Cəmiyyət (5-05-2016, 10:15)
DİN Baş DYP İdarəsi yollarda hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini uğurla davam etdirir
Yol-nəqliyyat hadisələrinin profilaktikası sahəsində həyata keçirilmiş tədbirlərin respublika üzrə bütövlükdə hadisələrin və onların ağırlıq dərəcəsinin artımının qarşısının alınmasına, eləcə də qəza nəticəsində ölən və yaralananların sayının azalmasına müsbət təsiri olmuşdur. Belə ki, 2016-ci ilin 3 ayı ərzində respublika ərazisində 419 yol-nəqliyyat hadisəsi qeydə alınmış, nəticədə 143 nəfər həlak olmuş, 453 nəfər yaralanmışdır. 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 110 fakt (20,8%), həlak olanların sayı 80 nəfər (35,9%), yaralananların sayı 102 nəfər (18,4%) azalmışdır.
Bakı şəhəri ərazisində 147 yol-nəqliyyat hadisəsi qeydə alınmış, bunların nəticəsində 31 nəfər həlak olmuş, 160 nəfər yaralanmışdır. 2015-ci illə müqayisədə yol-nəqliyyat hadisələrinin, həlak olanların və yaralananların sayı uyğun olaraq 60 fakt (29%), 37 nəfər (54,4%), 61 nəfər (27,6 %) azalmışdır.
Statistika ilə, eləcə də yol hərəkəti iştirakçıları arasında apardığımız sorğu nəticəsində təsdiqlənən bu müsbət tendensiya əlbəttə ki, yol polisinin təqdirəlayiq xidmətinin nəticəsidir. Azərbaycan Respublikası DİN-in kollegiya qərarlarının, əmr və göstərişlərinin tələblərini, habelə iş planlarını rəhbər tutaraq DİN Baş DYP İdarəsi və onun yerlərdəki bölümləri tərəfindən respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, ictimai asayişin qorunması və xidməti intizamın möhkəmləndirilməsi istiqamətində bir sıra təşkilati və profilaktik tədbirlər həyata keçirilməkdədir.
Vaxtaşırı olaraq respublikada və onun ayrı-ayrı bölgələrində qəzalığın vəziyyəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi sahəsində görülmüş işlər ümumiləşdirilərək kompleks təhlil edilir, nəticələri əməliyyat müşavirələrində DYP-nin ərazi və nizami hissələrinin rəhbər heyəti ilə geniş müzakirə olunur, hərəkətin təhlükəsizliyinin təmini sahəsində görülən işlərin vəziyyəti qeyri-qənaətbəxş olan DYP hissə rəhbərlərinin hesabatları dinlənilir. Ölkə ərazisində qeydə alınmış YNH-nin təhlili nəticələri, habelə DİN-in müvafiq tapşırıq və tövsiyələrini rəhbər tutaraq YNH-nin qarşısının alınması, kobud qayda pozuntularına qarşı mübarizənin təşkili, şəxsi heyət arasında mənəvi-psixoloji mühitin sağlamlaşdırılması, nizam-intizamın möhkəmləndirilməsi ilə bağlı müvafiq tədbirlər müəyyənləşdirilərək icmal-arayış hazırlanır, xidməti istifadə üçün yerlərə göndərilir.
General Ramiz Zeynalovun rəhbərliyi altında Dövlət Yol Polisi xidmətində fəaliyyətin müasir tələblərə uyğun qurulması üzrə görülən işlər gündəlik nəzarətdə saxlanılmaqla idarəçilik və təşkilatçılıq işinin yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəxsi heyətin professional səviyyəsinin artırılması məqsədilə əlavə zəruri tədbirlər görülür, qanunçuluğun, insan hüquq və azadlıqlarının aliliyi prinsiplərinə, xidməti, icra və uçot-qeydiyyat intizamına riayət edilməsinə tələbkarlıq davamlı artırılır. Ölkə başçısının müvafiq Fərmanları ilə «Yol hərəkəti haqqında qanuna və İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklər əsasında xidməti tənzimləyən normativ-hüquqi aktların qanunlara uyğunlaşdırılması istiqamətində aidiyyəti tədbirlər görülmüşdür. Yol hərəkətinin təhlükəsizliyi və ona nəzarət məsələləri ilə əlaqədar bu sahədə yeni informasiya texnologiyalarının tətbiqi, eləcə də baş idarədə elektron sənəd dövriyyəsinin təşkili ilə bağlı görülən işlər nəzarətdə saxlanılmaqla davam etdirilir. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş xətaların avtomatik rejimdə işləyən nəzarət-ölçü cihazları vasitəsilə qeydə alındığı hallarda şəxsin iştirakı olmadan elektron formada tərtib edilən protokollar üzrə icraatla bağlı tədbirlər nəzarətdə saxlanılmaqla davam etdirilir.
BDYP rəhbərliyi paytaxtda nəqliyyatın fasiləsiz və təhlükəsiz hərəkətinə maneə yaradan hərəkət hissəsi dağılmış, qazıntı işləri aparılan küçə və yolların hərəkət üçün normal vəziyyətə gətirilməsi, eləcə də tədbir yerlərinə aparan magistral küçələrdə nəqliyyat sıxlıqlarının azaldılması məqsədilə tikinti təşkilatları tərəfindən hərəkət hissəsi bağlanılmış küçələrin hərəkət üçün müvəqqəti açılması barədə nəqliyyat nazirliyinə və Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər göndərmiş, paytaxta daxil olan avtomobillərin parklanması üçün əlavə dayanacaq yerlərinin yaradılması ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışdır.
Baş idarənin əməkdaşları tərəfindən hüquqi və fiziki şəxslərə məxsus olan nəqliyyat vasitələrinin ilkin qeydiyyatı, təkrar qeydiyyatı, qeydiyyatdan çıxarılması, sürücülük vəsiqələrinin verilməsi üzrə vətəndaşların, idarə, müəssisə və təşkilatların nümayəndələrinin qəbulu tələb olunan səviyyədə aparılır,eləcə də Yol Patrul xidmətinin səviyyəsi vətəndaşlarda razılıq doğurur. BDYPİ-nin qeydiyyat-imtahan hissələrində avtonəqliyyat vasitələrinin qeydiyyat hərəkətləri zamanı məlumat bazası ilə axtarışda olan şəxslər və avtomobillər dərhal saxlanılır, habelə aqreqat nömrələrinin qeydiyyat sənədləri ilə uyğunsuzluğu faktları və saxta sənədlər aşkar olunan kimi materiallar araşdırılması üçün təhqiqat orqanlarına göndərilir. Daxili işlər naziri general-polkovnik Ramil Usubovun polisin gücləndirilmiş iş rejiminə keçməsi barədə imzaladığı əmrə əsasən hətta bayram günlərində də BDYPİ-nin imtahan-qeydiyyat şöbəsi də adi iş rejimində fəaliyyətini davam etdirmişdir.Qeydiyyat-İmtahan şöbəsi və Yol Patrul xidməti öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Şöbənin fəaliyyətində şəffaflığın, ictimai hesabatlılığın təmin olunmasının nəticəsidir ki, buradakı məlumatlar cəmiyyət üçün əlçatan olur və çox təəssüflər olsun ki, bəzi bədxah qüvvələrə xidmət edən kütləvi informasiya vasitələrinin haqsız hədyan yazılarında istifadə edilir.
Əmin olmağa dəyər ki, DİN Baş DYP İdarəsi Azərbaycan Respublikasının DİN-in kollegiya qərarlarını, əmr və göstərişlərini rəhbər tutaraq hərəkətin təhlükəsizliyinin təmin edilməsi və ictimai asayişin qorunması sahəsində tədbirlərini bundan sonra da uğurla davam etdirəcək.