Müğənni Nura Surinin son paylaşımı diqqət çəkib. Belə ki, tanınmış şair Vüqar Əhmədin saxlanılması ilə bağlı yayılan xəbərlərdən sonra o, özünə qarşı hədə-qorxu və şantaj ehtimalından danışıb.
Sitat: “Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub – hətta sonradan təkzib versəm belə”.
Globalinfo.az məsələyə aydınlıq gətirmək üçün Nura Suri ilə əlaqə saxlayıb.
O, Mədəniyyət Nazirliyinin hər an nəsə edə biləcəyindən narahat olduğunu deyib:
“Dünən maskalı şəxslər Vüqar Əhmədi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) qarşısından götürərək aparıb. Amma o, naməlum səbəbdən bunu təkzib edir. Görünür, onu təhdid ediblər, ya da hədə-qorxu gəliblər. Şəxsən mən narahatam. Övladımın, doğmalarımın təhlükəsizliyindən artıq əmin deyiləm. Baş verənlər Amerika filmlərini xatırladır. Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Aygün Bağırova mətbuata açıqlamasında bildirib ki, şair saat 11:00 radələrində AMEA-nın qarşısından aparılıb. Axşam saatlarında isə Vüqar Əhməd özü açıqlama verərək xəstə olduğunu və işə getmədiyini bildirib. Adam öz başına gələnləri deməyə qorxur! Bir-birinə zidd olan bu iki açıqlamaya inanmaq mümkün deyil”.
Müğənni AMEA-nın digər əməkdaşlarının da bu məlumatı təsdiqlədiyini vurğulayıb:
“Qurumda çalışan tanışım da bu məlumatı təsdiqləyib. Sonradan Almaxanım paylaşım edərək hər şeyin qaydasında olduğunu, heç nə baş vermədiyini yazdı. Əgər heç nə olmayıbsa, institutun elmi katibi niyə belə bir açıqlama verib? Doğru olmasa, heç kim cürət edib belə açıqlama verə bilməzdi. Hər yerdə kamera var, həmin vaxta aid görüntülər təqdim edilsin. Əgər bu hadisə Mədəniyyət Nazirliyində çalışan Mənzər Nurəliyeva ilə bağlı məsələlər fonunda bir professorun başına gətirilibsə, bu, artıq çox ciddi siqnaldır. Eyni hal sabah bizim də başımıza gələ bilər. Niyə indiyə qədər belə hallar yaşanmırdı və niyə biz Mədəniyyət Nazirliyinin əməkdaşı ilə bağlı açıqlama verdikdən sonra bu hadisələr baş verir? Burada təzyiq var və ciddi araşdırılmalıdır”.




























