Cəmiyyət (22-09-2015, 17:41)
Keçmiş nazir oğlunun hotelinin yerində yeni binalar tikildi – FOTOLAR
İsmayıllı hadisələrinə səbəb olan nazir oğlunun obyektinin yerində yaşayış binaları tikilib. Binaların yaxın günlərdə istifadəyə verilməsi gözlənilir.
Mediatv.az Musavat.com-a istinadən xəbər verir ki, 2013-cü ildə o zamankı əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun oğlu Vüqar Ələkbərovun səbəbkarı olduğu İsmayıllı hadisələrinin qığılcım aldığı “Çıraq” hotelinin binasının yerində yeni yaşayış binaları tikilib.
Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayaraq, binaların nə zaman istifadəyə veriləcəyi, hansı məqsədlə tikildiyini öyrənməyə çalışdıq. Lakin bir neçə gün cəhd etsək də, zənglərimizə cavab verən olmadı.
Yerli sakinlərdən əldə etdiyimiz məlumata görə, tam təmir olunan binalar yaxın günlərdə istifadəyə veriləcək. Həmin binalar satış məqsədi ilə tikilib.
Xatırladaq ki, İsmayıllıda baş verən etirazlara səbəb Vüqar Ələkbərovun İsmayıllı sakinlərini təhqir etməsi olmuşdu. Hadisə baş verən vaxt V.Ələkbərovun əmisi Nizami Ələkbərov da rayonun icra başçısı idi. Nazir oğlu “Hummer” markalı maşınla rayonda qəza törətmiş, üzr istəmək əvəzinə maşından enərək, hadisə yerinə toplaşan insanları söymüş, sonra isə İsmayıllı sakinlərinin ünvanına təhqiramiz ifadələr işlətmişdi.