Cəmiyyət (28-10-2015, 17:44)
Ekspertdən sensasion Avtovağzal açıqlaması: "Həmin ərazidən yeraltı çaylar axır"
Bakı Beynəlxalq Avtovağzal Kompleksində sürüşmə nəticəsində yaranan çatlar sürücüləri qorxuya salıb. Nəqliyyatın intensiv hərəkət etdiyi Bakı-Sumqayıt yolunda çatların üzəri asfalt örtüyü ilə yenilənsə də, sürücülər körpünün çökəcəyindən ehtiyat edirlər. Son günlər hava şəraitinin yağıntılı keçməsi təhlükəni bir az da artırır. Aparılan təmir-bərpa işlərinə baxmayaraq, ekspertlər bu problemin əsaslı şəkildə öz həllini tapmadığını deyirlər.
Mediatv.az xəbər verir ki, Ekpert Vaqif Behbutov musavat.com-a açıqlamasında Avtovağzal yolundakı sürüşmənin və çökmənin səbəbləri ilə bağlı ilginc məlumatlar verib. Ekspert Böyük Şor gölünün bir qolunun həmin istiqamətdən yeraltı sızmalarla Xocasən gölünə töküldüyünü bildirib: “Avtovağzalda yeraltı sular axır. Böyük Şor gölündən Xocəsən gölünə yeraltı axıntı var. Bu səbəbdən də körpüdə çökmə və sürüşmə nəticəsində çatlar yaranıb. Bütün bunlar inşaya başlamazdan əvvəl nəzərə alınmalı idi. Və ya körpü salınarkən xüsusi dəmir konstruksiyalardan istifadə etmək lazım idi. Körpü adi qaydada inşa olunduğu üçün vəziyyət bu həddə çatıb. Bu problemin həlli üçün kifayət qədər vəsait tələb olunur. Yeraltı çaylar və nəqliyyatın hərəkətindən yaranan sürüşmə bu yolu təhlükə mənbəyinə çevirir. Əvvəllər Böyük Şor gölü müəyyən qədər dolduruldu, lakin yeraltı axıntılar yol taparaq həmin ərazilərə sızıb. Göldə suyun səviyyəsi yüksək olduğu üçün vaxtilə “Nəriman Nərimanov” metrostansiyası inşa olunanda da qurunt suları sızaraq metroya dolmuşdu. Bundan əlavə "Çerment" qəsəbəsi də su altında qalmışdı. Bütün bunlar yeraltı qurunt sularının sızması nəticəsində baş vermişdi. Tədbir görüldükdən sonra suyun qarşısı alınmışdı".
Təpələrin sulanması nəticəsində çatların yaranması fikrinə gəlincə, ekspert bunun mümkünsüz olduğunu dedi: “Yaşıllığı sulamaqla çöküntü ola bilməz. Bu, absurdur. Sular o qədər də dərinliyə sıza bilməz. Bu, yalnız yeraltı sızma nəticəsində baş verə bilər. Həmin ərazidə illərdir ki, çökmə prosesi gedir. Nəqliyyat arteriyası var və şosse yolları daimi 2 ballıq zəlzələ yaradır və çökmə riskini artırır. Bundan əlavə yeraltı qurunt sularının sızması bu prosesi daha da gücləndirir. Yol salınmadan öncə 20-25 metrliyində dəmir konsrtuksiya vurulmalı və onun üzərində inşa olunmalı idi. Görünür ki, tikinti aparılan zaman dəqiq planlama işləri olmayıb. Sanki piramida kimi inşa etdiriblər, 30 metrlik hüdürlükdə beton sütunlar qaldırıb, üzərində körpü inşa ediblər. Lakin əsas magistral yol olduğunu nəzərə almayıblar. Bakı-Sumqayıt istiqamətində hər gün ağırtonnajlı yük maşınları hərəkət edir. Axı beton divarlar bu ağırlığa davam gətirməz".
Ekspert Beynəlxalq Bakı Avtovağzal Kompleksinin də, bu gün təhlükə qarşısında olduğunu dedi: "Bunun qarşısı alınmasa, günü-gündən yeraltı sular sızaraq, körpünü tamamilə çökdürüb, faciəyə səbəb ola bilər. Təhlükəni önləmək üçün dərhal körpünün kənarlarından dəmir betonlarla divarlar tikərək, yan tərəflərə genişlənmənin qarşısı alınlamılıdır. Yan tərəflərdə çökmə olduğu üçün divarlar tədricən hər iki tərəfdən açılacaqdır. Burada əsas məsuliyyət konstruktorun üzərinə düşür. Geologiyadan anlayışı olan memar bu tərzdə inşaat işi aparmaz. Düzgün ölçü aparmalı idi ki, bu cür hadisələr baş verməsin. Nəqliyyatın intensiv hərəkət etdiyi körpünü saxlamaq üçün 1 metr dəmir divar qoymaqla işi yekunlaşdırmaq olmaz. 100 min tonlarla ağırlığı iki divarın üstündə saxlamaq mümkünsüzdür. Burada çarpazlanma üsulu ilə divarlar bir-birinə bağlanmalı idi. Ən lazımlı proses budur və yəqin ki, bu da nəzərə alınmayıb. Bu gün də bərpa işləri aparıldığını deyirlər. Bu problemin əsaslı şəkildə həllinə çalışılmalıdır. Çatların üzərini bağlamaqla, bu iş bitmiş hesab etmək olmaz. Nəqliyyatın intensiv hərəkəti və xüsusən də, ağırtonnajlı yük maşınlarının körpüdə 2.2 bal zəlzələ yaratması çökmə və sürüşməni daha da aktivləşdirir”.