keçirildi. Bunların hamısı bir daha göstərdi ki, Azərbaycan hələ 2011-ci ildən Avropa İttifaqı ilə imzaladığı "Cənub" qaz dəhlizi sənədinə sadiqdir. Bu istiqamətdə ölkəmiz tərəfindən bütün müvafiq addımları atılır və bu addımlar öz qətiyyəti ilə seçilir. Məhz Bakıda keçirilən Məşvərət Şurasının iclasının əsas məqsədi də odur ki, burada Azərbaycan, Türkiyə və Gürcüstandan başqa Bolqarıstan, Yunanıstan, Albaniya, İtaliya da fəal iştirak etsin".
Sevinc