İqtisadiyyat (Bu gün, 13:25)
Xankəndiyə köçürülən bu qurum üçün 5 milyona yeni bina tikiləcək - TƏFƏRRÜAT
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin Xankəndi şəhərində inzibati binasının tikintisi işlərinə başlanılır.
Bu barədə İqtisadiyyat.az Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat əldə edib.
Məlumata görə, Komitənin tabeliyində Ərazi Tikinti-Planlaşdırma Mərkəzi tikinti ilə bağlı müvafiq hazırlıqlara başlayıb.
İnzibati binanın inşasına 5 milyon manat vəsitin sərf olunacağı proznozlaşdırılıb.
Qeyd edək ki, Bərdə şəhərində yerləşən Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi Prezident İlham Əliyevin bu ilin avqust ayında imzaladığı fərmanla Xankəndiyə köçürülür.
Baş İdarənin Xankəndidə tikiləcək yeni və 3 mərtəbəli binası müasir memarlıq üslubunda, dayanıqlı tikinti materiallarından istifadə olunmaqla inşa ediləcək, ümumi sahəsi təqribən 2000 m2 təşkil edəcək. Binanın 2027-ci ilin əvvəlində istismara verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi 2021-ci ildə yaradılıb. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazisində tikinti obyektlərinin tikintisinə və istismarına icazə verən, tikintiyə icazə üçün müraciət edilməzdən əvvəl aparılacaq tikintinin icazə verilən parametrləri barədə müraciətlərə baxan, tikinti məqsədləri üçün torpaq sahəsi ayrılarkən həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə uyğunluğunu yoxlayan, səyyar və əsaslı tikinti olmayan obyektlərin, xırda pərakəndə ticarət obyektlərinin və komplekslərinin uyğunluğuna dair rəy verən, şəhərsalma kadastrının aparılmasını təmin edən qurumdur.

























