Sosial (20-04-2020, 21:01)
HƏYAT DAVAM EDİR, EVDƏ QALSAQ DA, İŞLƏYİRİK

Artıq koronavirus (COVID-19) pandemiyasının ölkəmizdə yayılmasının qarşısının alınması və vətəndaşlarımızın sağlamlığının qorunması üçün elan olunmuş karantin və sosial izolyasiyanın növbəti ongünlüyünü də arxada qoymuşuq. Son on gündə Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun həyatında nə kimi yeniliklər var sualı ilə institutun elmi katibi, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadəyə müraciət etdik.
- Məlumdur ki, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri də AMEA-nın digər struktur bölmələri və təşkilatlarının əməkdaşları kimi 29 mart 2020-ci il tarixindən növbədənkənar məzuniyyətə buraxılıb. Lakin Əlyazmalar İnstitutunun əməkdaşları heç də bu müddət ərzində əlini əlinin üstünə qoyub oturmayıb. Əməkdaşlarımız imkan daxilində ev şəraitində fəaliyyət göstərir: elmi tədqiqat, plan işləri və yaradıcılıq fəaliyyəti ilə məşğul olurlar. Başda İnstitutumuzun direktoru akademik Teymur Kərimli olmaqla alimlərimiz plan işlərini evdə davam etdirirlər.
- Son on gündə çapa təqdim olunan kitablar barəsində nə deyə bilərsiniz?
- Bu günlər ərzində Əlyazmalar İnstitutunun əməkdaşları tərəfindən 7 kitab çapa hazırlanıb, onlardan artıq 3-ü müxtəlif nəşriyyatlara təqdim olunub. Nəşrə təqdim edilənlər İnstitutun “Əlyazmaların və əski çap kitabların tərcüməsi” şöbəsinin aparıcı elmi işçisi, fil.ü.f.d, dosent Əkrəm Bağırov tərəfindən yeni redaksiyada çapa hazırlanan Sədrəddin Bəlağinin “Quran hekayətləri” (tərcümə edəni akademik Möhsün Nağısoylu), “Türkdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Şəhla Xəlillinin “Əlaəddin Sabit Bosnəvinin “Ədhəm və Hüma” məsnəvisi” kitabları və “Əlyazmaların və əski çap kitabların tərcüməsi” şöbəsinin elmi işçisi Şəfiqə Abdullayevanın “İsmayıl bəy Nakam və onun “Divan”ı” monoqrafiyasıdır.
Bundan əlavə, 4 kitab üzərində işlər tamamlanmaq üzrədir: “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin baş elmi işçisi, fil.ü.f.d., dosent İbrahim Nəsir oğlu Quliyevin çapa hazırladığı Fəzlüllah Nəiminin “Cavidannamə” əsəri, “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin böyük elmi işçisi Sona Cabbarzadənin hazırladığı “Azərbaycanca-ingiliscə frazeoloji lüğət”, “Kitabxana və elmi informasiya şöbəsi”nin müdiri Qutiyera Cəfərovanın institutun müasir kitab fondunda komplektləşmiş müasir elmi nəşrlərdən səmərəli və operativ istifadəni təmin etmək məqsədilə rəqəmsal analitik-biblioqrafik informasiya bazası əsasında hazırladığı “Yeni daxil olan informasiya resursları” elmi-biblioqrafik göstərici və həmin şöbənin böyük elmi işçisi Sonaxanım Hadiyevanın “Şərq tibb tarixinə bir nəzər” adlı monoqrafiyası yaxın vaxtlarda texniki redaktədən keçirildikdən sonra çapa təqdim ediləcək.
Bəzi kitablar isə hazırda redaktə mərhələsindədir. Məsələn, “Şəxsi arxivlərin tədqiqi şöbəsi”nin müdiri fil.e.d. Nailə Səmədova və böyük elmi işçisi fil.ü.f.d. Könül Bağırova Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi ilə əlaqədar ədibin Əlyazmalar İnstitutundakı şəxsi arxivində saxlanılan, indiyədək nəşr olunmamış və təcrid dövründən əvvəl transfoneliterasiya etdikləri əsərləri üzərində redaktə işi aparırlar, həmin şöbənin aparıcı elmi işçi, fil.ü.f.d., dosent Afaq Əliyeva “Firidun bəy Köçərli arxivinin təsviri” kitabının redaktəsi üzərində çalışır, “Kitabxana və elmi informasiya şöbəsi”nin baş biblioqrafı Brilliant Hacıyeva Azərbaycanın görkəmli arxeoloqu Davud bəy Şərifovun əski əlifbada çap olunmuş “Əski mədəniyyət tarixi” adlı kitabının transfoneliterasiyası işini bitirib.
Onu da bildirim ki, “Çap kitablarının tədqiqi” şöbəsinin müdiri, tarix ü.f.d., dosent Cavid Cəfərov mənim çapa hazırladığım və akademik Teymur Kərimlinin baş elmi məsləhətçisi olduğu “Məmməd Ələkbərov. Nizami Gəncəvi və Azərbaycan xalq yaradıcılığı” adlı monoqrafiyanın texniki redaktə işlərini yekunlaşdırmaq üzrədir.
İnstitutun elmi-tədqiqat işləri planına düşən və nəşriyyat planında olan işlərdən nə deyə bilərsiniz, o sahədə də işlər öz axarındadırmı?
- Bəli, bu sahədə elə də böyük çətinliyimiz yoxdur. Alimlərimiz əlyazmaların elektron variantları üzərində öz işlərini davam etdirirlər. Nəşriyyat planında olan işlərimiz də elə plan üzrə gedir. Məndə olan məlumata əsasən, son on gün ərzində bəzi işlər yarımillik planda nəzərdə tutuan müddətdən öncə tamamlanıb, müəlliflər işin növbəti yarımildə nəzərdə tutulan mərhələsinə keçid ediblər. Onlardan Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin hazırda üzərində çalışdığı “Nizami və Şekspir” monoqrafiyasını, “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Rəna Məmmədovanın “Mirzə Mehdi xan Astarabadinin “Tarixi-cahanqoşayi-Nadiri” əsərinin farscadan tərcüməsi” işini, “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin elmi işçisi İradə Qaibovanın “Sənglaxın “Təzkirətul-xəttatin” adlı əsərini fars dilindən Azərbaycan dilinə tərcüməsi” işini, “Kitabxana və elmi informasiya şöbəsi”nin baş biblioqrafı Brilliant Hacıyevanın “Müasir elmi sənəd-informasiya resurslarının informasiya-axtarış sistemi olan İRBİS-64 proqramının elektron kataloqu vasitəsilə hazırlanan rəqəmsal analitik-biblioqrafik informasiya bazasını texniki redaktə” işini misal göstərə bilərəm.
- Yəqin ki, əməkdaşlarınız konfrans və simpoziumlara qatılmaqda çətinlik çəkir?
- Məlum səbəblər üzündən bəzi tədbirlər təxirə salınıb. Lakin distant əlaqə qurulması mümkün olan tədbirlərə qatılırıq. Onu bidirməliyəm ki, İnstitut əməkdaşları son on gündə öz tədqiqat işlərinin məzmununu əks etdirən məruzə materiallarını hazırlayıb həm ölkədaxili, həm də beynəlxalq səviyyəli müxtəlif konfranslara təqdim ediblər. Məsələn, “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin baş elmi işçisi, fəlsəfə ü.e.d., dosent Zəkiyyə Əbilovanın “Xətib Təbrizinin “Şərhu-İxtiyarat il-Müfaddal”ında müxtəlif dinlərə aid etiqad göstərən şairlər” məqaləsi Azərbaycan İlahiyyat İnstitutunda 16-17 aprel 2020-ci il tarixində keçirilməsi planlaşdırılan “İslam mədəniyyətində birgəyaşayış təcrübəsi” mövzusunda Beynəlxalq Simpoziumuna təqdim etmişdir.
- Bəs elmi jurnallarda dərc olunma məsələləri necədir?
- Hələlik ölkə daxilində dərc olunan elmi toplularda yeni məqalələrin nəşri öz axarına düşməsə də, alimlərimiz öz yazılarını hazırlayıb müxtəlif elmi jurnalların redaksiyasına elektron qaydada təqdim edir. Məndə olan məlumata görə, təkcə son on gün ərzində “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin aparıcı elmi işçisi, tarix ü.f.d., dosent Rəna Məmmədova “Nadir şahın hərbi islahatları” adında, “Kitabxana və elmi informasiya” şöbəsinin baş kitabxanaçısı Səadət Nəsirova XX əsrin əvvəllərində nəşr edilmiş yeni üslublu dərsliklər və onların yaranmasında pedaqoqların roluna həsr olunmuş “Qəsdimiz millətə xidmətdir” adlı, “Türkdilli əlyazmaların tədqiqi şöbəsi”nin baş biblioqrafı Aynur İskəndərli “Müstəqillik illərində nəşr olunmuş lüğətlər haqqında”, “Beynəlxalq əlaqələr” şöbəsinin elmi işçisi Əsmər Həsənova “AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Almaniyanın elmi müəssisələri ilə əlaqələri” mövzusunda məqalələr hazırlayıb müxtəlif jurnalların elektron ünvanlarına göndəriblər.
Bundan əlavə, “Elmi fondlar” şöbəsinin müdiri fil.ü.f.d., dosent Nailə Mustafayevanın “XX əsr Azərbaycan ədəbiyyatında müxəmməs janrında yazılmış şeirlərin mövzu dairəsi” adlı məqaləsi Rusiya Federasiyasının AAK-nın tanıdığı “Nefrologiya” jurnalının 6-cı nömrəsində artıq dərc olunmuşdur. Jurnalın elektron variantı artıq müəllifə göndərilib.
- Tərcümə işləri ilə də məşğul olanlar varmı?
- Əlbəttə, son on gündə “Beynəlxalq əlaqələr” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova akademik Teymur Kərimli və fil.e.d. Paşa Kərimovun “Qurbani” dastanının İstanbul çapı” başlıqlı məqaləsinin, “Əlyazmaların və əski çap kitablarının tərcüməsi” şöbəsinin böyük elmi işçisi Sona Cabbarzadə professor Kamandar Şərifovun “Mirzə Kazım bəyin mətnşünaslıq fəaliyyəti” adlı məqaləsinin, həmin şöbənin elmi işçi Nigar Məmmədova professor Fərid Ələkbərlinin “Vatikan arxivlərində olan Azərbaycana aid əlyazmalar” adlı kitabının rus dilinə tərcüməsi ilə məşğuldur.
- Yəqin ki, əməkdaşlarınızdan növbədənkənar məzuniyyət dövründə regionlarda olanlar da var.
- Bəzi əməkdaşlarımız yaşlı valideynləri olduğu üçün onların xidmətində durmaq məqsədi ilə, ailə üzvlərinə dayaq olmaqdan ötrü hazırda regionlardadır. Amma onlar da boş durmur. Məsələn, “Əlyazmaların gigiyenası və bərpası laboratoriyası”ının müdiri Zaur Orucov Göyçay rayonunun Qarabaqqal kəndində yeni inşa edilmiş məscidin bədii tərtibat işləri ilə məşğuldur. O, Azərbaycanın milli-tarixi bəzəklərindən və hüsnixətt sənətinin gözəl nümunələrindən istifadə edərək gözəl bir sənət əsəri ərsəyə gəlmişdir.
-Bəs dissertant və doktorantlarla bağlı nə deyə bilərsiniz?
- Ötən yazımızda bu barədə ətraflı danışmışdıq. Dissertantlarımız və doktorantlarımız çox fəaldırlar. Məsələn, gənc dissertantımız Leyla Quliyeva İtaliyanın Venesiya şəhərində 27-28 dekabr 2019-cu il tarixində keçirilən “Müasir filologiya problemləri dil və mədəniyyət kontekstində” adlı elmi-praktiki konfransa “Nizaminin “Leyli və Məcnun” poemasında yeni tip qadın obrazı” adlı məqalə ilə qatılmış və məqalə konfransın materiallarında dərc olunmuşdur. Ukraynanın Çerniqov şəhərində bu ilin 11 oktyabr tarixində keçirilən “Ukraynanın informasiya cəmiyyətində təhsilin rəqabətlilik qabiliyyəti” adlı II beynəlxalq elmi-praktiki konfransda L.Quliyevanın “İngilis ədəbiyyatşünaslığında Azərbaycan şairi Nizaminin tədqiqi”, “Humanitar elmlərin aktual problemləri” jurnalında həmin müəllifin “Nizamini türk mənşəli ərəb qəhramanları” məqaləsi çap olunmuşdur.
- Təşəkkür edirəm, Əzizağa müəllim. Sevindirici haldır ki, əməkdaşlar mövcud şəraitə uyğunlaşmağı bacarıb.
- Mən Sizə minnətdaram ki, mütəmadi olaraq bizim fəaliyyətimizlə maraqlanır, təbliğ edirsiniz. Bəli, həyat davam edir. Evdə qalsaq da, işləyirik.
Müsahibəni apardı: İbrahim Quliyev

Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025
30 05 2025