Sağlamlıq (3-10-2016, 21:13)
Evlənmək istəyən 484 nəfərdə xəstəlik aşkarlanıb
Sentyabr ayında nikaha daxil olmaq istəyən 10990 nəfər tibbi müayinədən keçib.
Mediatv.az xəbər verir ki, bu haqda Modern.az-a məlumat verən Səhiyyə Nazirliyi B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyib ki, müayinələr zamanı 484 nəfərdə müxtəlif xəstəliklər aşkarlanıb:
“Nikaha daxil olmaq istəyənlərdən 420 nəfəri talassemiya daşıyıcısı, 54 nəfəri sifilis, 8 nəfəri isə QİÇS xəstəsidir. 1 cütlüyün talassemiya daşıyıcı olduğu meydana çıxıb”.
Direktorun bildirdiyinə görə, indiyədək ümumilikdə 197554 nəfər müayinədən keçib:
“Onlardan 9131 nəfəri talassemiya daşıyıcısı, 849 nəfərdə sifilis, 133 nəfəri isə QİÇS (SPİD) xəstəsidir. İndiyədək 71 cütlüyün isə hər ikisinin talassemiya daşıyıcısı olduğu üzə çıxıb”.
Nazirlik rəsmisi qeyd edib ki, talassemiya aşkarlanan cütlüklərdə ehtiyac görüldüyü üçün 3 hamiləlik pozulub.
Z.Əlimirzəyeva xəstəlik aşkarlanan cütlüklərin nikaha daxil olub-olmaması barədə məlumatın dəqiqləşmədiyini bildirib.