Cəmiyyət (3-09-2015, 14:56)
Yanacaq alarkən aldanmamaq üçün oxuyun!
Bunları bilin ki, yanacaqdoldurma məntəqəsində sizi asanlıqla aldatmasınlar
Mediatv.az yanacaqdoldurma məntəqələrində aldanmamaq üçün avtosfer.az-ın tövsiyələrini təqdim edir:
1. Avtomobiliniz üçün yanacaq (benzin, dizel) alarkən, avtomobili tərk edib, sayğacın qarşısında dayanın;
2. Yanacaq "vurularkən" sayğacın 0.00-dan başladığına əmin olun. Şikayətlərdən məlumdur ki, bəzi hallarda operatorlar sifariş edilən yanacaq həcmini əvvəlki müştərinin sifarişinin davamı kimi qeydə alır. Məsələn, 20 manatlıq benzin istəyirsiniz, sayğaca fikir vermirsiniz, sizdən öncəki 5 manatlıq benzin alıb gedənin ardınca sizin sifarişi başladırlar, sayğac 0 manatdan yox, 5 manatdan hesablamağa başlayır. Nəticədə 20 manatlıq benzin əvəzinə 15 manatlıq benzin alırsınız;
3. Hiss etsəniz ki, operator sizə "qabağa sür bir az, şlanq çatmır" deməklə sayğacı sizin gözünüzdən uzaqlaşdırır, yanacaq doldurulmasına başlamazdan əvvəl mütləq sayğaca diqqət edin;
4. Yanacaqdolduran tapançalarda 2 sürət olur. Operatordan xahiş edin ki, 1-ci sürətlə doldursun. Bir qədər gec dolur, amma yanacaqdakı köpüklənmə, havalanma xeyli azalır. Fərqi hiss edəcəksiniz;
5. Yanacaq doldurulub bitəndə mütləq sayğaca baxın. Əmin olun ki, sifarişiniz dəqiq icra edildi. Unutmayın ki, operator avtomatın təsadüfən atması ilə tələsən sürücülərdən də "qazanır". Məsələn, 20 manatlıq yanacaq sifariş etmisiniz, 15 manat olanda avtomat təsadüfən və ya bilərəkdən atdısa, siz dayanıb davamını gözləməsəniz, yola salınacaqsınız;
6. Yaxşı olar ki, idarə etdiyiniz avtomobilin yanacaq çəninin tutumunu biləsiniz. Boş və boşa yaxın çənə həcmdən artıq benzinin vurulması barədə bu günlərdə yazmışdıq.
Təbii ki, yazılan bu xoşagəlməz hallara bütün yanacaqdoldurma məntəqələrində rast gəlinmir. Həmçinin, insaflı operatorlar da az deyil. Bu yazı sürücülərin sayıqlığının artırılmasına xidmət edir.