Region (5-10-2015, 16:50)
Allahdan möhlət istəyən Zəlimxan Yaqub: “Nigarançılığım ondandır ki...”
Xalq şairi Zəlimxan Yaqub növbəti müayinə üçün bu gün səhər Almaniyaya yola düşdü. Çoxdandır nasaz olan sevilən şairimizi yolüstü söhbətə tutduq. Özü demişkən, halı o hal olmasa da, suallarımızdan yayınmadı. “Xəstəlik ruhuma toxuna bilməsə də, cismən məni əldən salıb”, - deyən şairlə söhbətdən doymasaq da, onu çox yormaq istəmədik. Çünki dincəlməyə ehtiyacı vardı…
Mediatv.az xəbər verir ki, publika.az-a müsahibə verən Zəlimxan Yaqub kövrəlib və qəhərdən boğulan şair vətəndən şeirlə ayrılıb.
- Zəlimxan müəllim, yol üstəsiniz, inşallah, xoş xəbərlə qayıdarsınız…
- Görək, qismət Allahdandır. Ömrü verən də Allahdır, alan da. Onsuz da mən ölümdən qorxmuram.
- Ölümdən danışmaq üçün hələ tez deyilmi?
- Bu dünyanın işini bilmək olmaz. Mən hər şeyə hazıram, ölümümə hazırlıq görürəm.
- Ölüm Zəlimxan Yaqubun kölgəsində çox sönük görünmürmü?
- Əslində, beş dəfə ölümü görüb qayıtmışam. Buna görə də ölüm nəkarədir ki mən ondan qorxub çəkinim. Ölən adam ölümdən qorxa bilərmi? Bax, indi səninlə danışıram, elə bu dəqiqə gəlsə, ölümə “xoş gəldin” deməyə hazıram.
- Ay Zəlimxan müəllim, bizi bu gözəl dünyadan ayırıb aparan ölümə hələ bir “xoş gəlmisən” deyib pişvazına da çıxmalıyıq? Hansı xoş işinə görə onu belə qarşılamalıyıq?
- Əslində, düz deyirsən, ölümün pis üzü var. Hiss edirsən ki, günəş doğur, ulduzlar parlayır, yağış yağır, şimşək çaxır, fəsillər yerini dəyişir, yaz payıza, payız qışa qucaq açır, amma sən getməlisən. Bu, çox ağrılı məqamdır. Belə gözəl dünyanı qoyub, torpağın altında ölümlə qol-boyun olmaq, əlbəttə, ürəkaçan iş deyil. Amma əksini etmək də əlimizdən gəlmir.
- İçinizdə nigarançılıq var sanki?
- Nigarançılığım bir ondandır ki, həyata keçməyən arzularım var. O arzuların nigarançılığını içimdə daşıyıram.
- Madam ki ölüm haqqında belə rahat-rahat danışırsınız, onda soruşmaq istəyirəm: Allahdan heç möhlət istəyirsinizmi?
- Elə gecə-gündüz Allahla danışıram. Üzümü göylərə tutub ürəyimdəkiləri söyləyirəm. Amma bilmirəm söylədiklərim Allaha çatır, ya çatmır?
- Niyə elə düşünürsünüz?
- Bir mömin bəndəyəm, Quran görməmiş, onda da şübhələr, əfsanələr var… Biz bəndələrin işi, vəzifəsi üzümüzü göylərə tutub sözümüzü deməkdir. Gerisi bizlik deyil. Uca Tanrı özü bilir, özü eşidir, özü müəyyən edir.
- Bizlərdən fərqli olaraq, şairlər Allaha bir köynək yaxındır axı. Hər halda inanmıram ki, Zəlimxan Yaqub Allahla dialoqa girməsin?
- Əlbəttə, Allahdan xəbərlər gəlir. Amma o xəbərləri bir özüm bilirəm, bir də Allah.
- Heç Allah qarşısında özünüzü günahkar saydığınız məqamlar olub?
- Günahlarım da çoxdur, savablarım da. Mən rəhmətlik İsa Muğanna ilə çox yaxın idim və onunla bu mövzuda çox söhbətlərimiz olurdu. Hardan gəlmişik, hara gedirik, bu dünyanın əvvəli hardan başlanır, axırı harda tamamlanır - özümüzə bu sualları verib, dərinliklərə baş vururduq.
- Barı tapa bilirdinizmi bu sualların cavabını?
- Tapdığımız da olurdu, tapmadığımız da… Sualların qarşısında aciz qaldığımız məqamlar da olurdu. Bu mövzuda sizinlə çox söhbətləşmək istərdim. Amma xəstəlik məni əldən salıb. Heyif ki çox danışa bilmirəm. Amma ürəyim də doludur.
- Yəqin ki ürəyinizi daha çox ağ kağıza boşaldırsınız…
- Hər gün şeirlər yazıram. Bu, Allahın mənə verdiyi nemətdir, mən bu nemətə görə hər gün Allahıma şükür edirəm.
- Şeirləriniz, adətən, nə vaxt doğulur - gecələr, yoxsa gündüzlər?
- Gecələr.
- Zəlimxan müəllim, əvvəllər daha çox şeirlər doğulurdu, yoxsa indi - xəstələnəndən sonra?
- Təbim həmişə olduğu kimidir. Heç nə dəyişməyib. Xəstəliyin təbimə heç bir təsiri yoxdur.
- Yol üstəsiniz, sizi çox yormaq istəmirik, inşallah, sağ-salamat gedib qayıdarsınız, onda söhbətimizi qaldığımız yerdən davam edərik.
- Ya qismət! (qəhərlənir).
Gələcəyəm, gözlə məni,
Harda olsam, gələcəyəm,
Qohum kimi, qonşu kimi,
qardaş kimi gözlə məni.
Bir-bir yada salacağam,
nələr olub, nələr keçib,
Ömür kimi, tarix kimi,
yaddaş kimi gözlə məni.
Sən özünü məndən ayrı
nə yetim bil, nə arxasız,
Arxa kimi, dayaq kimi,
sirdaş kimi gözlə məni.
Həyatına gələmməsəm,
ölümünə gələcəyəm,
Məzarının başındakı
bir daş kimi gözlə məni.