Sosial (23-09-2024, 12:56)
Süni gözəlliyin “ÖLÜM MƏBƏDİ”: Səhiyyə Nazirliyi ”ağxalatlı qəssablar”a “niyə” göz yumur?
Estetik cərrahiyyə əməliyyatları zamanı ölüm hadisələrinin baş verməsi, insanların bədəninin müxtəlif nahiyələrinin sıradan çıxması, şikəst olub ömürlük əlil arabasına məhkum olunması artıq günümüzdə adi hala çevrilib. Uğursuz plastik və estetik əməliyyat qurbanlarının sayının durmadan artması ilə bağlı sosial media və mətbuatda dəfələrlə həyəcan təbili çalınsa da, səhiyyə sahəsində təcrübəsi olmadığı halda öncə kosmetoloq, az sonra isə estetik cərrah kimi rahatlıqla fəaliyyət göstərən “tibb uzmanları”nın sayı getdikcə artmaqdadır. Sosial şəbəkələrdə müxtəlif hesablar açaraq etdikləri reklam paylaşımlarının şərh bölümündə özlərini tərifləyib göylərə qaldıran, “peşəkar” olduqlarını hər vasitə ilə isbatlamağa çalışan və buna nail də olan, nəticədə isə becəriksizlikləri ilə insanları zəlil etməyə davam edən “ağxalatlı qəssablar”ın ipini təəssüflər olsun ki, hələ də yığan tapılmır ki, tapılmır.
Parıltılı vədlərlə insanları aldadaraq toruna salan, onları mənəvi və fiziki şikəstliyə məhkum edən klinikalardan biri də Bakı şəhərində 5 filialı mövcud olan “Laser Beauty Clinic” dir. Sloqanları “Məhz yüksək ixtisaslı tibbi personal, uğurlu işin əsasıdır, hər bir pasientə fərdi yanaşma əsas fərqimiz və üstünlüyümüzdür” olan bu klinikanın tibbi personalını təəssüflər olsun ki, nə pasiyentlərin sonrakı taleyi maraqlandırır, nə də uğurlu iş. Hər halda klinika ilə bağlı müxtəlif vaxtlarda mətbuatda və sosial mediada yayılan xoş olmayan məlumatlar belə deməyə əsas verir.
Bu klinikanın “uğurlu işlərindən” hər kəs xəbərdardır. Amma nədənsə, “dayağı möhkəm” olan bu “gözəllik uzman”larının əməllərinə hələ də göz yumulur.
Bər-bəzəkli reklam çarxları ilə insanları “gözəlləşdirən” bu “uzmanlar” hətta cəmiyyətdə ciddi nüfuz sahibi olan məşhurları belə qurbanlarına çevirməklə “fəaliyyət” çevrələrini daha da genişləndiririr.
Xatırlayırsınızsa , ötən il yerli mediada (“Qaynarinfo”) Azərbaycanın Xalq artistlərindən birinin gəlininin səhhətində ciddi problem yaranması barədə məlumat yayıldı. Adının çəkilməsini istəməyən xəstənin “Laser Beauty” Klinikasının (LB Clinik) “Neapol” filialında estetik əməliyyat olunaraq evə buraxıldıqdan sonra – gecə saatlarında səhhətinin qəfil pisləşərək komaya düşdüyü bildirildi. Yaxınlarının dəstəyi ilə təcili Mərkəzi Gömrük Hospitalına aparılan xəstə 10 gün koma vəziyyətində qalandan sonra həkimlərin səyi nəticəsində ölümün caynağından qurtula bildi.
Amma məlumatda diqqət çəkən məqam həm də xəstənin ilkin əməliyyat olunduğu “Laser Beauty” Klinikasının “Neapol” filialının estetik əməliyyatların aparılması üçün uyğun lisenziyaya malik olmaması idi.
Maraqlıdır ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi də bu məlumatı təsdiq edib. Nazirlikdən sözügedən sayta verilən açıqlamaya görə, “Neapol” filialına yalnız ambulator cərrahiyyə əməliyyatlarının aparılması üçün lisenziya verilib:
“Klinikada ancaq kiçik cərrahi, o cümlədən estetik müdaxilələrə icazə verilir. Amma böyük plastik cərrahiyyə və yaxud ümumi cərrahiyyə işləri görülə, estetik əməliyyatlar da oluna bilməz. Bir də ki, baxır əməliyyatın növünə. Hansısa yüngül işlər görülə bilər, amma məsələn, burun əməliyyatı, üzdə müəyyən dəyişikliklər və s. bunlar oluna bilməz. Bunların hər biri stasionar xidmət tələb edir, filialda isə ancaq ambulator cərrahiyyə var”.
Klinikanın qurbanlarının sayı bununla kifayətlənmir. Ötən il klinikadan şikayətçi olan Gülya Məmmədova adlı pasiyent yerli media orqanlarının birinə (“Unikal”) müraciət edərək probleminin işıqlandırılması üçün kömək istəyib. “Laser Beauty Clinic”in kosmetoloqu Rəna Soltanova tərəfindən burun dolğusu edildikdən sonra burnu çirk etməyə başlayan pasiyent burun dolğusu üçün 350 manat pul ödədiyini, lakin bu uğursuz əməliyyatdan sonra burnunda yaranmış ağır fəsadın aradan qaldırılmadığını bildirdi. Başına gətirilən “oyundan” şok yaşayan pasiyent klinikada özbaşınalığa son qoyulması üçün aidiyyəti qurumları tədbir görməyə çağırıb:
“Prosedurdan əvvəl assistentləri mənə bir neçə sənəd imzalatdılar. Prosedura 350 manat pul ödədim. Evə gəldikdən iki saat sonra burnumda dəhşətli ağrılar başladı. Həkimə zəng etdim ki, ağrım var. Amma asistenti mənə dedi ki, damara düşəndə elə ağrı olur, ağrı kəsici için, keçib-gedəcək. Sabahı gün Rəna Soltanova özü görüntülü yığıb baxdı və panik vəziyyətdə təcili məni klinikaya çağırdı. Klinikada məni ən sonuncu kabinetə saldılar, qapını da bağladılar. Dedilər çıxmayım, həkim özü gələcək, başqa pasiyentlər görməsin. Rəna Soltanova gəldi başladı burnumu sıxmağa çirk çıxartdı. Sonra yenidən burnuma iynə vurdu. Soruşduqda isə dedi ki, vurduğu dolğunu əritmək məqsədilə iynə vurub. Bundan sonra dəfələrlə burnumda ağrı olduğunu desəm də, mənə inanmadıqlarını söylədilər. Burnuma vurduğu geli əritdiyindən, dolğunun pulunu, ödədiyim məbləği geri istəsəm də, mənə dəymiş ziyanı ödəmədilər. Mən Rəna Soltanovadan şikayətçiyəm. Klinikada özbaşınalığa son qoyulması üçün aidiyyəti qurumlar tədbir görməlidirlər”.
Zərərçəkən məsələ barəsində Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinə müraciət etsə də, sözügedən qurum onun şikayətini araşdırmayıb: “Səhiyyə Nazirliyinin bu qurumu mənə məktub yazdı ki, guya, şikayəti araşdırmaq istəsələr də, onunla əlaqə yarada bilməyiblər. Halbuki, mən şikayət məktubuna işləyən əlaqə nömrəmi qeyd etmişdim. Buna baxmayaraq, onlar mənə təkrar müraciət etməyi, yaxud da məhkəməyə müraciət etməyi tövsiyə etdilər”.
Qeyd edək ki, pasiyent sübut olaraq redaksiyaya ünvanladığı şikayət məktubunda burnunda yaranmış fəsadı əks etdirən foto və videoları da təqdim edib.
Sözügedən klinika ilə bağlı şikayətlər bununla da bitmir. Sosial şəbəkələrdə insanlar dəfələrlə bu klinikanın “uzmanları” tərəfindən aldadılaraq özlərinin və doğmalarının başlarına gətirilən “oyun”larla bağlı narazılıqlarını ifadə ediblər.
Estetik əməliyyatların xəstənin öz arzusu ilə həyata keçirildiyini bəhanə gətirənlər çox vaxt pasiyenti günahlandırır, məsuliyyəti onların öz üzərində qoymağa çalışırlar. Amma qanun belə demir.
Səhiyyə Nazirliyi bəhs olunan bu kimi hallarla bağlı qəti ölçü götürməlidir. Artıq dövlət səviyyəsində həyəcan təbili çalmağın vaxtıdır. Əks halda, insanları zəlil edən bu ağxalatlı “qəssabların” qurbanlarının sayı durmadan artacaq. Belə “uzman doktor”ların “əl işi” hələ çoxlarının ömrünə balta çalıb, o dünyaya göndərəcək, ya da ömürlük əlil arabasına məhkum edəcək.
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024