Mediatv.az xəbər verir ki, bu barədə virtualaz.org saytına Qaradağ PRİ-dən məlumat verilib.
Məlumata görə, şüşə məmulatlarının istehsalı ilə məşğul olan “İnter Glass” MMC-nin təsərrüfat xidmətinin rəisi, 1963-cü il təvəllüdlü Arif Əhməd oğlu Yusifovun intiharı faktı üzrə yaradılmış xüsusi komissiyanın nəticələri açıqlanıb.
Komissiyanın işinin nəticələri barədə hesabat oktyabrın 1-də Qaradağ RPİ-yə təqdim olunub. İstintaq nəticəsində müəyyən olunub ki, Arif Yusifov “İnter Glass” MMC-nin 100 min manat vəsaitini mənimsəyib. O, ifşa və həbs olunacağından qorxaraq sentyabrın 3-də elə “İnter Glass” MMC-nin sexlərinin birində - şirkətin Qaradağ rayonu, Salyan şosesi, 25 ünvanda yerləşən “İnter Glass Azerbaijan” şüşə məmulatları zavodunun sexində özünü asmaqla intihar edib.
A.Yusifov Beynəlxalq Bank işinə görə həbs olunan kredit oliqarxı, “İnter Glass” şirkətinin prezidenti Fariz Muradovun yaxın adamı idi.
Arif Yusifov “İnter Glass” şirkətində səlahiyyətli şəxslərdən biri olub. O, şirkətin əsas işlərini idarə edib. Məlumata görə, Fariz Muradovun həbsindən sonra Arif Yusifovun da həbsi gündəmə gəlib. Çünki A.Yusifov “İnter Glass” MMC-də təsərrüfat xidmətinin rəisi işləyib və əsas maliyyə məsələlərinə o məsul olub.
İş adamı Fariz Muradov isə mayın 15-də - Beynəlxalq Bank işi ilə bağlı istintaq başlayan zaman həbs edilib. Şirkət prezidenti 50 milyon dollarlıq mənimsəmədə ittiham olunaraq Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Həbs edilən zaman ondan kredit borcunu ödəməsi tələb olunub. Lakin borcunu ödəyə bilməyən iş adamı haqda Nərimanov Rayon Məhkəməsi tərəfindən həbs-qətimkan tədbiri seçilib.