Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (17-10-2015, 20:36)
İlham Zəkiyev: "Uduzanda da Allaha şükür edirəm"

Cüdo üzrə 2 qat Paralimpiya Oyunları çempionu, 2 qat dünya çempionu, 5 qat Avropa çempionu, əməkdar idman ustası, "Şöhrət" ordenli, "Tərəqqi" medallı, Heydər Əliyev Fondunun təsis etdiyi "Qızıl çinar" beynəlxalq mükafatı laureatı İlham Zəkiyev "Trend"ə müsahibə verib.

Mediatv.az həmin müsahibəni təqdim edir:

Bu yaxınlarda Həcc ziyarətindən qayıtdınız. Səfəriniz necə keçdi?

- Hər bir müsəlmanın arzusu olan Həcc ziyarətinə getmək bu il mənə nəsib oldu. Buna görə özümü xoşbəxt sayıram. Arzusunda olan hər kəsə bu ziyarəti arzulayıram. Şəxsi məşqçim Elxan Rəcəbli, komanda yoldaşım Ramin Əliyev və mən bir yerdə getdik, ziyarət etdik, xalqımız, millətimiz, Azərbaycan üçün dua etdik.

Orada dini ayinlərin icrası sizin üçün çətinlik yaratmadı ki?

- Əsas Allahdır, niyyətdir. Buradan gedəndə də mənə deyənlər oldu ki, getmə, sənə çətin, ağır olacaq. Şükürlər olsun Allahın böyüklüyünə. Asanlaşdıran Allahdır. Mən səfərlərdə çox olmuşam. 3-5 gündən sonra adam ev üçün darıxır, bir az narahat olur. Amma orada 20 gün səfərdə olduq. Orada insanda qəlb rahatlığı olur. Allah bu hissləri yaşamağı bütün müsəlmanlara nəsib etsin. Əzəmətli bir ibadətdir. Allah nəsib etsə, bir daha gedərdim.

Hiss olunur ki, Allaha çox bağlısınız...

- Hər gün namazımı qılıram, oruc tuturam, bütün dini ayinləri etməyə çalışıram. Bütün bu qələbələri bizə verən Allahdır. Ona görə də Allaha layiqincə şükür edən bəndə olmaq lazımdır. Bu səviyyəyə çatmağıma görə ilk növbədə Allahıma, sonra bizə dəstək olan cənab Prezidentə, Mehriban xanıma borcluyam. Onlar idmançılara həmişə dəstək olur, bütün problemlərimizlə yaxından maraqlanır və yüksək səviyyədə həll edirlər. Məşqçilərimizin də əvəzsiz xidmətləri var. Onların hamısına minnətdaram.

- İndi hansı yarışlara hazırlaşırsınız?

- Gələn ay – noyabrın 23-30-da Portuqaliyada keçiriləcək Avropa çempionatına hazırlaşırıq. Əsas hazırlıqlar 2016-cı ildə Braziliyada keçiriləcək 4 ilin yekunu olan Paralimpiya Oyunları üçündür.

Yarışlara hazırlıqla bağlı hər hansı problemləriniz olur?

- Əlbəttə ki, çətinliklər, problemlər olur. Amma onları vaxtında həll etməyə calışırıq. Mən ağır çəkidə yarışıram. Sparrinqlərimiz olmur, ona görə də məcbur olub Avropa Yığma Komandasına qoşuluram, onlarla birgə təlim-məşqlərdə iştirak edirəm, olimpiyaçılarla işləyirəm.

Avropa Oyunlarından sonra yerli KİV-lərin sizə göstərdiyi diqqət sanki daha da artdı...

- Əlbəttə, xüsusilə məşəli stadiona gətirəndən sonra. Çox adam məni tanımırdı, məşəli mənim gətirdiyimi görəndə təəccüblənmişdilər. Sosial şəbəkələrdə də mənə yazırdılar ki, "biz sizi tanımamışıq, belə oğulları televiziya verilişlərinə çox dəvət etmək lazımdır ki, insanlar tanısın".

İlham Zəkiyev uğurları ilə bütün Azərbaycanı sevindirir. Bəs İlham Zəkiyev özü nə zaman sevinir?

- İnsanları sevindirməkdən zövq alıram. Biz uşaq ikən Sumqayıtda (bu şəhərdə sərbəst güləşlə idmana başlamışam) güləş üzrə Avropa çempionu olan Rövşən Hacıyev bizə salam verəndə özümüzü dünyanın ən xoşbəxt insanı hiss edirdik. Ona görə də balacalar, davamçılarımız mənə yaxınlaşanda onları böyük sevinclə qarşılayıram, görüşürəm, şəkil çəkdirmək istəyəndə böyük məmnuniyyətlə buna razılıq verirəm.

Kiməsə hədiyyə almağı, kimisi sevindirməyi çox xoşlayıram. Hansısa insan pislikdən zövq alırsa, mən yaxşılıqdan zövq alıram (gülür). Sürprizi təkcə ailə üzvlərimə etmirəm. Hətta Avropa Oyunlarının açılış mərasimində məşəli mənim yandıracağımı heç kim bilmirdi. Cənab Prezident, Mehriban xanım tapşırmışdı ki, heç kim bilməsin. Bu, bir sirr olaraq qalmalıdır. Heç evdə də deməmişdim. Bu məni sevənlər üçün, hamı üçün çox gözəl bir sürpriz oldu. Evdə də televiziyada izləyiblər, sevinclərindən ağlayıblar. Uşaqlar baxıblar ki, nənə ağlayır, ana ağlayır. Onlar soruşublar ki, niyə ağlayırsınız, ataya nə olub? Yəni uşaqlar heç nə başa düşməyiblər.

Açılışdan sonra Papalimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mənə zəng edib bunu bilib-bilmədiyimi soruşdu. Dedim ki, bilirdim, amma tapşırmışdılar ki, heç kimə deməyim. O da kövrəlmişdi, stadionda olan azərbaycanlı tamaşaçıların hamısı kövrəlmişdi. Bu, xoş sürpiz oldu. Bu sürpizi ancaq təşkilatçılar bilirdi, onların da hamısı yox. Deyilmişdi ki, Oyunların açılış mərasiminin son anına qədər məşəli kimin yandıracağını heç kim bilməməlidir.

İdmançının uğuru 3 amildən - ağlından, qüvvəsindən, ruhundan asılıdır. Heç ruhdan düşdüyünüz anlar olubmu?

- Hamının ruhdan düşdüyü anlar olur. Amma hər bir yarışdan sonra – udanda da, uduzanda da - Allaha şükür edirəm. Uduzuruqsa, deməli, özümüzdə nə isə boşluq olur. Ola bilər ki, rəqibimiz bizdən bir qədər çox məşq edib, ona görə qalib olur. İdmançı udar da, uduzar da.

Avropa Oyunlarında yarımfinalda qələbə qazanandan sonra mənə dedilər ki, cənab Prezident sənə finalda baxmağa gəlir. Çox böyük həyəcan keçirdim. Həyəcanım, məsuliyyətim birə on artdı. Bununla bərabər, gücüm də artdı. Mənim uduzmağa haqqım yox idi. Çünki iki ay öncə cənab Prezidentlə belə bir söhbətimiz oldu. Ona dedim ki, cənab Prezident, mən iyunun 26-da Silahlı Qüvvələrin Günü döyüşəcəyəm və istəyirəm ki, Ali Baş Komandanımıza bir medal hədiyyə edim. Cənab Prezident də, Mehriban xanım da məndən yalnız qızıl medal gözlədiklərini dedilər. Finalda məğlub etdiyim ukraynalı rəqibim üzərində iki il əvvəl qələbə qazanmışdım. Mükafatlandırma mərasimində cənab Prezidentin medalı mənə təqdim etməsi çox qürurverici idi. Mən nəsib olan o şans sayəsində Prezident İlham Əliyevi Silahlı Qüvvələr Günü münasibətilə şəxsən təbrik etdim və bildirdim ki, cənab Ali Baş Komandan, verdiyiniz döyüş tapşırığını yerinə yetirdim və qızıl medalı qazandım. Prezident də yarışdan sonra öz müsahibəsində demişdi ki, mənim yanıma fəxri kürsüyə böyük məmnuniyyətlə çıxıb.

Haqsızlıq nəticəsində uduzduğunuz vaxtlar olub?

- Olur. Məsələn, Avropa Oyunlarının finalında mənə xəbərdarlıq edildi. Halbuki ikinci xəbərdarlıq mənə edilməməli idi. Əsas nəticədir. Ümumiyyətlə, qələbələrim məğlubiyyətimdən çox olub. Amma məğlubiyyətlərimin hamısının əvəzini çıxmışam. Londonda yaponiyalı cüdoçuya uduzmuşdum. Həmin idmançı ilə bu il Macarıstanda Dünya Kubokunun finalında görüşdük. Onu məğlub etdim, əvəzini çıxdım.

- Uşaqlarınızın elmə marağı necədir? Dərslərini necə oxuyurlar?

- Üç övladım var. Böyüyü İlkin dördüncü, Aynur ikinci sinfə gedir. Sonbeşiyimiz Həmzənin isə mən yarışan gün – iyunun 26-da 2 yaşı tamam oldu. İlkinlə Aynur dərslərini yaxşı oxuyurlar. Tapşırmışam ki, elmlə məşğul olun. İdman sahəsinə də maraqları var. Sağlamlıq üçün məşğul olurlar, amma onları məcbur etməyəcəyəm ki, Olimpiya, dünya çempionu olsunlar. Birinci yerdə elmdir, sonra isə idmandır. İnşallah, alınsa, öz peşəkarlığımızdan istifadə edərək yol göstərəcəyik.

Adınız uşaqlarınızın həyatında rol oynayırmı?

- Məktəbdə hörmət edirlər. Amma tapşırmışam ki, hörmətə qiymət yazmasınlar. Nəyə layiqdirlərsə, o qiyməti yazsınlar. “Beş”dirsə, qoy öz “beş”i olsun. Şükür Allaha ki, çalışırlar.

İstirahətinizi necə keçirirsiniz?

- İstirahətə vaxt az olsa da, ailəmlə, uşaqlarla birgə vaxt keçirməyə çalışıram. Gəzintiləri, çay süfrəsi arxasında dostlarımla yığışıb söhbət etməyi xoşlayıram.

- İdman karyerasından uzaqlaşmağı düşünmüsünüzmü?

- Yox. Ən azından hələ işləyirik və işləyəcəyik. İdman mənim sevdiyim işdir. İnşallah, nə vaxtsa idman karyeramı bitirəndən sonra yəqin ki, idman sahəsindəki təcrübəmdən faydalanmaq istəyəcəklər.

 

шаблоны для dle 11.2

Xəbər lenti
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024
22 11 2024