Cəmiyyət (9-02-2016, 11:35)
Nikaha girənlərdə hansı xəstəliklər aşkarlanır?
Ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi tətbiq olunduğu andan cari ilin fevral ayının əvvəlinə qədər müayinədən 94 400 nəfər keçib.
Mediatv.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən verilən xəbərə görə, 1 iyun - 31 dekabr 2015-ci il tarixlərindən müayinələrdən keçmiş 84 600 nəfərdən bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar olunsa da, ümumilikdə müayinədən keçən və nikaha daxil olmaq istəyən şəxslərin əksəriyyətinin sağlamlıq durumunun qənaətbəxş olduğu aşkar olunun.
Məlumatda bildirilib ki, keçən il müayinədən keçmiş 5534 nəfərdə talassemiya daşıyıcılığı, 239 nəfərdə sifilis, 54 nəfərdə isə QİÇS aşkar olunub: “Eyni zamanda, cari ilin yanvar ayı ərzində 9800 nəfər tibbi müayinədən keçib. Yanvar ayında müayinələrdən keçmiş 246 nəfərin talassemiya daşıyıcılığı, 22 nəfərdə sifilis, 1 nəfərdə isə QİÇS aşkar olunub”.
Məlumatda qeyd olunub ki, "Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşlar mütləq tibbi müayinədən keçməlidirlər: “Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydaları təsdiqlənib, tibbi müayinə olunmalı xəstəliklərin siyahısı müəyyənləşdirilib. Bu məqsədlə səhiyyə müəssisələrində zəruri şərait yaradılıb. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və bələdiyyə tibb müəssisəsində həyata keçirilir. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır”.