Cəmiyyət (29-10-2015, 17:54)
Azərbaycanda bütün smartfonlara “ayfon” adı verildi - İzahlı lüğətdə yeni sözlər
Bu günlərdə Azərbaycan dilinə rəsmi olaraq 2500 yeni termin daxil edildi.
Mediatv.az xəbər verir ki, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova bu barədə “Yeni Müsavat”a açıqlama verib. Mütəxəsis bildirib ki, yeni terminlər müstəqillik dövrümüzdən bu günədək dilimizə daxil olan və dilin öz imkanları hesabına yaranan sözlərdir:
“Terminlər müxtəlif sahələr – informatika, iqtisadiyyat, riyaziyyat, kimya, tibb sahələri üzrədir. Yeni terminlərin sırasında informatika sahəsi üzrə olan sözlər çoxluq təşkil edir. Çünki, informatika və texnika ilə bağlı sözlərin mənbəyi daha çox Avropada yaranır, inkişaf edir. Buna görə də həmin lüğətdə ingilis dilindən alınan sözlər kifayət qədərdir.
Bu terminlər dilimzdə məhdud sahələr üzrə işlək vəziyyətdə olsa da Azərbaycan dilinin orfoqrafiyası, eləcə də izzahlı lüğətinə daxil edilməyib. Məsələn, xüsusi su vannası –“çakuzi”, lotereyada böyük məbləğlı uduş – “çekpot” sözləri və s.
Son dövrlər isə “Facebook”, “WhatsApp” terminləri yarandı və onlar da nə orfoqrafiyada nə də texnoloji lüğətdə öz əksini tapmırdı. Lakin hazırda bu terminlər həmin lüğətdə yer alıb. Hər bir terminin isə həm izahı, həm də azərbaycan, rusca, ingiliscə türkcə qarşılığı verilir”.
Sayalı Sadıqov onu da qeyd etdi ki, yeni terminlərin dildə sıx işlədilməsi üçün müxtəlif elm sahələrini əhatə edən 16 bölmə var ki, adı çəkilən terminlər həmin şöbələrə göndərilir və lazımi mütəxəsislərə çatdırılır.
Yeni terminlərin bir neçəsini təqdim edirik:
AYFON – Səs, rabitə və görüntü imkanlarını özündə birləş¬dirən simsiz multimedia qurğusu.
AYPƏD – İnternetə fərdi qoşulma cihazı; klaviaturasız noutbuk.
CAKUZİ – Suyun xüsusi sistem üzrə dövr etdiyi və yüksək təzyiqlə vurulduğu vanna.
CEKPOT – Lotereyada böyük məbləğli uduş.
ÇAT – İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır.
ÇİPS – Lay-lay doğranmış və yağda qızardılmış kövrək, xırçıldayan kartof dilimləri.
DATA KART – İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart.
DEVALVASİYA – Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla, gümüşə, xarici valyu¬taya görə məzənnəsinin aşağı düşməsi deməkdir. İnflyasiya, tədiyyə balansının defisiti (kəsiri) pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi,qiymətdən düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.
DİCEY – Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin və ya əsasən, musiqi üzərində qurulmuş radio proqramının aparıcısı.