Cəmiyyət (22-09-2015, 17:13)
Bakı-Moskva aviabileti ucuzlaşdı
“Azərbaycan Hava Yolları” QSC (AZAL) cari il oktyabrın 25-dən etibarən Bakı-Moskva-Bakı marşrutu üzrə müntəzəm aşağı büdcəli uçuşlara başlayır.
Mediatv.az-a QSC-nin mətbuat xidmətindən verilən məlumata görə, AZAL-ın kassalarında və şirkətin www.azal.az saytında bu istiqamət üzrə aviabiletlərin bronlaşdırılması və satışına başlanılıb.
Uçuşlar "Airbus A320" təyyarəsi ilə hər gün həyata keçiriləcək. Bu istiqamət üzrə aviabiletlərin qiyməti (bütün rüsumlar daxil olmaqla) AZAL-ın saytında və aviaşirkətin satış məntəqələrində bir tərəfə 99 avro təşkil edir.
Bu marşrut üzrə hər ayrıca baqaj üçün (23 kq-dan artıq olmayan) ödəniş nəzərdə tutulur, ölçüsü 55x35x20 sm olan əl yükünü (8 kq-dan artıq olmayan) özünüzlə təyyarəyə götürmək isə pulsuzdur.
Reys Heydər Əliyev Beynəlxalq Hava Limanının II terminalından saat 15:00-da çıxacaq, yerli vaxtla saat 17:10-da Vnukovo hava limanına çatacaq. Əks istiqamətdə reys Moskvadan saat 18:10-da çıxacaq, yerli vaxtla saat 22:00-da Bakıya çatacaq.
Qeyd edək ki, AZAL-ın kassalarında və şirkətin saytında 99 avroya Bakı-Dubay-Bakı, Bakı-İstanbul-Bakı və Bakı-Antalya-Bakı aşağı büdcəli marşrutları üzrə də bilet əldə etmək olar.