Karusel (24-10-2016, 22:43)
Pambıq zavodunun iflasa uğratdığı fermer: "Zavod dərimizi soyur, icra başçısı isə həbslə hədələyir"
Artıq neft bumu dövrü başa çatıb. Bunu anlayan hökumət aqrar sektoru inkişaf etdirmək üçün işlər görür.
Prezident İlham Əliyev pambıqçılığın və baramaçılığın inkişafı üçün dövlətin sahibkarlara, fermerlərə dəstək olacağını bildirib və bu işləri yerli icra hakimiyyətlərinə tapşırıb. Yerli icra hakimiyyətləri tapşırığı necə yerinə yetirir? Fermerlər pambıqçılıqdan gəlir əldə edə bilirmi?
Ağdamdayam. Sahələr əkilir, torpaq yeni əkinlərə hazırlanır. Ancaq bir çox yerlərdə pambıq sahələri hələ də yığılmamış qalır, hektarlarla pambıq tarlaları yığılmasını gözləyir. Ağ qızıl deyilən pambıq torpağa qarışıb, çürüyüb gedir. Nə sahibkar, nə də kəndli pambığı yığmaqda maraqlı deyil. Sahibkar pambıq əkdiyi üçün boğaza qədər borca düşüb, kəndli isə kilosu 10 qəpiyə pambıq yığmaz.
Ölkə.Az-ın reportyor qrupu yığımını gözləyən pambıq sahələrindən hazırladığı reportajı sizə təqdim edir:
Ağdam rayonunda pambıq əkib qazanc əldə etmək istəyib, əksinə boğaza qədər borca düşən fermerlərdən biri də Ağdam rayon Sarıcalı kənd sakini Rzayev Şahmar Mehdi oğludur.
Şahmar Rzayevlə pambıq sahələrinə baxmağa gedirik. Ağdam rayon Sarıcalı kəndindəyik. Kənd sakinləri pay torpaqlarında pambıq, taxıl əkiblər. Əkin sahələrinin sonu isə cəbhə xəttidir. Burada pambıq əkib-becərmək xüsusi ürək tələb edir. Ona görə ki, hər an düşmən sahədəki insanlara atəş aça bilər. 50 hektar torpaq sahəsi olan Şahmar Rzayev prezident İlham Əliyev sahibkarları pambıq əkməyə çağırmasından sonra cəbhə bölgəsində 7 hektar sahədə pambıq əkməyə qərar verib. Pambıq əkən fermerlər Tərtər pambıq zavodu ilə müqavilə bağlayıblar. Müqaviləyə əsasən, Tərtər pambıq zavodu pambıq əkini üçün nəzərdə tutuluş sahələri əkməli, malalamalı, dərmanlamalıdır. Bunun qarşılığını isə pambıq yığımı zamanı məhsuldan götürməlidir. Araşdırma zamanı məlum oldu ki, zavod pambıq yığımı zamanı üzərinə düşən öhdəliyi bazar qiymətindən çox etdiyindən fermerlər nə qədər pambıq istehsal etsə də, nəticədə zavoda borclu qalıblar.
Şahmar Rzayevlə hələ yığılmamış pambıq tarlasında söhbət edirik:
"Əyilə-əyilə, 43 dərəcə günün, güllənin altında pambıq əkdim, ancaq zavod bütün əməyimizi, əziyyətimizi yerə vurdu. Hər kəs gördüyü işdən qazanc əldə etmək istəyir, ancaq biz fermerlər zavoda işləyirik.
Tərtər pambıq zavodunun Ağdamda nümayəndəliyi var. Müqaviləni onlarla bağlamışıq, istehsal etdiyimiz malı birbaşa Tərtər pambıq zavoduna veririk. 7 hektar pambıq sahəm var. Artezianımız yoxdur. Məcburən pambıq sahəsini pulla suvartdırırıq. Bununla bağlı dəfələrlə Ağdam rayon İcra Hakimiyyətinin başçısı Raqub Məmmədova müraciət etmişəm, ancaq heç bir köməklik olmayıb.
Hal-hazırda pambığın 2,5 hektarını yığıb, 5 tonunu Tərtər pambıq zavoduna vermişəm. Tərtər pambıq zavodu məhsulu istədiyi kimi heçə çıxardır. Pambığın 12%-ni nəmlik adı ilə, istədikləri qədərini isə zibil adı ilə ümumi çəkidən çıxarıb qəbul edirlər. Hazırda 4 hektar yığılmamış pambığım var, ancaq yığmıram. Bu vaxt pambıq çoxdan yığılıb qurtarmalı idi, ancaq yığmırıq. 43 dərəcə istidə pambıq becərmişəm, indi baxıram ki, zavoda işləyirəm. Pambıq zavodu çox şişirdilmiş qiymət qoyub, belə çıxır ki, hektara 22 sentner pambıq verməliyəm ki, zavodun borcunu ödəyim.
Tərtər pambıq zavodu 6 manata olan gübrəni 8 manatla hesablayır, 14 manata olan malalamanı 20 manata edir, 27 manata olan əkini isə 31 manata rəsmiləşdirib. Ən pisi isə lazım olmayan dərmanlar vurublar və özü də çox baha qiymətə. Sifarişçi mənəm, ancaq mənim sifariş vermədiyim dərmanları gətirib vurublar pambığa və 7 hektar pambıq sahəsinə 1500 manat dərman pulu yazıblar. Mən hər hektara nə qədər pambıq verməliyəm ki, zavodun borcunu ödəyim? Sahibkar kimi 40-50 hektar pambıq əkmək istəyirdim, ancaq bu vəziyyəti görəndən sonra bir də pambıq əkərəm? Niyə əkməliyəm axı? Hazırda 7 hektar pambıq üçün torpaq şumlatdırmışam, lakin onu pambıq üçün istifadə etməyəcəm. Mən nəyə görə pambıq zavodlarına işləməliyəm?"
Fermer bildirir ki, pambıq suvarmasının pulunu evdəkilərin pensiyası hesabına verib. Fəhlələrə isə borclu qalıb:
"görə pambığı pulla suvarmalıyam? Budur pambıqçılığa maraq yaratmaq? Axı ölkə prezidenti belə demir. Ölkə prezidenti Sabirabad, Salyan müşavirəsində dedi ki, yaxşı pambıq becərənlərə mükafat da vermək olar. Ancaq Tərtər pambıq zavodunun bizə verdiyi mükafat budur".
Şahmar Rzayev bildirir ki, Tərtər pambıq zavodu ilə müqaviləyə əsasən, 1 hektara 700 manat xərc qoyulmalı idi. Bunu pul şəklində 70 manat almışam. 700 manat pulu isə adıma rəsmiləşdiriblər:
"Baş verən soyğunçuluqla bağlı icra başçısına, kənd təsərrüfatı nazirinə müraciət etmişəm heç bir nəticə yoxdur. Ölkə prezidenti bu il üçün Ağdam rayonuna 18 artezian qoyusunun vurulacağını bildirib. Bu bizə çox böyük köməkdir. Gəlin görək 18 artezian quyusu hara vurulub? 50 hektar torpağım var, su tapmıram, ancaq icra başçısına sərf edən yerlərdə artezianlar yan-yana vurulub. Məmurlar prezidentə niyə yanlış məlumat verirlər, anlamıram".
Baş verən haqsızlıqlarla bağlı prezidentə müraciət edən fermer icra başçısı tərəfindən həbslə hədələnir
Şahmar Rzayev bildirir ki, Ağdamda baş verən bu haqsızlıqla bağlı prezidentə müraciət etmişəm. Müraciətlərdən sonra, 2 həftə əvvəl icra başçısı Raqub Məmmədov məni hədələdi ki, səni həbs etdirəcəm:
"Mən vətən xaini deyiləm. Prezidentin səlahiyyətli nümayəndəsi icra başçısıdır. 4 dəfə ona müraciət etdim, məni qəbul etmədi. Məcbur oldum, prezidentə müraciət etdim. İcra başçısı bundan xəbər tutan kimi məni həbslə hədələməyə başlayıb. Rayon rəhbərliyi məni qəbul etsə, ölkə başısını niyə narahat edirəm?"
itirməyən fermer deyir ki, şişirdilmiş qiymətlər olmasa, su ilə təmin etsələr 50 hektar pambıq əkərəm:
Bu gün pambıq əkmək bizə sərf edir. Həm özümüz qazana bilərik, həm də kəndli. Pambıqçılıq bizim üçün də sərfəlidir, ancaq normal qiymətə alsalar".
Sarıcalı kəndindəki pambıq sahələrindən ayrılıb digər sahələrə gedirik. Heç bir yerdə yığım getmir. Bəzi sahələrdə isə fermerlər pambığı yığdırmaq yerinə sahələrə heyvanları buraxıblar. Özləri qazanmır, heç olmasa heyvanlar qazansın, lakin zavod qazanmasın deyirlər.
Pambıq yığımına kəndli marağı yox dərəcəsindədir. Səbəb isə pambığın 1 kq-nın 10 qəpiyə yığılmasıdır. Pambıq dünya bazarında kiloqramla deyil, paundla satılır. 1 kq pambıq isə 2,2 paunda bərabərdir. Dünya bazarında isə pambığın 1 paundu 70-80 sent arası dəyişir. 1 kq pambığı 70 sentdən hesablayanda 1 dollar 54 sent edir. Bunun qarşılığında isə fəhləyə 10 qəpik verirlər. Zavodlarımız pambıqçılığı inkişaf elətdirmək üçün quldarlıq quruluşu qurub, quldurluqla məşğuldur.
Redaksiya: Məqalədə adları keçən zavod və şəxslərin mövqeyini dərc etməyə hazırıq.