Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (15-11-2015, 14:15)
Heydər Əliyevin şəxsi mühafizəçisi: “Elçibəyi də mən mühafizə etdim”

emir.jpg

 

1991-ci ilin 17 noyabrı... Düz 24 il bundan əvvəl Azərbaycanın müstəqillik tarixinin ən mühüm hadisəsi baş verdi. Həmin gün üçrəngli bayrağımız Naxçıvan Muxtar Respublikasının Milli Məclisi tərəfindən dövlət artributu kimi qəbul olundu. Bir neçə aydan sonra Azərbaycan Ali Soveti də Naxçıvandan başlayan bu müstəqillik basqılarına boyun əydi və eyni qərarı verdi.

Sözsüz ki, hər bir tarixi hadisəni həyata keçirilməsində rol oynayan insanlar var. Bayrağımızı bayraq edən həmin qəhrəmanlardan ikisiylə bir təsadüf nəticəsində 24 ildən sonra üz-üzə gəldik. Çay süfrəsi arxasında oturub köhnə xatirələri yada salanda söhbəti lentə almağa qərar verdim. Xeyli çək-çevirdən sonra müsahiblərim də mənimlə razılaşdı. Telefonumun səsyazan düyməsini basıb yenidən tarixə ekskurs etməyə qayıtdıq. Söhbətimiz əvvəlki effektdə alınmasa belə, hər halda xeyli məlumatlar da əldə edə bildim.

Mərhum prezident Heydər Əliyevin ilk könüllü mühafizəçisi olmuş Əmir Hüseynov və xalq hərəkatının fədailərindən olan Fikrət Bağırovla söhbəti Mediatv.az-ın oxucularına təqdim edirik:

 

- Əmir bəy, bu gün hər kəs bayraqdan danışır. Hamı üçrəngli bayrağımızın dövlət rəmzi kimi ortaya çıxmasında misilsiz xidmətlərini ortaya qoymağa cəhd göstərir. Hətta 24 il bundan əvvəl müstəqilliyimizə qarşı çıxanlar belə indi vətənpərvər kəsiliblər. Bayrağın dövlət rəmzi kimi təsdiqlənməsinin canlı şahidləri sizlərsiniz. Necə xatırlayırsınız o günləri?

Əmir Hüseynov: - O vaxt rəhmətlik Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvan Ali Məclisində bir sıra mühüm məsələlər müzakirə olunurdu. Axşama qədər davam edən müzakirələrdən sonra Heydər Əliyevlə bərabər şam yeməyi üçün evə getdik. Axşam saat 8 radələri olardı. Yeməkdən sonra Ali Məclisə qayıdıb bayrağımızı dövlət rəmzi kimi təsdiq edəcəkdi. Rəhmətliyə sual verdim ki, “dayı, qərardan qabaq bayrağımızı dövlət binalarının üstünə sanca bilərikmi?” “Olar”- dedi. Dedim: “Onda qərardan yarım saat qabaq mənə işarə verərsiniz, mən də bunu təşkil edərəm”. Razılaşdıq.  Bayrağın rəsmi binalara sancılması hadisəsi belə reallaşıb. Qərardan yarım saat əvvəl bayrağı dövlət binalarının üstünə sancan 3 nəfər olub. Biri mən idim, biri Fikrət idi, digərini unutmuşam. İlk əvvəl Şəhər Sovetinin, sonra Nazirlər Soveti və Ali Sovetin binalarının üstünə bayrağı sancmışıq. Biz bayraqları sancıb aşağı enəndən az sonra qərar rəsmən təsdiqlənib.

Ondan əvvəl bilirdiniz ki, bayraq həmin gün təsdiqlənəcək? Yəni bu hadisə əvvəldən planlaşdırılmamışdı?

- Yox. Heydər Əliyevə o zaman ən yaxın adam mən olmuşam. Planlaşdırdığı hər şeyi mənə tapşırırdı. Bu barədə mənə əvvəlcədən heç nə deməmişdi. Özünün əvvəlcədən belə bir planının olub-olmadığı barədə heç nə deyə bilmərəm. Rəhmətlik bəzi planlarını hamıdan gizli tutardı. Bəzən də bir anda mühüm qərarları qəbul edərdi. Bayrağın qəbulu da həmin gün ortaya çıxmışdı. Zənnimcə, ani bir qərar idi.

- Axı deyirsiniz ki, Heydər Əliyevdən xahiş etmişdiniz ki, yarım saat qabaq sizə işarə versin. Əvvəlcədən planlaşdırılmayan hadisədən necə xəbər tuta bilərdiniz ki, belə bir rica edəsiniz?

- Bayrağın təsdiqlənməsi Heydər Əliyevin Naxçıvan Ali Məclisindəki gərgin işdən sonra şam yeməyində gündəmə gəldi.  Mən də elə bir xahiş etdim. Heydər Əliyev şam yeməyində çox tələsirdi ki, bu tarixi qərar verilsin. Mən də burdan bilirdim ki, bayraq təsdiqlənəcək. Heydər Əliyevin bu qərarından heç kimin xəbəri yox idi və ola da bilməzdi.

- Fikrət bəy, Əmir bəyin xatırlmadığı üçüncü şəxs kim idi?

Fikrət Bağırov: - Ali Məclisdə bayrağın təsdiqlənməsi müzakirələri gedəndə biz hərəkat üzvləri çöldə, Siyasi Maarif evinin qarşısında dayanmışdıq. Xeyli insan bu tarixi qərarı gözləyirdi. Bir də gördüm ki, Əli Şəmilov məni yanına çağırır. Ona yaxınlaşdım, Əmir də Əli bəyin yanında idi. Mənə dedilər ki, təcili Oqtay Daşoğuzu tap, bərabər bayrağı asın.

- Niyə məhz Oqtay bəy? Başqası olmazdımı?

- Vallah, bilmədim. Bu suala Əli bəy ən doğru cavabı verə bilər. Hər halda Oqtay Daşoğuz da hərəkatda xüsusi yeri olan adamdır. Bəlkə də bu səbəbdən özəlliklə onu tapmağımı tapşırdılar. Asəf Quliyev də orda idi. O da Oqtay bəyi mütləq tapmağımızı istədi. Biz bayrağı dövlət binalarına sancarkən yalnız Nazirlər Kabinetində polislə qarşılaşdıq. Ona da izah etdik ki, artıq dövlət bayrağımız dəyişilib. Azərbaycan bayrağı bundan sonra bu olacaq. Polis də bayrağı dəyişdirməyimizə etiraz etmədi. Biz də binanın üstünə çıxıb bayrağı dəyişdirdik. O zaman keçirdiyimiz fərəh hissini təsvir edə bilmərəm. Biz neçə illər əziyyət çəkə-çəkə bu günlərə gəlmişdik. İndi neçə illərimizin qələbəsi kimi rəsmi binalara bayraq sancırdıq. Həyatımda çox əlamətdar günlər olub. Ali məktəbə girmişəm, evlənmişəm, övladlarım olub, onları oxutmuşam, evləndirmişəm... Amma heç bir hadisədə həmin gün qədər sevinməmişəm. O gün mənim hafizəmdən heç vaxt silinməyəcək ülvi duyğuya çevrilib.

- Neçə illər bu əziyyəti çəkibsiniz? Yəni bu bayrağın mövcudluğunu nə zamandan bilirdiniz?

- Mənim bayraqla tanışlığım 70-ci illərə qədər uzanır. Mənim atam tarixçi olub. Elmlər doktoru idi. O, mənə bayrağımız haqqında ilk məlumatı vermişdi. Bayrağımıza məhəbbət aşılamışdı. Hər dəfə bu bayrağı necə görə biləcəyimi soruşanda deyirdi ki, o, indi heç yerdə yoxdur. Rəhmətlik  mənim üçün bayrağın şəkilini belə çəkmişdi. Həmin şəkili indiyə qədər saxlayıram. Sonra 1985-ci ildə gizli təşkilatlara qoşulmuş, milli-azadlıq hərəkatı başlayandan sonra isə yoldaşlarla söhbətimizdə dəfələrlə bunu müzakirə edir, Azərbaycanın müstəqilliyi uğrunda əlimizdən gəldiyi qədər mübarizə aparırdıq. Yəni dərin bir bayraq nostalgiyamız əvvəldən var idi. 1988-ci ildən etibarən milli-azadlıq hərəkatının inkişafında yeni dövr başladı. Hadisələr çox sürətlə dəyişilirdi. O vaxt Asəf Quliyevin bir rəssamlıq emalatxanası vardı. Orda bayrağımızın təsviri olan yumru nişan düzəldirdi. Biz onu fəxrlə sinəmizə taxırdıq.

- Əmir bəy, sizi Azərbaycan Xalq Cəbhəsinin üzvü idiniz. Sonra Heydər Əliyevin şəxsi mühafizəçisi oldunuz. Bu cinah dəyişikliyi necə baş verdi?

Əmir Hüseynov: - Əvvəla, mən bunu cinah dəyişikliyi kimi qəbul etmirəm. Biz hərəkata ona görə qoşulmuşduq ki, Azərbaycanı müstəqil görmək istəyirdik. Əslində mən heç Xalq Cəbhəsinin üzvü də deyildim. Sadəcə xalq hərəkatında yer alırdım. O zaman bu hərəkatda olmayan yox idi. Cəbhə bir təşkilat kimi rəsmən 1990-cı ildən sonra yarandı. O dövrə qədər isə xalq hərəkatı vardı və mən də hər kəs kimi müstəqillik uğrunda mübarizədə yer alırdım. Və çox da fəal idim...

- Bəli, hətta yadımdadır ki, siz o zaman “sviterlər” toxutdururdunuz. Üzərində də boz qurd şəkli vardı. Mənə də birini hədiyyə etmişdiniz...

- Elədir. Qeyri-təvazökarlıq kimi çıxmasın, məndə həmişə milli duyğular ön planda olub. O dövrdə isə bir fədai idim. Həyatımı Azərbaycan xalqının azadlığına həsr etmişdim. Hər kəs kimi mənim də gecəm-gündüzüm yox idi. Bu gün belə ehtiyac yaranarsa, dövlətimin varlığı uğrunda həyatımdan keçərəm. Yəni mən hərəkata kimlərəsə görə gəlməmişdim. Məni bu mübarizəyə gətirən hiss ölkəmin müstəqillik idealı olub. Digər tərəfdən sərhədlərdə ermənilərlə döyüş gedirdi və biz döyüşürdük. Postlar qururduq, müdafiə imkanlarımızı genişləndirirdik. Erməni qəsbkarlığına qarşı mübarizədə ön plana xalq hərəkatı çıxmışdı və mən də orda olmalıydım. Elə ki 1990-cı il 20 yanvar hadisəsi baş verdi, mən bu hərəkatdan ayrıldım. Əslində həmin faciədən bir həftə qabaq bu qərarı vermişdim.

- Hərəkatdan niyə ayrıldınız?

- Xatırlayırsınızsa, yanvarın 13-dən başlayaraq, ermənilər Naxçıvana hücuma keçmişdilər. Sədərəkdə ağır döyüşlər gedirdi. Xüsusilə ayın 18-də biz ağır itkilər vermişdik. Ermənilərin atdığı top mərmisi cəbhə yoldaşlarımızdan Bektaşinin ayağını aparmışdı, Məmməd şəhid olmuşdu. Ondan bir gün qabaq Azər vurulmuşdu. Mən də həmin vaxt Sədərəkdə idim. Yaralanan və şəhid olanları Naxçıvana gətirmiş və geri qayıtmışdım. Topçuların yanına gəlmişdim. Qızğın döyüş getməsinə baxmayaraq, topçular atəş açmırdılar. Yuxarıdan əmr gəlməyənə qədər onların atəş açmağa ixtiyarları yox idi. Böyük mübahisələrdən sonra toplarını əllərindən alıb düşmən mövqelərinə atəş açdıq. Bu atəşdən sonra ermənilər dayandılar. Bizim toplar Türkiyə sərhəddinə yaxın yerdə idi. Görünür, atəşin Türkiyədən açıldığını zənn etmiş və qorxuya düşmüşdülər. Həm də də top atışları çox uğurlu alınmışdı və ermənilər xeyli itki vermişdilər. Yəqin ki, bu dəqiqlik də ermənilərin xofunu artırmış, atəşin Türkiyədən atıldığı qənaətini möhkəmləndirmişdi. Ara sakitləşəndən sonra biz də geri qayıtdıq. Naxçıvan Xalq Cəbhəsinin qərargahına gələndə gördüm ki, hamı cılız şəxsi mənfəət davası aparır. Biri vəzifə istəyir, digəri hökuməti necə yıxmağı planlaşdırır, bir başqası isə hakimiyyətlə sövdələşəməyə hazırlaşır. Millətin bu qədər ağır günündə silahdaşlarımın ambisiyaları məni ruhən incitdi və onlardan ayrılmağa qərar verdim. Az sonra 20 Yanvar qətliamı baş verdi. Bu, dövrün hakimiyyət orqanlarını daha da zəiflətdi və hərəkatçıları gücləndirdi. Artıq bir çoxlarının gözü ayağının altını görmürdü. Hər nəsə, sözüm bunda deyil. Sözüm ondadır ki, mənim hərəkatdan ayrılmağım Heydər Əliyevlə münasibətimdən əvvəl olmuşdu.

- Bəs, necə oldu ki, Heydər Əliyevə şəxsi mühafizəçilik etdiniz?

- Mən köhnə silahdaşlarımdan ayrıldıqdan 3-4 ay keçdikdən sonra Oqtay Bəxşəliyevlə oturub söhbət edirdik.  Bir də gördük ki, Nəriman həkim (Heydər Əliyevin qohumu) bizə yaxınlaşır. Bizə dedi ki, Heydər Əliyev Bakıya - Ali Sovetin sessiyasına getməlidir. Onun bu səfərinin mühafizəsini təşkil etmək lazımdır. Dedim: “Birinci mən gedirəm”.  Bir neçə cavanı da başıma toplayıb Heydər Əliyevin Bakı səfərinin mühafizəsini boynumuza götürdük. Durduq, gəldik Bakıya. Sessiyalar başlayandan sonra uşaqlardan bəziləri qalmaq istəmədi, geri qayıtdı. Mən və bəzi yoldaşlar orda Heydər Əliyevi tək buraxmadıq. Açığı, o, bizi qəbul etmək istəmirdi. Həyatımız üçün təhlükəli olacağından qorxurdu. Amma ağsaqqalımızı, bu siyasət dühasını tək buraxa bilməzdik. Heydər Əliyevi ən çox narahat edən isə bizim maddi təminatımıza gücü çatmaması idi. Biz isə bu missiyanı təmənnasız yerinə yetirirdik. Xalqın böyük ağsaqqalına xidmətdə təmənna güdmürdük. Onun yolunda ölümə belə getməyə hazır idik. Bundan sonra mən rəhmətlik Heydər Əliyevlə işlədim.

- Nə qədər işlədiniz onunla?

- 1994-cü ilə qədər. Sessiyalar bitəndən sonra Naxçıvana qayıtdıq. Heydər Əliyevin mühafizəsini Naxçıvanda da təşkil etdim və beləliklə, onun şəxsi mühafizəçisi oldum. Heydər Əliyevin 1991-ci il iyul ayının 17-də Moskvaya səfərində də onun yanında idim. O vaxt rəhmətlik, Kommunist Partiyasından çıxmaq üçün Moskvaya gəlmişdi. Partbiletini Mərkəzi Komitəyə təhvil verməli idi. Yadınızdadırsa, həmin il avqust ayının 18-də Moskvada dövlət çevrilişi baş verdi. Biz həmin gün Bakıya gəlmişdik. Təyyarədən yenicə enmişdik ki, radioda bu barədə məlumat verildi. Rəhmətlik həmin vaxt Moskvada olmadığından təəssüfləndi. Bildirirdi ki, orda olsaydı, meydana çıxar, sözünü deyərdi. Bakıda isə Ayaz Mütəllibov hakimiyyəti bu çevrilişdən istifadə edib öz repressiyalarını gücləndirmək istəyirdi. OMON-çular Xalq Cəbhəsinə hücum edib Elçibəyə xəsarət yetirmişdilər. O vaxt Elçibəyin mühafizəsində iştirak etdim. Hətta onu mühasirədən çıxaran da biz olduq. Abdulla Abdullayevlə birlikdə idim.

- Allah qapısını açsın.

- Amin. Sözüm ondadır ki, mən həmişə xalqın yolunda olmuşam. Harda milli məsələ müzakirə mövzusuna çevrilib və fədakarlıq tələb olunubsa, sinəsini ilk qabağa verənlərdən biri kimi önə çıxmışam.

Yeri gəlmişkən, indi həbsdə yatan Abdulla Abdullayev sizə kömək edirdi?

- Bəli. Abdulla bəy onda Oktyabr rayonunda polisdə işləyirdi. Sıravi polis işçisi idi. Öz işini atıb bizimlə bərabər Heydər Əliyevin mühafizəsində yer almışdı. Abdulla Abdullayevi o vaxtlar tanıyırdılar. KQB-dən ona təzyiqlər olurdu. Məni isə heç kim tanımırdı. Təzyiqlərlə üzləşmək ehtimalım az olduğundan Heydər Əliyev də ən çox məni yanında görmək istəyirdi.

- Moskvadan qayıtdıqdan sonra necə oldu ki, Naxçıvana getdiniz?

- Naxçıvandan o vaxt bizə tez-tez müraciətlər olurdu. Heydər Əliyevi Ali Sovetin sədri seçmək istəyirdilər. Bu baş tutsaydı, o, həm də avtomatik olaraq Azərbaycan Ali Sovetinin müavini olacaqdı. Həm də Naxçıvanın düşdüyü vəziyyət siyasi bir dühanın ona rəhbərlik etməsini şərtləndirirdi. Rəhmətlik isə Naxçıvana getmək istəmirdi. Xeyli isrardan sonra Heydər Əliyev bu təkliflə razılaşdı və biz uçduq Naxçıvana. Sentyabr ayında Naxçıvan Ali Sovetinin sessiyası çağrıldı və rəhmətlik sədr seçildi. Həmin dövrdə Naxçıvanın blokadadan çıxarılmasında bu seçimin böyük rolu oldu. Artıq Naxçıvan bütün dünyanın diqqət mərkəzində idi. Amerikadan, Türkiyədən müxtəlif siyasətçilər, diplomatlar onunla əlaqə saxlayırdılar. Onun Naxçıvanın blokadadan çıxmaq üçün çəkdiyi əziyyətlərin, ürək ağrılarının mən şahidiyəm. Gecə-gündüz yatmadan çalışırdı. Xüsusilə Türkiyə ilə körpünün açılmasına o qədər sevinirdi ki, təsvir etmək mümkün deyil. Klintonun ad gününü təbrik etməsindən sonra Amerikanın bir sıra diplomatları onun ziyarətinə Naxçıvana gəlmişdilər. Bu, Naxçıvanın tarixində o zamana qədər görünməmiş hadisə idi.

- Maraqlıdır, Heydər Əliyev ABŞ diplomatları ilə necə danışırdı? Yəni hansı dildə?

- ABŞ-dan diplomatlar gələndə arxalarınca məni göndərdi. Gedib onları qarşılayıb Ali Sovetə gətirəndə dedi, “Əmir, Naxçıvanda ingilis dilini bilən tərcüməçi varmı?” Dedim, “sizin müavininiz Qafar Məmmədov ingilis dili müəllimidir”. Gülüb cavab verdi ki, mən ingiliscə Qafardan yaxşı danışıram, mənə tərcüməçi lazımdır, müəllim yox. Bilirsinizmi, Heydər Əliyev belə şəxsiyyət idi, ən xırda detallarına qədər adamı yoxlayıb ona bir iş tapşırardı. Mətbuata verdiyi müsahibələrin hər birini özü diqqətlə izləyərdi...

- Əmir bəy, bayaq siz Elçibəyin mühafizəsində rol oynadığınızdan bəhs etdiniz. Maraqlıdır ki, sizin dilə gətirdiyiniz bu fakt Heydər Əliyev-Elçibəy münasibətləri haqqında irəli sürülən bəzi iddialara haqq qazandırır. İddiaya görə, Heydər Əliyevin hakimiyyətə gətirilməsində rəhmətlik Bəyin də müstəsna rolu olub...

Strateq.az

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024