Sosial (28-06-2024, 21:58)
“Eşidən kimi dedim, bu yetimi niyə tutublar?”
“Qafqazinfo”nun məlumatına görə, Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən iclasda şahidlərin ifadələri dinlənilib.
İttiham tərəfinin şahidlərindən biri Şəhriyar Abbasovdur. Abbasov özü də idmançıdır. Hadisə baş verən gün də mübahisəli tərəfləri sakitləşdirən o olub. Şahid istintaqa verdiyi ifadəsində hadisə baş verən gün müttəhim və zərərçəkmiş Həsən Əzizov arasında sözlü mübahisə yarandığını, səs-küy eşitdikdən sonra hadisə baş verən yerə getdiyini deyib.
Dediyinə görə, onun müdaxiləsindən sonra ara sakitləşib. Amma Şəhriyar Abbasov məhkəmədə müstəntiqə dediklərinin əksini danışıb. Şahid idmançı bu cür xırda hadisələrin döyüş idman növlərində çox olduğunu deyib:
Fotoda: Şəhriyar Abbasov
“Bu cür idmanlarda belə hallar ağla gəlməz qədər çox olur. Çox təəssüf edirəm ki, belə hadisəyə görə bu uşaqlar neçə vaxtdır içəridə oturublar. Həmin günə gəldikdə isə mənə məlumat gəldi ki, aşağıda mübahisə var. Mən otağa daxil olan kimi bunları (təqsirləndirilən şəxsləri nəzərdə tutur-red) götürüb çölə çıxdım. Mən gələnə kimi, mübahisə cəmi 30 saniyə davam edib. Sonra da həm Həsən, həm də Ruslangillə danışdıq, razılaşdıq ki, axşam görüşüb barışıq elan edək. Amma axşam səbəb göstərmədən barışmaq istəmədiyini dedi. Ondan sonra da gedib şikayət edib”.
Prokuror Müslüm Şahmarovu maraqladıran şahidin hadisə vaxtı zərərçəkmişin üzərində hər hansı xəsarət olub-olmaması məsələsidir. Şahid həmin vaxt Həsən Əzizovun üzərində heç bir xəsarət görmədiyini deyib. Vəkil Faiq Nəcəfov isə şahiddən müvəkkili Vüqar Kərəmovu hadisə baş verən vaxt dəqiq harada gördüyünü soruşub.
Fotoda: Həsən Əzizov
Bu yerdə məlumat üçün deyək ki, digər müttəhimlər və ötən iclasda dindirilən şahidlər Vüqarın mübahisə baş verən yerdə olmadığı deyiblər. Şəhriyar Abbasov da deyilənləri təsdiq edib. Hətta Vüqarın həmin vaxt onun yanında olduğunu bəyan edib:
“Vüqarın saxlanılmasını bilən kimi dedim ki, bu yetimi niyə tutublar? Adam mənimlə birlikdə olub. Yəni, Vüqarı tuturlarsa, məni də tutmalı idilər”.
Ruslan Əfəndiyev hesab edir ki, bu işin böyüməsində üçüncü şəxsin rolu olub. Şahid məhz bu məsələyə münasibət bildirərkən maraqlı iddia səsləndirib. Şəhriyar Abbasovun sözlərinə görə, Həsən Əzizov onunla söhbətində şikayət etməsinin səbəbkarının Pankration, Qrapplinq və MMA Federasiyasının prezidenti, dünya çempionu Azad Əsgərov olduğunu etiraf edib:
“Mən bu söhbəti barışıq yolu ilə həll edəcəkdim. Amma sonradan Azad Əsgərov Həsənə deyib ki, gedib polisə şikayət eləsin. Məqsəd də o olub ki, beynəlxalq tədbir baş tutmasın”.
Şahidin zərərçəkmişə istinadən dedikləri prokurorda yeni suallar yaradıb. Prokuror iddiaya aydınlıq gətirilməsi üçün Azad Əsgərovun mütləq məhkəmədə dindirilməli olduğunu bildirib:
“Azad Əsgərovun məhkəməyə gəlməsini israrla tələb edirəm. Şahidin deməsindən görünür ki, Azad Əsgərov tədbiri dağıtmaq istəyib”, - deyə prokuror vəsatətini əsaslandırarkən deyib. Özü MMA-nın prezidenti olan Azad Əsgərovun tədbiri nəyə görə pozmaq istəməsinin səbəbi haqda əlavə məlumat verilməyib. Təqsirləndirilən şəxslər və müdafiəçiləri isə ittiham tərəfinin vəsatəti ilə razılaşmayıblar. Kənan Məmmədov, Kənan Nəcəfov, Ramin Əliyev və digər vəkillər hesab edir ki, bu məsələ lazım olsaydı ilkin istintaq vaxtı araşdırılardı. İndiki halda isə vəsatətin təmin edilməsi işin uzadılmasına xidmət edəcək. Qısa fasilədən sonra prokuror fikrini dəyişib, vəsatətindən imtina etdiyini elan edib.
Fotoda: Azad Əsgərov
Prosesin davamında digər şahidlər bənzər ifadə veriblər. Həmin şahidlər heç biri hadisəni görməyib, sadəcə səs-küy eşitdiklərini deyiblər. Tərəfləri maraqlandıran əsas məsələ zərərçəkmiş şəxsin hadisə nəticəsində xəsarət alıb-almaması məsələsidir. Şahidlərin sözlərinə görə, hadisədən sonra Həsən Əzizovun üzərində hər hansı xəsarət izi müşahidə etməyiblər. Zərərçəkmiş şəxsin hazırda ölkə xaricində olduğu və yaxın vaxtlarda geri qayıtmayacağı səbəbindən istintaqa verdiyi ifadəsi elan edilib. Həsən Əzizov ifadəsində yazır ki, hadisə günü Ruslanın göstərişi ilə tələbələri onu yerə yıxıb döyüblər. Döydükdən sonra isə təhqir ediblər. Zərərçəkmişin dediyinə görə, bütün bunlar cəmi 20 saniyə içərisində baş verib. Müttəhimlər isə Həsən Əzizovun əvvəlki ifadəsi ilə razılaşmayıblar:
“Biz idmançıyıq. Bizdən onu kimsə vursaydı mütləq xəsarət alardı. O, döyülənə yox həyasıza oxşayırdı”, - Ruslan Əfəndiyev əlavə edib.
Sənədlərin tədqiqi zamanı zərərçəkmiş Həsən Əzizovun hadisədən sonra keçdiyi ekspertizanın rəyi açıqlanıb. Ekspert rəyində zərərçəkmiş şəxsin üzərində hər hansı xəsarət izi aşkar edilmədiyi yazılıb. İş materialları da tədqiq edildikdən sonra məhkəmə istintaqı tamamlanıb. Hakim prokurora çıxışa hazırlanması üçün iki gün vaxt verib.
Qeyd edək ki, hadisə Səbail rayonu ərazisində yerləşən “Dəniz Mall” ticarət mərkəzində baş verib. İttihama görə, idmançılar “Rizin” Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.
Təqsirləndirilən idmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb, Tofiq Musayevdən başqa digərləri haqda həbs qətimkan tədbiri seçilib.
Fotoda: Tofiq Musayev
Sail Ağasəlim