Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sağlamlıq (6-07-2015, 22:23)
Xəstəxanalar nikahla bağlı tibbi arayış verməyə hazırdırmı?

 

Proqnozlara görə, Azərbaycanda gün ərzində təxminən 600 nəfərin tibbi müayinədən keçirilməsi gözlənilir

«Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçirilməsi ilə əlaqədar Səhiyyə Nazirliyi tərəfindən ciddi hazırlıq işləri aparılır. Artıq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsini həyata keçirəcək səhiyyə müəssisələri və onların vəzifələri müəyyən edilib». «Tibb» qəzetinin məlumatına görə, bu fikirləri Səhiyyə Nazirliyində nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydalarına həsr edilmiş kollegiya iclasında tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib. Onun sözlərinə görə, bu tədbirləri regionlarda mərkəzi rayon və ya şəhər xəstəxanaları, şəhər səhiyyə şöbələrinin əvvəldən müəyyən etdiyi tibb müəssisələri, Bakı şəhərində hər inzibati rayon üzrə təyin olunmuş poliklinikalar, Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutu (ETHTİ), Mərkəzi Qan Bankı və onun şəhər (rayon) bölmələri, Respublika Perinatal Mərkəzi həyata keçirəcək: «Proqrama cəlb olunan bütün rayon və şəhər səhiyyə müəssisələrinin yerlərdə skrininq aparılması üçün hematoloji analizator, reaktivlər və müvafiq ləvazimatlarla təmin olunub. Qan nümunələrinin Bakıya çatdırılması üçün xüsusi qan xidməti avtomobilləri ayrılıb və onların marşrutları müəyyən edilib. Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda Talassemiyanın profilaktikası şöbəsi yaradılıb və o, talassemiyanın təsdiqedici müayinəsini həyata keçirəcək kadrlar və müasir standartlara uyğun lazımi laborator avadanlıqla təmin olunub”.

Tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb

Gülmirzə Poladov qeyd edib ki, Səhiyyə Nazirliyinin 77 nömrəli əmrinə əsasən, mərkəzi rayon xəstəxanaları və şəhər səhiyyə idarələrinin müəyyən olunmuş tibb müəssisələrində hematoloji kabinetlər yaradılıb: «Hematoloji kabinetlər təhkim edilmiş ərazidə nikaha daxil olmaq istəyən şəxslərin qan nümunələrinin alınmasını, nişanlanmasını, qeydiyyatdan keçirilməsini və talassemiyanın daşıyıcılığı üzrə skrininq müayinələrinin aparılmasını təşkil etməli, skrininq zamanı talassemiya daşıyıcılığına şübhəli şəxslərin qan nümunələrini, eləcə də İİV/QİÇS və sifilis müayinələrinin aparılması üçün qan nümunələrinin müəyyən edilmiş temperatur rejimində saxlanmasını və xüsusi termokonteynerlərdə ETHTİ-na göndərilməsini təmin etməlidir. Nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticələri ilə bağlı tibbi-genetik məsləhət və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formada arayış verilməlidir”.
Şöbə müdiri bildirib ki, əsas vəzifə perinatal diaqnostikanın aparılması üçün risk qrupundan olan hamilə qadınlardan hamiləliyin 1-ci trimestrində döl materialının alınmasıdır. O, bunun üçün mərkəzin 2 mütəxəssisinin Türkiyədə 2 ay müddətində tam hazırlıq keçdiyini diqqətə çatdırıb.
Gülmirzə Poladov öz açıqlamasında həmçinin son illər talassemiya xəstəliyindən əlillik və ölüm hallarının azaldıldığını da vurğulayıb: “Hazırda Respublika Talassemiya Mərkəzində bu xəstəliyin radikal müalicə üsulu olan sümük iliyinin köçürülməsi əməliyyatları da yerinə yetirilir. Belə ki, ötən il 10 xəstəyə, 2015-ci ilin 5 ayı ərzində isə 7 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla aparılıb. Eyni zamanda, prezidentin bu il fevralın 10-da imzaladığı sərəncamla talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illəri əhatə edən yeni Dövlət Proqramını təsdiq edib”.
O, eyni zamanda, ölkədə qeydə alınan nikahların sayına toxunaraq bildirib ki, 2013-2014-cu illərin statistikasına əsasən, Azərbaycanda il ərzində orta hesabla 85-90 min nikah qeydə alınır: «Bu o deməkdir ki, ildə170-180 min şəxs tibbi müayinə olunmalıdır. Onların təxminən 24 faizi Bakı şəhərinin, qalan 76 faizi isə regionların payına düşür. Beləliklə, bir gündə paytaxtda orta hesabla 50-60, bölgələrdə 180-ə yaxın nikah qeydə alınır, bu isə gün ərzində Bakıda 100-120, regionlarda 360 nəfərin tibbi müayinədən keçirilməsi deməkdir.
Xatırladaq ki, prezident İlham Əliyev 17 oktyabr 2014-cü il tarixində “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” qanun və 15 dekabr 2015-ci ildə bu qanunun tətbiqi barədə müvafiq fərman imzalayıb. Sonuncu sənədə əsasən, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələblər 2015-ci il iyunun 1-dən qüvvəyə minib.

Xəstəlik vaxtında aşkarlanarsa…

Mövzu ilə bağlı fikirləri bölüşən tibb elmləri doktoru, professor Adil Qeybulla bildirib ki, nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəyə cəlb edilməsi çox vacib addımdır. Onun sözlərinə görə, Azərbaycanda talassemiya xəstəliyi geniş yayılıb və bu xəstəliyin kifayət qədər daşıyıcıları var: «Talassemiya ilə doğulan uşaq həm ailə, həm də dövlət üçün problemə çevrilir. Talassemiyalı uşaq doğumu probleminin qarşısının birdəfəlik alınması üçün Dövlət Proqramı var. Nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinəyə cəlb edilməsi ilə bağlı qaydalara talassemiya müayinəsinin salınması həmin Dövlət Proqramının tərkib hissəsi kimi dəyərləndirilə bilər. Ona görə də talassemiya daşıyıcıları vaxtında aşkar edilərsə, xəstə uşağın doğulmasının qarşısı alına bilər. Təsəvvür edin, bir çox hallarda uşaq talassemiyalı doğulur və 3 yaşına çatanda məlum olur ki, belə bir problem var. Heç çox valideyn talassemiya daşıyıcısı olduğunu bilmir. Odur ki, gen daşıyıcılarının bilinməsi çox vacibdir. Hesab edirəm ki, əvvəlcədən yoxlama ən azı bu problemin vaxtında qarşısının alınmasına gətirib çıxarar. Bu, həm də iqtisadi baxımdan faydalı müayinədir. Digər tərəfdən, talassemiya müayinəsinin nikah müqaviləsinə salınması ən azı dispanserizasiya anlamına gəlir”.
Ekspert öz açıqlamasında nikaha daxil olmaq istəyən şəxslər üçün icbari tibbi müayinə siyahısına əlavələr edilməsini təklif edib. Onun fikrincə, Hepatit və bəzi digər virusların müayinə siyahısına daxil olması vacib məsələdir: “Çünki belə virus daşıyıcıları digərlərini yoluxdura bilərlər. Uşaqların anomaliyalı doğulması hətta ailənin dağılmasına gətirib çıxarır. Ona görə də bəzi virusların müəyyənlədirilməsi yaxşı olardı. Hesab edirəm ki, çekap müayinəsi vacib sahələri əhatə etməlidir. Düşünürəm ki, yalnız talassemiya, QİÇS və sifilisə görə tibbi müayinədən keçmək yetərli deyil”.

Düzgün maarifləndirmə işlərinin aparılmasına ehtiyac var

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə bizimlə söhbətində deyib ki, əslində şüurlu cəmiyyət üçün ailə qurmadan öncə tibbi müayinədən keçmək çox mühüm məsələdir: “Azərbaycanda ailə quran şəxslər bir-birilərindən bir çox xəstəliklərini gizlədirlər. Bu ruhi çatışmamazlıqlar, cinsi yolla keçən xəstəliklər, QİSC xəstəliyi və s. ola bilər. Valideynlər bu proseslərdə övladları ilə tərəfdaş kimi iştirak edirlər. Övladlarının eyiblərini, xəstəliklərini gizlədib cəmiyyətə sağlam kimi təqdim etmək istəyirlər. Amma göründüyü kimi, son vaxtlar kifayət qədər xəstə uşaqlar doğulur. Bəzən xəstəliyin daşıyıcısı xanımlar, bəzən isə kişilər olur. Yəni tərəflərin nikah öncəsi müayinə olunması ölkənin genefondunun qorunması baxımından mühüm məsələdir. Amma bu məcburi olmalı deyil və pulsuz xidmət göstərilməlidir. Nikaha girən şəxslərə 1 ay düşünmə dövrü verilir. Amma QİSC xəstəliyinin pəncərə dövrü olur və 3 ay müddətində müəyyən olunur. Yəni ola bilər ki, bu gün tərəf müayinədən keçsin və sağlam görünsün. Amma 1 aydan sonra onun xəstəliyi aşkarlansın. Bu halda yoluxma halları daha çox olur. Bu baxımdan bəzi xəstəlikləri müəyyən etmək üçün bu kimi xəstəlikləri də nəzərə almaq lazımdır. Digər tərəfdən, ölkədə bu kimi sənədlərin nikah idarəsinə təqdim olunması rəsmi nikaha girilməsini kəskin şəkildə azaldacaq. Bu qanunun tətbiqindən öncə cəmiyyətdə ciddi maarifləndirmə işləri aparılmalıdır. Düzgün maarifləndirmə işi olmadan bu qanun tətbiq olunsa, rəsmi nikaha girənlərin sayı azala, qeyri-rəsmi nikahaların sayı arta bilər”.

Sevinc

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024