Cəmiyyət (31-08-2015, 16:44)
Rus qardaşların Bakı cinayəti. Salama görə qan töküldü
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində iki nəfəri bıçaqlamaqda təqsirləndirilən Pavel Pimanov Sergeyeviçin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.
Mediatv.az qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən iclasda zərərçəkmişlər ifadə veriblər.
1993-cü il təvəllüdlü Pavel Pimanov Cinayət Məcəlləsinin 29-cu (Cinayət etməyə cəhd) və 120.1 (Qəsdən adam öldürmə) maddələri ilə təqsirləndirilir.
Hadisə ötən ilin sentyabr ayında baş verib.
Suraxanı rayonu Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsində yaşayış binasının qarşısıda kütləvi dava baş verib. Dava zamanı iki nəfər - 21 yaşlı Hüseynli Nicat Hüseyn oğlu və 20 yaşlıXasıyev Süleyman Füzuli oğlu bıçaq yaraları alıb.
Məhkəmədə ifadə verən zərərçəkmiş Süleyman Xasıyev ifadəsində davanın hansı səbəbdən düşdüyünü açıqlayıb: "Mən Nicatla məhlədə oturub söhbət edirdim. Bunlar gəldilər, bizim yanımızdan keçəndə salam verdilər, salamlaşdıq. Pavel sağollaşıb gedəndə Nicatın əlini bərk sıxdı. Onlar gedəndən sonra Nicat dedi ki, o, niyə mənim əlimi sıxdı? Biz də onların arxasıyca getdik ki, aydınlaşdıraq görək niyə Nicatın əlini sıxıb. Mən dayandım kənarda, Nicat Pavellə söhbət etməyə başladı. Biz sonradan bunların adını bildik, onda heç birini tanımırdıq. Söhbət vaxtı Pavel Nicatın üstünə cumdu, Nicat da onu təpiklə vurdu. Bu vaxt Pavelin qardaşı Sergeylə mən də davaya qarışdıq. Onlar tək ikisi deyildi, başqa adamlar da var. Amma onlar yadımda qalmayıb. Sergey Nicatı qucaqlayıb yerə yıxdı. Bu vaxt Pavel bıçaq çıxarıb Nicatı sol qıçından, məni də kürəyimdən vurdu".
Təqsirləndirilən Pavel Pimanov məhkəmə dövründə özünü anormal, anlaqlı olmayan vəziyyətdə aparıb, məhkəməyə heç bir ifadə verməyib. Bu prosesdə də Pimanov bütün suallara susaraq cavab verib. Anası isə onun psixoloji problemləri olduğunu bildirib.
Məhkəmədə ifadə verən Nicat Hüseynov bildirib ki, Pavellə söhbət və dava edərkən o, özünü normal aparıb: "O xəstə filan deyildi. Əgər elə olsaydı, mən özüm ona kömək edərdim, heç vurmazdım da. O mənim üstümə cumdu, mən də vurdum".
Hadisədə iştirak edən digər şəxs, Sergeyin dostu, hazırda Rusiyada olan Aydın Kazımovun məhkəməyə gəlib ifadə verməsi haqda qərar qəbul edilib.
Məhkəmənin növbəti iclası sentyabrın 7-nə təyin edilib.