Region / Slayd (6-05-2014, 21:01)
Əli Nağıyev keçmişi açdı
Sabiq nazir, keçmiş səfir, "91-lər”dən olan Əli Nağıyev moderator.az saytına geniş müsahibə verib. Ə.Nağıyev söhbət zamanı maraqlı açıqlamalar verib. Hakimiyyətin nöqsanlarını tənqid edənlərin süngüylə qarşılanmasından danışan sabiq nazir deyib: "...Hesab edirəm ki, tənqid hökmən lazımdır. Özü də tənqid komandanın içindən olanda sən rəqibə yer qoymursan.
Tənqid də gərək ədalətli ola. Allah Elçibəyə rəhmət eləsin, deyirdi ki, kiminsə inəyi itibsə, gəlib prezidentdən görməməlidir. Amma bu başqa məsələdir ki, bir ildə avtomobil qəzasından 1400-ə qədər adam dünyasını dəyişibsə, bu çox böyük rəqəmdir... Gəlin razılaşaq ki, bu işlərə bir əncam çəkmək olar. Bunu da prezident şəxsən icra etməməlidir axı. Bu işə birbaşa məsul olan dövlət qurumları var.
"Komandanın içindən gələn tənqid də süngüylə qarşılanır. Hüseyn Abdullayevin başına gətirilənlər yaddan çıxmayıb” sualına onun cavabı belə olub: "Mən Hüseyn Abdullayevi tanımıram və heç bilmirəm o nə deyib... Bizim hansısa məmurla bağlı öz baxışımız var ki, filan məsələdə səhv elədi və gərək prezident onu dar ağacından asaydı. Yəni sən və mən oxuduğumuzdan və müşahidələrimizdən, eşitdiyimizdən məlumat alırıq. Ancaq prezident ən azı 5 mənbədən eyni məsələ haqqında məlumat ala bilir. Yəni ən azı bizim bildiyimiz bunlardı - MTN, DİN-in 7-ci idarəsi, Prezident Aparatı, yerlərdə icra hakimiyyətləri və YAP var... Bir sözlə, prezidentin qərar qəbul etməsi ilə adi adamların qərar qəbul etməsi arasında dağ boyda fərq var”.
Ə.Nağıyev "91-lər” və mərhum Heydər Əliyevlə bağlı xatirələrini də bölüşüb: "Səhv etmirəmsə, 1991-ci il iyun ayında Ağabəy ”Səs" qəzetinə gəldi. Ağabəy gələndən sonra da artıq "Səs” qəzeti, necə deyərlər, aləmə səs sala bildi. Heydər Əliyevin də o vaxt dediyi bir məşhur sözü var ki, nəhayət, siz xeyriyyəçilikdən qurtarıb əsl xeyirli işlər görməyə başladınız... Məsləhətləşdiyim adam da bir Həsən Zeynalovdur. Onda o, Naxçıvanın daimi nümayəndəsi idi. O bütün varlığı ilə Heydər Əliyevə sədaqətli bir adamdır. Mən durub getdim "Biosentr”də Cəlal müəllimin yanına. Mən də 1985-ci ildə Cəlal Əliyevin yanından çıxıb getmişəm, 92-ci ilədək bir dəfə də olsun onunla görüşməmişəm. Mən qapını açıb içəri girəndə çox təəccübləndi ki, sən hara, bura hara? Dərhal cümləni elə başladım ki, təəccübə yer qalmadı. Dedim, bircə suala cavab istəməyə gəlmişəm-Heydər Əliyevin yenidən Azərbaycana gəlib ölkəni idarə etmək istəyi varmı? Azərbaycan dağılır və o, Heydər Əliyevdən imdad istəyir.
Dedim ki, onun belə bir niyyəti varsa, bu dəqiqə gedib cəmiyyətin iclasını çağırıb Heydər Əliyevin namizədliyini irəli sürərək Ali Sovetə təqdim edirəm. Yəni hər şey ilk dəfə belə başlayıb. Ondan sonra biz "Əlincə” Cəmiyyətinin iclasını çağırdıq, həmin o Əkrəm Əylisli orda çox böyük ləyaqətsizlik elədi. Ondan başqa adını çəkmək istəmədiyim bir hörmətli ədəbiyyat professorumuz var, o durdu orda mənim sözümün qabağında Əbülfəz Elçibəyin namizədliyini irəli sürdü. Mən də etiraz etdim ki, biz bura Əbülfəz Elçibəyin namizədliyini irəli sürməyə yığışmamışıq. Biz ancaq Heydər Əliyevin namizədliyini irəli sürürük... Elə həmin iclasdaca Heydər Əliyevin namizədliyini irəli sürdük, protokolu da aparıb Ali Sovetə təqdim elədik. Ondan sonra da yaş senziylə bağlı mitinqlər gündəmə gəldi. Üzr istəyirəm, Əkrəm Əylisli ilə bağlı dediyim ola bilsin ki, həmin iclasda yox, Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında YAP-ın yaradılmasını elan etdiyimiz iclasda olub. Orada aramızda qarşıdurma oldu...
Siyavuşgil "Ümid” körpüsünün açılışında iştirak edib qayıdıb gələndə soruşdum ki, nə oldu? (Partiya yaratmaq məsələsini nəzərdə tutur-red.) Dedi ki, kişiyə dedik, nə "yox” dedi, nə "hə”. Ondan sonra mən bir az ürəkləndim, dedim, yox ey, bu işdən əl çəkməyəcəm. Ona görə də bayaq dediyim o adamları götürüb Naxçıvana kişi ilə görüşə getdik... Günün birində mən bir də Naxçıvana gedəsi oldum, iyul ayının 22-də. Getdim ki, kişidən bir istiqamət alam ki, bu partiya sağ partiya olacaq, sol partiya olacaq, adı nə olacaq-filan. Yəni 22-də artıq demək olar ki, kişi cavab verdi və söhbətdən sonra qayıtdı ki, əslində keçən dəfə mən sizə sözümü dedim. Çıxanda da mənə qayıtdı ki, ayın 18-də Sirus Təbrizli də eyni sualla bura gəlmişdi, sən qayıdanda onunla görüş. Ondan sonra gəldim getdim Sirus Təbrizliylə də görüşdüm. Beləliklə, partiya quruculuğuna başladıq. Bax, o zaman "91-lər” meydana gəldi.
...İlk dəfə Heydər Əliyevlə görüşəndə 38 yaşım vardı. Özü də mən həyatım boyu hansı dəyərli kişiylə bir yerdə çalışmışamsa, onlardan mənim xarakterimdə dərin izlər qalıb... 38 yaşımdan sonrakı hansı Əli Nağıyevəmsə, hər bir nailiyyətim üçün Heydər Əliyevə borcluyam... Mən hər görüşümdə Heydər Əliyevdən çox böyük mənəvi qida almışam. Heydər Əliyev tarix quran kişiydi... Heydər Əliyev bu dövləti qurmaq üçün nə qədər ağır və məşəqqətli yollardan keçib. Ona görə də Heydər Əliyevlə yan-yana olmaq qanan adam üçün dünya idi.
Ə.Nağıyev daha sonra YAP-a səmimiyyətlə gəlməyənlərdən danışıb: "Vaxtilə universitetin rektoru Mirabbas Qasımov Heydər Əliyevə müraciət məktubu hazırlamışdı. Məğzi də ondan ibarət idi ki, niyə Mütəllibova mane olursan, onu işləməyə qoymursan? O, universitetin Naxçıvandan olan ziyalılarını həmin müraciətə imza atmağa məcbur edirdi. Qapı-qapı düşərək həmin bədnam müraciətə imza yığanlar bu gün millətin qabağında gedənlər olub. Bilirsən, elə məsələlər var ki, hökmən deyilməlidir və hesab edirəm ki, komandanın içindən tənqidə meydan vermək lazımdır. Özü də hökmən... Siyavuş təpədən dırnağadək Heydər Əliyevə və onun yoluna sədaqətli adamdır. Bir epizod deyim sənə. Bir dəfə 92-ci ilin payızında Həsən Zeynalov mənə zəng elədi ki, kişi zəng edib ki, İlham Əliyev Naxçıvana gələcək, onun yanına bir adam qoşmaq lazımdır. Heç tərəddüd etmədən dedim ki, Siyavuş Novruzov. Bilirdim ki, həm sadiqdir, həm də cəsarətli və eyni zamanda cüssəli. Və bu gün də o adam həmin sədaqətində qalır. Mən 3 ildir Bakıdayam və bu adamların heç biriylə hər hansı əlaqəm yoxdu. Amma mən haqqı dana bilmərəm... Sözsüz ki, YAP-da ürəyim istəyən yaxşı kişilər çoxdur, yenə deyirəm, o iblis xislətli məkrli adamlara cəfəngiyyat uydurmağa daha fürsət vermək istəmirəm”.
"Bayaq dediniz ki, prezident bir yox, ən azı 5 mənbədən informasiya alır. Necə ola bilər ki, həmin 5 mənbənin hamısı Əli Nağıyevlə bağlı prezidentə ancaq neqativ şeyləri desinlər sualına onun maraqlı cavabı olub: "Əli Nağıyev çoxları üçün heç vaxt asan adam olmayıb. Özü də heç vaxt çalışmamışam ki, hamının xoşuna gəlim. 1993-cü il sentyabrın sonlarında, hansı ki, Heydər Əliyev hələ prezident seçilməmişdi, Ali Sovetdə çox dar bir ”kruq"da-mən, Lalə Şövkət, Rəfael Allahverdiyev, Arif Rəhimzadə və daha bir-iki nəfər Heydər Əliyevin yanında idik. Orda daxili işlər naziri Vaqif Novruzov haqqında çox kəskin çıxış etdim. Mən onun bir neçə yaramaz əməllərini bilirdim və bu barədə hər yerdən məlumat alırdım. Ayağa durub dedim ki, Heydər Əliyeviç, bu cür adam necə sizə sədaqətlə xidmət edə bilər? Heydər Əliyev heç nə demədi, dedi, otur. Gəldim partiyaya, bu zaman mənə Heydər Əliyev zəng elədi.
Dedi, bilirsən nə var, dediklərini mən də bilirəm, ancaq qoy bunu da özümüzə düşmən etməyək, görək başımıza nə gəlir. Məəttəl qaldım ki, ay kişi, bu sözü orda mənə niyə demədiN? Axı onun yanında cəmizi 5-6 adam idik. Səhərisi gün Vaqif Novruzov qardaşım Nazimi çağırdı yanına ki, sənin qardaşın məndən nə istəyir? Deməli, bu sözü orda oturanlardan kimsə gedib çatdırdı. Yəni Heydər Əliyev hamını tanıyırdı deyə, orda mənim sözümə cavab vermədi ki, gedib deyəcəklər... Heydər Əliyevin də özü deyirdi ki, əlimlə böyütdüyüm adamların bir çoxu dar ayaqda məni satdı. Ancaq bu gün dalımca heç vaxt tanımadığım adamlar gəlir. Mən belələrini yaxına qoymurdum"...