Karusel / Slayd (7-09-2016, 14:25)
BSU nin dünəni və bu günü-ÖZƏL
Bu il Slavyan Universitetinə qəbul olunanların sayında ötən illə müqayisədə 10 faiz artımın müşahidə olunmasını Universitetin yeni rektorunun imici ilə əlaqələndirənlər haqdlıdırlar. Həqiqətən də Nurlana Əliyeva Bakı Pedoqoji Kollecinə rəhbərlik edəndə həmin orta ixtisas məktəbinə maraq yüksək idi. Kolleci ali məktəblərlə müqayisə edirdilər. Məzunları isə kamil insan kimi həyata, bacarıqlı mütəxəssis kimi pedaqoji fəaliyyətə hazır olurdular. BSU-nə builki qəbulun göstəricilərinin yüksəlməsində Nurlana Əliyevanın əlbəttə ki, rəhbərlik səriştəsinin, təşkilatçılıq məharətinin, menecerlik qabiliyyətinin də əhəmiyyətli rolu olmuşdur. Yeni rektor Universitetin reklam işini mükəmməl səviyyədə quraraq, 4 telekanalda təbliğinə nail oldu ki, bu da öz təsirini göstərməyə bilməzdi. Onun təşəbbüsü ilə universitetin fasadındakı yarım əsrdən qalma mozaikanın sökülməsi də əslində həmişə olduğu kimi daim yeniliyə can atmasının təzahürü idi. Əminliklə qeyd etmək olar ki, bu təşəbbüs Universitetdə oxuyan və bu ildən oxumağa qərar verən tələbələrin baxış bucağından nəzər yetirəndə alqışa layiq addımdı. Çünki onlar gəncdirlər. .Amma köhnəliyin tərəfdarlarının, köhnə mövqeyini itirənlərin rakursundan baxanda isə... Təcrübəli rektorun təravətli fikirlərini vəzifələri əllərindən çıxmış "ağsaqqallar" həzm edə bilməsələr də, gənclər dəstəkləməlidirlər. Dəstəkləyirlər də. Bu həqiqətə inanmayanlar tələbə gənclərin özlərindən soruşa bilərlər. Məhz elə həmin o köhnə prizmadan baxanların sifarişini yerinə yetirən bəzi kütləvi informasiya vasitələri mozaikaların sökülməsi məsələsinin guya ictimai narazılıq doğurması barədə yazılar dərc edib Nurlana Əliyevanı tənqid etdilər. Öyrənmədilər, öyrənməyə həvəs də göstərmədilər ki, bu məsələ universitetdə təhsil nazirinin razılığı ilə aparılması qərara alınan əsaslı təmir işləri ilə birgə başlayıb. Yazmadılar, yazmağa həvəs göstərmədilər ki, Nurlana Əliyeva bu universitetə rektor təyin olunduğu birinci gündən etibarən proqram tutulub və həmin plan üzrə ilk günlərdə universitetin həyətində ciddi ehtiyac olan 50 tonluq su anbarı inşa edilib. Təcili şəkildə kitabxanaya, arxivə, yeməkxanaya, akt zalına, foyeyə havalandırma sistemi qoyulub. Bütün otaqlara wi fi sistemi çəkilib. İstilik sistemi yaradılıb. Kanalizasiya sistemi kökündən dəyişdirilib. Universitetə ağıllı lövhələr, kompüterlər, noutbuklar, planşetlər, kondisionerlər alındı. İlin sonuna qədər universitetin tam texnoloji avadanlıqlarla təchiz olunması nəzərdə tutulub. 90-cı illərdən qalmış, paslanmış partalar yenisi ilə əvəzlənib. 200 nəfərlik yeməkxana yenidən qurulur. 16 ədəd yanğına qarşı şitlər, 116 ədəd müşahidə kamerası, 7 turniket quraşdırılıb.Tualetlərin hamısı başdan-başa təzələnib. Bütün otaqlar hamısı təmir olunub. Nurlana xanım bu yaxınlarda "Qafqazinfo"ya verdiyi müsahibəsində mozaika məsələsinə aydınlıq gətirib: "Mozaikaya bizim dünya ədəbiyyatına daxil olan 6 şəxsiyyətin şəkli həkk olumuşdu. Nizami Gəncəvi, Nəsimi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov. Bu şəxsiyyətlərə nəinki etinasız yanaşmaq, o sözü dilə gətirmək belə günahdır. Onlar bizim millətin sərvətidir. Onlar millətin yaratdıqlarının fövqündə duran şəxsiyyətlərdir. Mən bunların hamısının fərqinə varıram və gözəl anlayıram. O şəxsiyyətlərin yaradıcılığını da 95 faiz əzbər bilirəm. Milli sərvətlərimizə hörmət insanın daxilində, beynində yaşamalıdır. Amma vaxtilə hər hansı sənətkarın çox böyük əziyyətlər bahasına, həm də universitetin xərci bahasına tikdirdiyi o mozaika artıq 46 il idi ki, o divara həkk olunmuşdu. Bu 46 ildə ultrabənövşəyi şüalar, yağış, qar, isti, soyuq hamısı onun üstünə vurmuşdu. Onun görünmə səviyyəsi solğunlaşmışdı, əhəmiyyətini itirmişdi. Hətta bizim dəvətimizlə Mədəniyyət Nazirliyinin Tarixi abidələrin bərpası, qorunması Xidmətindən gəlmiş mütəxəssislər dedilər ki, onun arxasındakı kərpicin içi boşaldılmış kərpicdir. Nə yaxşı ki, uzun illər bu mozaikanı saxlaya bilib. Çox təəccüblüdür. Şəkillərini də çəkmişik. Onu təzədən bərpa etmək o demək idi ki, orada drellə işlər getməli idi. Halbuki dreli bir dəfə ora vuran kimi hamısı yerə töküləcəkdi. Bir dəfə tələbəmizin başına ordan qəlpə də düşüb.Yenisini quraşdırmaq da mümkün deyildi. İndi göstərdiyim kimi universitetin fasadı şərq üslubunda olacaq. Mozaikalar XX əsrdə dəbdə idi. Uşaq bağçalarına, avtobus dayanacaqlarına, lagerlərə vururdular. O vaxt dəbdə idi. Bu gün bu mozaikanı bu qədər şişirtməyin ona görə mənası yoxdur ki, nə bu bina tarixi abidədir, nə də mozaika bədii əhəmiyyət kəsb edirdi. O mozaika ona görə qiymətli idi ki, orada dühaların şəkli var idi. Mozaikanın özünün isə bir sənət əsəri kimi böyük əhəmiyyət kəsb etdiyini deyə bilmərik". Rektor aidiyyati qurumların məsələyə rəsmi münasibətini ortaya qoyan cavab məktublarını da açıqlayıb: "Mədəniyyət Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinə ünvanladığımız məktuba gələn cavabı oxuyum: “Hörmətli Nurlana xanım, məktubunuza baxıldı. Bildiririk ki, Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən Bakı Slavyan Universitetinin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülməyib.”İkinci məktubda isə yazılır ki, “Bakı Slavyan Universitetinin fasadında quraşdırılmış mozaika panosunun dəyərləndirilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi haqqında məktubunuza Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətində baxıldı. Məktubda qaldırılmış məsələ ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etməyiniz məqsədəuyğundur”. Yəni Xidmət rəy verdi, indi akademiyaya müraciət olunmalıdır. Akademiyadan gələn cavab məktubunda bildirilir ki , “Qeyd edilən ünvanda yerləşən BSU-nun üzərində olan 1972 - ci ilə aid pano mozaikası ilə bağlı məktuba akademiyada baxılmışdır.1972-ci ilə aid olan pano mozaikası daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülməmişdir”. Və nəhayət Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız məktuba gələn cavabda bildirilir ki, “Universitet binasının fasadında olan mozaikanın sökülüb yerində yeni fasadın qurulmasına etiraz etmirik”. Daha bundan başqa nə ola bilər ? Bütün icazələr alınandan sonra sökülmə prosesinə başlanılıb. Əslində mən bu işi görməmişdən əvvəl bir məqsədim olub. Bakı Slavyan Universiteti qapısından tutmuş ta sonuncu mərtəbəyə qədər müasir tələbləri özündə ehtiva edən təhsil müəssisəsinə çevrilsin. Yəni əgər mənim mozaikanı sökəndən sonra onun yerində planlaşdırdığımız və dizaynerin verdiyi təsdiq olunmuş fasad ətrafda insanların zövqünə oxşayacaq bir şəkildə olacaqsa, mən burada hər hansı problem görmürəm". Doğru buyurur Nurlana Əliyeva. Bu məsələdə problem yoxdur. Problem ondadır ki, həmin tənqidi yazılar şüur səviyyəsi 1972-ci ildə ilişib qalanların sifarişi ilə yazılıb. Nurlana Əliyeva hazırda universitetin müxtəlif dövlət qurumlarına - suya, işığa, gəlir vergisinə, telefon qovşağına, dizenfeksiya idarəsinə, kommunal xidmətlər idarəsinə, “Azəristiliktəchizat” a və.s qurumlara ümumilikdə 318 min 962 min manat borcu olduğunu da xatırladıb və universitetin ştat cədvəlində xeyli sayda "ölü canlar" olduğunu dilə gətirib. Əlbəttə, həmin ştatların ləğv olunması müəssisənin maliyyə vəziyyətinə müsbət təsir göstərə bilər. O da təxmin olunandır ki, həmin "ölü canlar" haram qazanclarını itirməməkçün KİV-ə dezinformasiyalar da ötürə bilərlər. Nurlana xanımın Azərbaycan üçün çox dəyərli elmi əsərləri var. Sözü gedən alimimiz dahi ədəbiyyatçılarımızın əksəriyyətinin əsərlərini əzbər bilir və layiqincə onları təbliğ edir. Milli sərvətlərimizin ən ağıllı təbliğarçısı və təşviqatçısıdır. Nurlana xanım vətənpərvər, ziyalı, alim, pedaqoq və nəhayət azərbaycan xanımıdır .Zaman hər şeyi yoluna qoyacaq. Xalqın gözü tərəzidir. Əmin olmağa dəyər ki, BSU - da yenilənmə özünü tezliklə təhsilin keyfiyyətində də göstərəcək, "Şöhrət" ordenli Nurlana Əliyeva öz şöhrətini rəhbərlik etdiyi ali təhsil müəssisəsi ilə də bölüşəcək.
Əfqan Bəhluloğlu
Mediatv.az