Karusel (31-01-2017, 14:50)
2016-CI İL ƏRZİNDƏ YOL HƏRƏKƏTİNİN TƏHLÜKƏSİZLİYİ ETİBARLI TƏMİN EDİLMİŞDİR
Polis general-mayoru R. Zeynalov 1994-cü ildən DİN-nin Baş DYP İdarəsinə rəhbərlik edir. 1995-ci ildə "İgidliyə görə" medalı ilə təltif olunması onun özünün və rəhbərlik etdiyi şəxsi heyətin məsuliyyətini daha da artırmış, daha səylə xidmət etməyə sövq etmişdir. Azərbaycan Daxili İşlər Orqanları sırasında bu strukturun MDB ölkələrinin analoji strukturlarından müsbət planda üstünlüyü ilə seçilməsində əminliklə demək olar ki, məhz zabit Ramiz Zeynalov şəxsiyyətinin, xarakterinin, iradəsinin, qətiyyətinin əhəmiyyətli rolu olmuşdur. 2006-cı ildə isə "Vətən uğrunda" medalı ilə təltif edilməsi əlbəttə ki, cənab Zeynalovun dövlət və xalq naminə xidmətinə verilən böyük dəyərin ifadəsi idi. Xidmət etdiyi sahədə rəhbər vəzifəsini həyata keçirərkən ən mütərəqqi, ən humanist, ən kreativ idayaların təşəbbüsçüsü, müəllifi olan Ramiz müəllim fevralın 19-da şərəfli zabit ömrünün 66-cı dolayını fəth edəcək. Hörmətli generalımız layiqli xidməti sayəsində necə deyərlər, "trafik canavarı"nın pəncəsindən qurtulan hər bir can onun üçün Allah yanında şəfaətçidir.
Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılır
Cənab R. Zeynalovun rəhbərliyi altında İdarə və onun yerlərdəki bölümləri tərəfindən 2016-cı il ərzində respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilmişdir.
İl ərzində respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilmiş, nəticələri Daxili İşlər Nazirinin müavini, polis general-leytenantı cənab O.Zalovun sədrliyi ilə keçirilmiş əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunmuş, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilmişdir.
İdarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülmüş, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq daha da artırılmışdır.
Ümumilikdə 2016-cı il ərzində yol hərəkətinə nəzarət prosesində 2.861.880 yol hərəkəti qaydalarının pozuntusu, o cümlədən nəqliyyat vasitələrinin sərxoş sürücülər tərəfindən idarə edilməsi üzrə 12.858, müəyyən olunmuş sürət həddinin aşılması üzrə 1.429.784, ötmə, manevr və qarşıdan gələn nəqliyyatın yoluna çıxma qaydalarının pozulması üzrə 147.498, yolayrıclarının keçilməsi qaydalarının pozulması üzrə 131.663, svetoforun qadağanedici siqnallarının pozulması üzrə 68.998, sərnişin daşıma qaydalarının pozulması üzrə 7.157 fakt aşkar edilmişdir. YHQ pozuntusuna görə 8.111 sürücünün hüququ müxtəlif müddətlərə məhdudlaşdırılmışdır.
Paytaxtda nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinə maneə yaradan hərəkət hissəsi dağılmış, qazıntı işləri aparılan küçə və yolların hərəkət üçün normal vəziyyətə gətirilməsi, eləcə də tədbir yerlərinə aparan magistral küçələrdə nəqliyyat sıxlıqlarının azaldılması məqsədilə tikinti təşkilatları tərəfindən hərəkət hissəsi bağlanılmış küçələrin hərəkət üçün müvəqqəti açılması barədə nəqliyyat nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər göndərilmiş, paytaxta daxil olan avtomobillərin parklanması üçün əlavə dayanacaq yerlərinin yaradılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırılmışdır.
Respublikanin avtomobil parkının genişlənməsi DYP-nin işlərinin həcmini artırır
DİN Baş DYP İdarəsinin rəis müavini, polis polkovniki Mübariz Şahbazovun gündəlik nəzarəti altında Baş idarənin əməkdaşları tərəfindən ötən il ərzində hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu aparılmış, 10.457 avtomobil ilkin qeydiyyata alınmış, 50.308 ilkin sürücülük vəsiqəsi verilmiş, respublikanın avtomobil parkının sayı 1.347.812 təşkil etmişdir.Avtonəqliyyat vasitələrindən atılan zərərli tullantılarla atmosfer havasının çirklənməsinin qarşısının alınması, mühərriklərin işlənmiş qazlarındakı zərərli maddələrin miqdarı normadan artıq olan avtomobilləri müəyyən etməklə cavabdeh şəxslərin qanunvericiliyə uyğun məsuliyyətə cəlb olunmaları məqsədilə avqust ayının 1-dən 31-dək respublika ərazisində «Təmiz hava» aylığı keçirilmiş, 2486 şəxs inzibati məsuliyyətə cəlb edilmişdir. Ümumilikdə il ərzində aparılan yoxlamalar nəticəsində 3736 avtomobilin mühərriklərinin işlənmiş qazlarında zərərli maddələrin miqdarının normadan artıq olduğu aşkar olunaraq müvafiq inzibati tədbirlər görülmüşdür.Ötən il ərzində «Siqnal» İİLİ tərəfindən 30 svetofor obyekti quraşdırılmış, 24.236 yol nişanı qoyulmuş və ya yenisi ilə əvəz edilmiş, boya ilə küçə və yollarda 3.161.882 pm cizgiləmə işi aparılmışdır.
YHN-nin və onların nəticəsində ölən və yaralananların sayı azalıb
Ötən il ərzində respublika ərazisində 2006 YNH-i qeydə alınmış, nəticədə 759 nəfər həlak olmuş, 2003 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə YNH-nin sayı 214 fakt (9,6 %), həlak olanların sayı 135 nəfər (15 %), yaralananların sayı isə 262 nəfər (11,6 %) azalmışdır.
Polis polkovniki Balakişi Əhmədovun rəhbərlik etdiyi DİN BDYPİ YPXA-nın xidmət ərazisində hesabat dövründə 225 YNH-i qeydə alınmış, nəticədə 251 nəfər həlak olmuş, 89 nəfər yaralanmışdır. 2015-cİ illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 32 fakt (12,5%), 38 nəfər (13,1%) və 30 nəfər (25,2 %) azalmışdır.
Bakı şəhəri ərazisində 684 YNH-i qeydə alınmış, bunların nəticəsində 192 nəfər həlak olmuş, 691 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə YNH-nin, həlak olanların və yaralananların sayı uyğun olaraq 113 fakt (14,2 %), 37 nəfər (16,2 %) və 159 nəfər (18,7 %) azalmışdır.Ümumiyyətlə, Yol-patrul xidməti -yol hərəkətinə nəzarət etmək və yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulması hallarının qarşısını almaq;
-yol hərəkətini tənzimləmək; -yol-nəqliyyat hadisələrinin baş verdiyi yerlərdə təxirəsalınmaz tədbirləri həyata keçirmək; -yol-nəqliyyat qəzaları yerində zərər çəkmiş şəxslərə ilk tibbi yardım göstərmək; -ictimai təhlükəsizliyin tə’min edilməsində və cinayətkarlığa qarşı mübarizə tədbirlərində iştirak etmək və.s. kimi qaydalara riayət olunmasına nəzarət etmək kimi vəzifələrinin öhdəsindən layiqincə gəlmişdir.
Qaçırılmış avtomobillərin 81 faizi tapılıb
Azərbaycan Respublikası Prezidentinin «Cinayətkarlığa qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydalarının möhkəmləndirilməsi tədbirləri haqqında» 1994-cü il tarixli Fərmanından irəli gələn vəzifələri rəhbər tutaraq hesabat dövründə polisin digər xidmətləri ilə birgə DYP əməkdaşları tərəfindən 7 ədəd avtomat silah («Kalaşnikov» tipli), 2 tapança, 20 ədəd tüfəng, 18 (F1) əl qumbarası, 21 ədəd avtomat sandıqçası, 2.909 ədəd müxtəlif kalibirli patron aşkar edilərək istintaq orqanlarına təhvil verilmişdir.
Ötən il ərzində BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan 20 şəxs və 57 avtomobil saxlanılmış, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu üzrə 1104 fakt və 94 fakt saxta sənəd aşkar olunaraq materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilmişdir. 2016-ci ildə polisin digər xidmətləri ilə birgə 49 fakt üzrə: 47 kiloqramdan çox narkotik maddə aşkar olunmuşdur.
İl ərzində baş idarəyə 280 nəqliyyat vasitəsinin oğurlanması və qaçırılması barədə məlumat daxil olmuşdur ki, onlardan 227-i (81 %) tapılmışdır.
***
Cənab R.Usubovun proqram xarakterli tapşırıq və tövsiyələrini rəhbər tutaraq yol-nəqliyyat hadisələrinin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanmış və xidməti istifadə üçün yerlərə göndərilmişdir. Daxili işlər naziri general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən hətta bayram günlərində də BDYPİ-nin imtahan-qeydiyyat şöbəsi də adi iş rejimində fəaliyyətini davam etdirmişdir. Şöbənin fəaliyyətində şəffaflığın, ictimai hesabatlılığın təmin olunmasının nəticəsidir ki, buradakı məlumatlar cəmiyyət üçün əlçatan olur.Amma çox təəssüflər olsun ki, bəzi bədxah qüvvələrə xidmət edən kütləvi informasiya vasitələrinin haqsız hədyan yazılarında istifadə edilir. Dövlətçiliyə bunca sadiq insanları az qala mühakimə edən belə üzdəniraq media mənsubları ya bilmirlər, ya da bilərəkdən unudurlar ki, ağ qara ləkə götürmür, müdrik Azərbaycan xalqının gözü tərəzidir, pisi yaxşıdan seçməyi bacarır. Böhtançıların uğursuzluğa məhkumluğu qabaqcadan məlum olan bu cəhdləri könül bulandırmaqdan başqa bir şey deyildir. Yaxşı olar ki, qüvvələrini perspektivsiz məqsədlərə sərf etməkdənsə, tərəqqipərvər qüvvələrin cərgəsinə qoşulub həm ölkənin, həm xalqın, həm də cəmiyyətin xeyrinə iş görüsnlər.