Cəmiyyət (5-09-2015, 17:24)
Gürcüstanda toyda 17 yaşlı azərbaycanlı şagird güllələnib
Tiflis yaxınlığında yerləşən və azərbaycanlıların kompakt yaşadığı Poniçala (Soğanlıq) kəndində 17 yaşlı azərbaycanlı qətlə yetirilib.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, hadisə sentyabrın 2-də gecə saatlarında baş verib. Bacısı oğlunun kiçik toyunda iştirak edən Poniçala (Soğanlıq) kənd sakini, kənd orta məktəbin 11-ci sinif şagirdi Vüsal Emzar oğlu Hüseynov güllə ilə vurularaq öldürülüb.
Vüsal Hüseynovun əmisi Zaminkar Hüseynov açıqlamasında hadisənin təfərrüatları barədə danışarkən bunları deyib: "Qardaşım oğlunu güllə ilə vurub öldürən təxminən 22 yaşlı Aqil Əli oğlu Kərimov atası və 4-5 nəfər birgə toya gəlib Vüsalın atası Emzarı məclisdən çağırıb, söhbət ediblər. Onların arasında mübahisə yaranıb. Mübahisə zamanı bir il bundan əvvəl Vüsalın qardaşı ilə Aqil arasında olan keçmiş mübahisə yenidən xatırlanıb. Atasının mübahisə etdiyini bilən Vüsal onun yanına gəlib. Aqil tapançanı çıxarıb bir güllə havaya, birini isə Vüsala atıb. Vüsal hadisə yerində keçinib. Hadisəni törədənlər aradan çıxıblar".
Zaminkar Hüseynov cinayət törədən Aqil Əli oğlu Kərimovun saxlanıldığını və hadisə ilə bağlı polis tərəfindən cinayət işi qaldırıldığını bildirib.
Z. Hüseynov hadisəni törədən şəxsin vəhhabi olduğunu da deyib. Onun sözlərinə görə, həmin şəxslər hazırda mərhum Vüsal Hüseynovun böyük qardaşı Bəhram Hüseynova da hədə-qorxu gəlirlər.
V. Hüseynov sabah Poniçalada (Soğanlıqda) torpağa tapşırılacaq.